adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Yanvar 2019 19:21
38652
LAYİHƏ
A- A+

Otuziki eli

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Xatırladırıq ki, bu illərdə Azərbaycanın ən iri bəylərbəyliklərindən biri Gəncə-Qarabağ bəylərbəyliyi idi ki, onu da Qacar soyundan olan Ziyadoğlu idarə edirdi. Nadir xanın şah seçilməsi məsələsində Ziyadoğlu Nadir xanı yox, Səfəviləri qanuni şah kimi tanıdığı üçün Nadir şah əvvəlcə bu bəylərbəyliyin hüquq və səlahiyyətlərini azaltdı. Ziyadoğluların əsas dayağı olan Cavanşir, Otuziki, Kəbirli mahalları da seçki zamanı Nadir xanın əleyhinə gedərək onu dəstəkləmədilər. Bu isə onlara baha başa gəldi. XİX əsrin Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy yazır: "Beləliklə, Gəncə xanları tamamilə öz hüquq və səlahiyyətlərindən mərhum oldular. Hakimiyyətin cilovu onların əlindən düşdü və onlar qanadı sınmış quş vəziyyətində qaldılar". ("Qarabağnamələr", (2-ci kitab), Bakı, Yazıçı, 1991. səh.423)
Nadir şah bu mahalların əhalisinndən yaxşıca intiqam aldı. Əsasən Qarabağda yaşayan Otuzikilər Nadirin şah seçilməsi əleyhinə çıxan Gəncə bəylərbəyləri Ziyadoğlularının qohumu olan digər tayfalarla birlikdə Xorasanın Sərxəs vilayətinə köçürüldü.
"Qarabağnamələr"də yazılır ki, Nadir şah iki əsrdən artıq mövcud olmuş Qarabağ bəylərbəyliyinə divan tutdu. Buna görə də qarabağlıların bir qismi öz torpaqlarından Əfqanıstan sərhədlərinə köçürüldü. Bu qanlı cinayətə səbəb erməni xəmsə məliklərinin təşəbbüsü və Nadir şahın Qarabağda ağılsız hərəkəti idi. ("Qarabağnamələr", (2-ci kitab), Bakı, Yazıçı, 1991. səh.423)
Nadir şah 1744-cü ildə Qazax və Borçalı mahallarını Gürcüstan valisi Səfi xanın idarəsinə verdi, Qarabağdakı 5 məlikliyi isə birbaşa şah idarəçiliyinə tabe etdi. Nadir şah mərkəzləşdirmə siyasəti yeritmiş, Əfqanıstana, Şimali Hindistana və s. yerlərə yürüşlər etmiş, Dehlini tutmuş (1739), istilaçı müharibələr nəticəsində böyük dövlət yaratmışdı.
Nadir şahın dövründə Azərbaycanın ərazisi də İran dövlətinə daxil edilmişdi. Müharibələrin xərcini ödəmək üçün Nadir şah ağır iqtisadi siyasət yeritmiş, daima artan vergilərin miqdarını artırmışdı ki, bu zəhmətkeş əhalinin geniş narazılığına səbəb olmuşdu.
Azərbaycanda Nadir şahın əleyhinə bir neçə dəfə Şəkidə, Car vilayətində, Şirvanda və s. yerlərdə üsyan qalxmış, onun cəza qoşununa ciddi müqavimət göstərilmişdir.
1747-ci ildə Nadir şah sui-qəsd nəticəsində öldürülmüşdür. Nadir şahın zülümü Azərbaycan xalqının istiqlaliyyət mübarizəsinə səbəb oldu. Nadir şahın ölümündən sonra onun yaratdığı imperatorluğun dağılması ölkəmizdə siyasi parçalanmaya gətirib çıxardı. Bunun nəticəsində Azərbaycanın ayrı-ayrı bölgələri arasında iqtisadi əlaqələr zəiflədi, bəzi hallarda hətta pozuldu, ali zümrənin ayrı -ayrı nümayəndələrinin mərkəzdənqaçma meylləri gücləndi ki, bu da Azərbaycanda müstəqil və yarımmüstəqil dövlətlər olan xanlıqların yaranması ilə nəticələndi.
Azərbaycanın cənubdakı torpaqlarında Təbriz, Urmiya, Xoy, Ərdəbil, Qaradağ, Sərab, Marağa, Maku, şimal torpaqlarında Qarabağ, Şəki, Şamaxı, Gəncə, Bakı, Dərbənd, Quba, Lənkəran, Naxçıvan xanlıqları, habelə İlisu, Qəbələ, Ərəş, Qazax, Şəmsəddil sultanlıqları, Car-Balakən camaatlığı meydana gəldi.
Bu xanlıqlar içərisində Azərbaycanın ictimai-siyasi, mədəni, iqtisadi həyatında mühüm rol oynayan, siyasi-iqtisadi, strateji əhəmiyyətinə görə Qarabağ xanlığının yaranması böyük əhəmiyyət kəsb edirdi. Qarabağ xanlığı XVIII əsrin ikinci yarısında yaranmışdır. Yarandığı gündən müstəqil olmuş və kiçik dövlət qurumu kimi sərbəst fəaliyyətə başlamışdır. Qısa müddətdə tərəqqi tapmış, digər siyasi opponentləri arasında ciddi xanlıq kimi tanınmışdır. Qarabağ xanlığının yaranma məqamı Pənahəli xanla bağlıdır. Qarabağ xanlığı 25 mahalı əhatə edirdi və onlardan biri də Otuziki mahalı idi. Xanlığın mərkəzi Şuşa şəhəri idi. Pənahəli xan Nadir şahın qəzəbinə tuş gələrək Xorasana köçürülmüş Cavanşir, Otuziki, Kəbirli və başqa elləri öz əvvəlki yurdlarında yerləşdirdi.
"Pənahəli xanın qəhrəmanlığı və ədaləti bütün Zaqafqaziyaya yayıldı digər qonşu xalqlardan da onun ətrafında toplaşmağa başladılar. Əhməd bəy Cavanşir yazır ki, Pənahəli xanın hakimiyyəti dövründə və bunadn bir qədər sonra Gürcüstandan və digər qonşu xalqlardan Püsyan, Qaraçarlı, Çinli, Dəmirçihəsənli, Qızıl Hacılı, Səfi-Kürd, Boy-Əhmədli, Saatlı, Kəngərli tayfaları köçüb gəldilər" . ("Qarabağnamələr", (2-ci kitab), Bakı, Yazıçı, 1991. səh.434)
Qarabağ xanlığının təşəkkül tarixini öyrənmək üçün ən etibarlı mənbələrdən olan "Qarabağnamələr"də Qarabağ xanlığının yaranması, təşəkkül tapmasını şərtləndirən ictimai-siyasi amillər ön plana çəkilir.
Pənahəli xan hakimiyyətinin ilk illərində yeni şəhər və kəndlər salmağa xüsusi əhəmiyyət verirdi. 1750-ci ildə Azərbaycanın şöhrəti olan Şuşa şəhərinin salınması məhz onun adı ilə bağlıdır. Qarabağ xanları qədim Beyləqan ətrafında olan arxların bərpasına böyük əhəmiyyət verirdilər. Mirzə Camal Cavanşir Qarabaği yazır: "Pənah xan İbrahim xanın hökmranlığının ilk illərində bu arxlardan istifadə olunur və xanlar onlardan gəlir əldə edirdilər. Arxların adı belədir: Kürək arxı, Luvar arxı, Mehmanə arxı, Gəmiçi arxı, Sarı arx, Ayaz arxı, Taşqay arxı, Xan arxı" (Mirzə Camal Cavanşir Qarabaği, "Qarabağ tarixi", səh.13)
Pənahəli xan Sarıcalı Otuziki elini hakimiyyəti yaxın buraxmaq istəmədi. Otuzikilər Cavanşirlərlə birləşib, Xəmsə məlikləri ilə danışığa getdilər və Pənahəli xanı aradan götürmək üçün Şəki hakimi Hacı Çələbini Qarabağa dəvət etdilər. Onların gözlədiklərinin əksi oldu. Çoxsaylı qoşunla Qarabağa gələn Hacı Çələbi yenilib geri qayıtdı.
Pənahəli xan Sarıcalıya qarşı çıxan Otuziki elinə Məhəmmədəli xan Bayəhmədli başçılıq edirdi. 1749-cu ildə birləşmiş qoşunlar yenidən Qarabağa gəlir. Pənahəli xan bu dəfə duruş gətirməyib qaçır. Məhəmmədəli xan ondan ayrılıb Hacı Çələbinin yanına yollanır. Hacı Çələbi fərmanla Məhəmmədəli xanı Qarabağa hakim təyin edir. Lakin hakimlik etmək ona nəsib olmur. Pənahəli xan tərəfindən məğlub olub, güney Azərbaycana keçir. Bundan sonra Otuziki eli Pənahəli xana tabe olur. Xan da bu eli əski yurdiunda yerləşdirir. Otuziki elinin yerləşdiyi bölgə sonradan Otuziki mahalı adlanır. İlkin çağlarda mahalı el içindən çıxan naiblər, minbaşılar idarə edirdilər. Otuzikilər Qarabağ tarixində mühüm rol oynayan ellərdən biridir.

Faiq Şükürbəyli,
tədqiqatçı-etnoqraf

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ