TüRKiYƏDƏN iLHAM ƏLiYEVƏ BÖYüK DƏSTƏK

AQİL ABBAS
30126 | 2009-04-09 10:55
Rəcəb Tayyib Ərdoğanın apardığı səhv siyasət nəçticəsində dağılmaqda olan Türkiyənin, daha dəqiq desək, Türkiyənin iqtidarının Azərbaycana xəyanət etməsi təkcə ölkəmizdə deyil, qardaş Türkiyədə də çox böyük etirazlara səbəb olub. Neçə gündür ki, Türkiyənin dövlətçiliyə, millətə və türklüyə sədaqətli kanallarında bu ölkənin məşhur siyasətçiləri, alimləri, aydınları (bunlar Türkiyədə çox deyil, barmaqla sayılasıdır: "Avrasiya", "Bengütürk", "SKY", "Kanal-B", "Səs" və daha bir-iki kanal) Ərdoğanın Ermənistanla sərhədlərinin açılması ilə bağlı və ümumiyyətlə, Ermənistanla bağlı siyasətinə qəti etirazlarını bildirərək bunu Azərbaycana xəyanət kimi dəyərləndirirlər.
   
   Məsələn, srağagün "Avrasiya"nın "Xəbər masası" proqramında çıxış eləyən Qazi Universitetinin professoru Heydər Çakmak çox qəribə bir misal çəkdi. Dedi ki: "Ata Əliyev və oğul Əliyev dünyanın ən qüdrətli dövlətlərindən biri olan Rusiyanın bütün təpkilərinə, bütün təzyiqlərinə baxmayaraq Türkiyəni seçdi, həm Bakı-Ceyhan məsələsində, həm Bakı-Ərzurum qaz kəməri məsələsində, həm Bakı-Qars dəmiryolu məsələsində, eləcə də NABUKKO-da, amma möhtəşəm Türk dövləti ölkəcik olan Ermənistanın təpkilərinin qabağında davam gətirə bilmədi".
   
   Qazi Universitetinin başqa bir professoru Həsən Ünal "Kanal-B"dəki "Gözləm" proqramında daha sərt danışdı. Bildirdi ki, Ərdoğan Azərbaycanın cümhurbaşkanı İlham Əliyevi kürəyindən bıçaqladı. Bunu bizə heç kim bağışlamaz. Verilişin digər iştirakçısı, İqtisadiyyatdan Sorumlu əski dövlət naziri Üfüq Söyləməz də dedi ki, bu, qardaş Azərbaycana bir xəyanətdir. Həsən bəy yenə çox qəribə bir ifadə işlətdi. Söylədi ki, Azərbaycan bizim qardaşımız deyil, kəndimizdir. Türkiyə öz kəndinə xəyanət etdi, Heydər Əliyev deyir ki, bir millət, iki dövlətik, bir millətin bir dövləti başqa bir dövlətinə xəyanət elədi. Professor söylədi ki, Azərbaycan regionda parlayan bir ulduzdur və sürətlə inkişaf edən bir dövlətdir və biz özümüzü Azərbaycanda elə Türkiyədəki kimi hiss edirik, evimizdəki kimi hiss edirik, Azərbaycan Türkiyə üçün hər şey etdi, bəs Türkiyə nə etdi?!
   
   CHP-nin başkanı Dəniz Baykal, MHP-nin başkanı Dövlət Baxçalı da Azərbaycanla bağlı çox böyük narahatçılıq keçirdiklərini söylədilər və bunun yolverilməz olduğunu dedilər. Dəniz Baykal: "Biz Ermənistanla dost ola biləcəyikmi, bu bir sözdür, amma Azərbaycanı küsdürdük".
   
   Və Azərbaycan prezidenti İlham Əliyevin Ərdoğanın, Hillari Klintonun xahişlərinə baxmayaraq, İstanbuldakı Mədəniyyətlər İttifaqı Forumunda iştirakından imtina etməsini də türk siyasətçiləri, elm adamları və aydınları düzgün addım kimi qiymətləndirirlər və möhtərəm prezidentimizi haqlı sayırlar.
   
   Professor Həsən Ünalın bir sözünü də oxuculara çatdırım. Dedi ki, Türkiyə Azərbaycana xəyanət etməklə təkcə Azərbaycanda deyil, bütün dünyada nüfuzunu itirdi. Bildirdi ki, sabah Türkiyə hansı bir dövlətə zəmanət vermək istəsə belə bir cavab alacaq ki, sən öz qardaşına, öz kəndinə xəyanət elədin, mən sənə necə inana bilərəm?
   
   Bəli, Ərdoğanın səhv siyasəti Türkiyəni yerindən oynatdı. Və Türkiyə abisi, daha dəqiq desək, sahibi ABŞ-ın sözü ilə Ermənistanla sərhədləri açarsa türk xalqının buna biganə qalmayacağı gün işığı kimi aydındır. Bu hətta iqtidarla millətin iç savaşına çevrilə bilər.
   
   Gör Türkiyə nə günə qalıb ki, 3 milyonluq bir ölkəcik olan Ermənistanın xarici işlər naziri Nalbandyan Türkiyəyə meydan oxuyaraq deyir: "Türkiyə sərhədin açılışında heç bir ön şərt qoya bilməz".
   
   Gəl ay Atatürk, gorun çatlasın! Gör sənin Türkiyəni nə günə qoydular.
   
   Türkiyənin çox ağır günüdür, biz Azərbaycan həmişə Türkiyənin ən ağır günlərində ona dayaq olduğumuz kimi, bu gün də millətimizin ikinci dövlətinə dayaq durmalıyıq. Dayaq durmalıyıq ki, Türkiyə bu siyasi böhrandan çıxa bilsin.
   
   Türkiyə ilə Azərbaycan ətlə dırnaq kimidir, araya girən və girmək istəyən kimliyindən asılı olmayaraq iylənib çıxar və yəqin ki, çıxacaq da.
   
   Tanrı Türkiyəni qorusun! Çünki Türkiyə artıq özü-özünü qoruya bilmir!
   
   

TƏQVİM / ARXİV