adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Yanvar 2019 17:27
15449
DÜNYA
A- A+

Hulusi Akardan Vaşinqtona cavab: “Hədəfimiz kürdlər deyil”

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın Türkiyəni kürdlərlə müharibədə ittiham etməsinə cavab olaraq bəyan edib ki, PKK/YPG terror təşkilatları əsla kürdlərin nümayəndələri ola bilməzlər.

Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Akar PKK/YPG-nin regionda təhlükəsizlik və sabitliyə təhdid törətdiklərini və başda kürdlər olmaqla, suriyalı qaçqınların öz doğma torpaqlarına geri dönmələrinə əngəl yaratdıqlarını deyib.

"Türkiyə Silahlı Qüvvələrinin mübarizəsi yüz illərdir eyni coğrafiyanı və çörəyi paylaşdığımız kürd qardaşlarımızla deyil. Bizim mübarizəmiz bölgədə başda kürd, ərəb və türkmən qardaşlarımız olmaqla, bütün etnik və dini icmalar üçün təhdid olan PKK/YPG və İŞİD terrorçuları ilədir”, - deyə türkiyəli nazir vurğulayıb.

Qeyd edək ki, bu gün Ankaraya səfər edəcək ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton bəyan edib ki, Türkiyə hakimiyyətindən kürdlərə hücum etməyəcəklərinə dair zəmanət almayanadək ABŞ qoşunları Suriyanı tərk etməyəcək.