adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Yanvar 2019 12:32
10590
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: SAHİBSİZ İTLƏRƏ SAHİB ÇIXAN TAPILACAQMI?

Deyirlər ki, it, at və bir də arvad insana çox vəfalıdır. Yəni çətin gündə ən yaxın adamlar kimisə atıb gedəndə it, at və arvad həmin adamın yanından heç vaxt uzaqlaşmır. Uzaqlaşmır ki, onun sahibi xəstəlikdən sağalsın və ayağa qalxsın. Sahibini ayağa durmuş görəndə bu canlılar bir qədər sakitləşir və rahat olurlar...

Amma heç də hər it insana sədaqətli olmur. Yəni it var ki, bir də görürsən arxadan sənə cumdu və baldırından yapışdı. Bir dəfə uşaq vaxtı qonşumuzun həyətinə keçmişdim, onlara anamın verdiyi payı aparırdım. Sən demə, həmişə zəncirə bağlı olan itsə bu dəfə açıq imiş. Arxadan mənə cumdu, ha eləyib çevrilənə qədər baldırımdan yapışdı. Səs-küyə qonşu Abbas kişi çıxdı, ağacı götürüb baldırımdan yapışmış itə bir-iki dəfə çəkdi. İt bundan sonra məndən uzaqlaşdı. Ancaq iş-işdən keçmişdi. Təcili məni kənd xəstəxanasına apardılar, baş həkim rəhmətlik Hidayət dayım elə özü məni müayinə etdi, yaramı sarıdı və quduzluğa qarşı iynə vurdu.

Sözümün canı ondan ibarətdir ki, bu gün Bakı şəhərində nə qədər desən sahibsiz itlər var. Və bu sahibsiz itlər də hər il onlarla insanı tutur. Təsadüfi deyil ki, vaxtında həkimə müraciət etməyən adamlar sonradan dünyalarını da dəyişiblər. Ona görə də əksər it tutan adamlar həkimə müraciət ediblər və həkim də onlara ilkin tibbi yardımı göstərməklə quduzluğa qarşı iynə də vurub. Bu davamlı müalicədən sonra it tutmuş adamların durumu yaxşılaşıb.

Redaksiyamıza Bakının Suraxanı rayon, Hövsan qəsəbəsindən bir neçə sakin zəng edib dedilər ki, bəs burda sahibsiz itlərin əlindən tərpənmək mümkün deyil. Biz məlumatın nə dərəcədə düzgün olub-olmamasını dəqiqləşdirmək üçün həmin yaşayış massivinə yollandıq. Redaksiyamıza zəng etmiş Nadir Məmmədov bildirdi ki, artıq neçə illərdir sahibsiz itlərin əlindən lap boğaza yığılmışıq. Elə söhbətimizin şirin yerində nə az, nə çox yeddi-səkkiz sahibsiz it bizim yanımızdan keçib qonşu binaya tərəf getdi. Bu vaxt itləri görən uşaqlar qaçıb binanın bloklarına, ordan da evlərinə girdilər. Tay bizim Nadir Məmmədovla söhbət etməyimizə bir o qədər də ehtiyac qalmadı. Çünkü görünən kəndə nə bələdçi?

Həmin binanın sakinlərindən olan Nazilə Məmmədova bizim sahibsiz itlərlə bağlı jurnalist araşdırması apardığımızı görüb dərdi açıldı, nə açıldı. Dedi ki, qardaş, o gün səhər-səhər işə gedirdim. Nə yaxşı ki, blokun qapısı var. Qapını açmaq istəyəndə nə görsəm yaxşıdı? Gördüm ki, 10-12 it blokun ağzında o yan-bu yana gedir. Nə yaxşı qapını tez bağlaya bildim. Yoxsa itlər üstümə cumub məni parçalaya bilərdi. Qonşuları köməyə çağırandan sonra iki cavan oğlan əlinə ağac götürüb onları blokun ağzından uzaqlaşdırdılar. Əgər əllərində ağac olmasaydı, it onları tuta bilərdi. Hətta ağac ola-ola itlərdən bəzisi onların üstünə cummağı belə unutmurdu. Bir təhər Allah kömək olmuş o iki cavan, itləri qovdu və mən də blokdan çıxıb işə getdim. Axşamlar bu itlərin əlindən evdə yatmaq mümkün deyil. Ağız-ağıza verirlər, hürməyə başlayırlar. Gəl indi yat görüm necə yatırsan. Səhərə qədər itlərin ulaşmasının səsi eşidilir.

Hətta biz Hövsandakı məşhur parkda olanda uşaqları yanında gəzməyə gələn bir neçə xanım itlərin bura gəlib çıxdığını bildirdilər. Onlar dedilər ki, parkda da bu itlərin əlindən dinclik tapa bilmirik. Yeddi yaşlı Gülpəri Əhmədova anasına sığınb itdən qorxduğunu bizə dedi. Dedi ki, anamla parka gəlmişəm, amma burda da itləri görürəm. Anam olmasa, burda qorxumdan bir dəqiqə də dura bulmərəm. O gün parkda rəfiqələrim oynayanda bu itlər onların üstünə cumub, uşaqlar qorxub. Həmin hadisədən sonra tay qorxumdan parka tək gəlmirəm. Anama qoşulub gəlirəm.

Bakının çox yerində sahibsiz itlərlə üzləşmək olar. Ancaq Hövsanda olduğu kumu sahibsiz itlər heç yanda yoxdur. Düzdür, Yeni Günəşlidə də bu cür sahibsiz itlər kifayət qədərdir. Yəni Yeni Günəşlidə bir dəfədə 6-7 sahibsiz it o yan- bu yana qaçırsa, Hövsanda ondan çox it görə bilərsən.


Son vaxtlar sahibsiz itlərin peyvənd edilməsi ilə bağlı Bakı şəhərində müəyyən addımlar atılıb. Hətta həmin sahibsiz itlərin quduzluğa qarşı peyvəndindən sonra qulaqlarına birkalar da yapışdırılır. Yəni qulağında birka olan sahibsiz itlər qudurmuş və qorxulu itlər deyil. Amma gəlin onunla razılaşaq ki, Hövsanda və digər yaşayış sahələrində sürüylə gəzən itlər heç də hamısı quduzluğa qarşı peyvənd edilməyib.

Biz mövcud məsələylə əlaqədar Sahibsiz İtlərə Qarşı Mübarizə İdarəsi ilə də əlaqə yaratdıq. Ordan bildirdilər ki, tay əvvəllər olduğu kimi sahibsiz itləri güllə ilə vurmaq hüququmuz yoxdur. Sadəcə olaraq, biz onları tor vasitəsilə tutur, maşına yığır, sonra aparıb adiyyəti qurumlara təhvil veririk. Orda bu itləri qapalı şəraitdə saxlamaqla peyvənd edirlər, qulaqlarına birka vururlar. Bundan sonra həmin itlər yenidən ətraf mühitə buraxılır.


İtlər nə qədər peyvənd edilsə də, amma onların arasında peyvənd edilməyənlər də var. Hövsandakı Mənzil İstismar Sahəsinin rəisi bildirdi ki, sahibsiz itlərlə bağlı bizdə də yetərincə məlumatlar var. Əhalinin təhlükəsizliyi üçün biz bu itlər barəsində davamlı olaraq əlaqədar qurumlara məlumatlar veririk. Onlar da imkanı daxilində sahibsiz itləri zərərsizləşdirirlər.

Göründüyü kimi, sahibsiz itlərlə bağlı əlaqədar qurumlar bacardıqları qədər bu işi yerinə yetirməyə cəhd edirlər. Ancaq reallıq isə bundan ibarətdir ki, yenə Hövsanda və digər yaşayış sahələrində çoxlu sayda sahibsiz itlər vardır. Görünür, mövcud problemin həlli üçün adiyyəti qurumlar yetərincə tədbir görə bilməyiblər.

Elə buna görə də Hövsanda bir çox binaların qarşısında sahibsiz itlər çoxalıb və sahibsiz itlər böyük təhlükə mənbəyinə çevriliblər. Çünki bu sahibsiz itlər hər an, hər dəqiqə kimisə tuta bilər. Ona görə də bütün sakinlərin bir arzusu var: görəsən, Hövsan qəsəbəsində sahibsiz itlərə sahib çıxanlar nə vaxt tapılacaq?! Əgər onlara sahib çıxanlar tezliklə tapılmasa, yazıq Hövsan camaatı, sahibsiz itlərlə bağlı hələ indən sonra çox qorxulu və vahiməli anlar yaşamağa məcbur olacaqlar.