VƏFA QULUZADƏYƏ BiR NEçƏ KƏLMƏ

AQİL ABBAS
34129 | 2009-04-07 00:33
Vəfa müəllimin "Azadlıq"a açıqlamasından belə çıxır ki, Türkiyə Ermənistanla sərhədi açarsa, Azərbaycanın Türkiyədən inciməyə haqqı yoxdur. Və bunu da belə əsaslandırır ki: "Ona qalsa gərək Azərbaycan İranla da mövqeyini sərtləşdirsin. Çünki İran Ermənistanla strateji əməkdaşlıq edir, ən yaxın tərəfdaşıdır...
   
   Ermənistana yanacaq verir, hər cür məhsullarla təmin edir. Amma Azərbaycan İrana güldən ağır söz deməyib. Hələ Rusiyanı demirəm. Azərbaycana tam məlumdur ki, Rusiya Ermənistana neçə milyardlıq silah verib. Ermənistanın hərbi müttəfiqidir. Bununla belə paytaxtımızda Rusiyanın müxtəlif mərkəzləri açılır. Rusiyaya dostluq hisslərini nümayiş etdirir. Əgər biz bu qədər prinsipialıqsa, onda Rusiya ilə İrana qarşı niyə olmuruq?"
   
   Azərbaycanın ən məşhur politoloqunun, ömrünün az qala hamısını siyasətdə keçirən bir şəxsin məsələyə belə bəsit yanaşması nədəndir görən? Doğrudanmı, Vəfa müəllim belə düşünür, yoxsa əmması var?! Doğrudanmı, bizim üçün Türkiyə ilə Rusiyanın və İranın heç bir fərqi yoxdur?! Doğrudanmı, türklər də bizim üçün ruslar və farslar qədər uzaqdır?! Biz Rusiyadan və İrandan tələb etmədiyimizi Türkiyədən də tələb etməməliyik?!
   
   Bəs Atatürk deyirdi: "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir". (Düzdür, bu dəqiqə Ərdoğan Atatürkü Türkiyədə Leninin gününə salıb. Amma bu ötəridi, Atatürk elə Atatürkdü, ərdoğanlar gəldi-gedərdi). Nə oldu indi sevincimiz bir oldu, dərdlərimiz ayrıldı? İndi yalnız Türkiyə bizim sevincimizə - neftimizə, qazımıza, enerjimizə, dəmir yolumuza, Bakıdakı zavod və fabriklərimizə şərikdi, amma dərdimizə yox?!
   
   Biz dərdimizi heç kəslə paylaşmaq fikrində də deyilik. Dərdimizi çəkməyə qeyrətimiz çatar və çatır. Xüsusilə də dərdimizi Türkiyə ilə paylaşmaq istəmirik, qardaşlarımıza da dərd çəkdirmək istəmirik. Onsuz da Ərdoğan Türkiyənin başını elə bir dərdə soxub ki, indi yeni bir Atatürk gərəkdi ki, Türkiyəni qoruyub saxlasın. Türkiyə dövlətini yenidən qursun, yenidən ayaq üstə qoysun və versin ərdoğanlar kef eləsin.
   
   Ərdoğan Atatürkün qurduğu Türkiyə kimi qüdrətli bir dövləti elə günə salıb ki, belə bir qüdrətli dövlət indi Kipr yunanlarının da qabağından qaçır, Bərzaninin də, ermənilərin də, day nə bilim hansı itin-qurdun da. Bozqurdları tülkülərin qabağında yalquzağa çevirib.
   
   Biz öz torpaqlarımızı işğaldan azad edəcəyik, bütün dünya ermənilərin tərəfində dayansa da. Ermənistan Türkiyə ilə ciji-bajı (cici-bacı yazanda sözün ləzzəti qaçır) olsa da. Bu millət heç kimə, heç bir qonşuya, hətta qardaşı Türkiyəyə də ümid olub Qarabağsız qalan deyil. Bu millət yalnız özünə güvənir, öz dövlətinə güvənir, öz ordusuna güvənir və öz Ali Baş Komandanına güvənir.
   
   Biz sadəcə olaraq umduğumuz yerdən küsürük. Day heç ummarıq da!
   
   Biz Türkiyəni sevirik, ərdoğanlardan çox sevirik. Atatürk qədər sevirik, Türkeş qədər sevirik, Möhsün Yazıçıoğlu qədər sevirik. Və biz Türkiyənin başına gələcək bəlaları görürük. Ona görə istəmirik Türkiyə Ermənistanla sərhədi açsın. Özümüzün yox, Türkiyənin dərdini çəkirik, Türkiyə bizim dərdimizi çəkməsə də.
   
   "Uzaq sahillərdə" belə bir yer var ey: "Bilirəm partizanları çox sevirsəng" İndi Vəfa müəllim, bilirik ABŞ-ı çox sevirsiz, Allah sevginizi bol eləsin. Və bilirik ki, həmin açıqlamanızda ABŞ-ın sözünü deyirsiniz.
   
   Vaxtınız olanda bu milləti də sevin. Sizə bu şöhrəti də və həyatda qazandığınız nə varsa hamısını da bu millət, bu dövlət verib.
   
   Ərdoğanlar Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" kimi müqəddəs kəlamını unutsalar da, bizlər Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kimi müqəddəs kəlamını unutmuruq. Ona görə də ikinci dövlətimizin bu günə düşməsinə, Avropa Birliyinin qapısında burnunun suyunu axıtmasına, Bərzaninin, Sərkisyanın, (bu yunanların da adları o qədər mənasız və uzundur ki, adam yadında da saxlaya bilmir) Papadaklausdu-nədi, bilmirəm, Mehriban da deyir ki, (yazını bilgisayarda yazan) Papadopulosdu, olsun Papadopulos, Papadopulosun qabağından qaçmasına dözmürük.
   
   Nə isə. Allah şeytana lənət eləsin!
   
   Və sonda. Atatürk Türkiyənin ən ağır günlərində İrandan milyonlarla qızıl pul bahasına 11,5 kilometr ərazini satın aldı ki, Türkiyə ilə Azərbaycanın torpaqları qovuşsun. Ərdoğan bunu bilməz. Bu da bir faciə.

TƏQVİM / ARXİV