adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Yanvar 2019 20:48
15190
GÜNDƏM
A- A+

NAMUS

(hekayə)

Qəşəm İsabəyli

-Baxmayaraq ki, həm vəzifə fərqimiz vardı, həm də, yerlibazların diliylə desək, müxtəlif bölgələrdə doğulmuşduq, amma can bir qəlbdəydik. - Tələbə yoldaşım, keçmiş pentenisiyar xidməti əməkdaşı, ədliyə polkovnik-leytenantı Bahadır Əliyev danışmağa başladı. - Sirr sözünü belə gizləməzdi məndən. Bir dəfə qanı qara gördüm onu. Köhnə bakılıların diliylə:
-Dəryada gəmilərin batıb, nədi?! - Dedim.
-Kaş gəmilərim bataydı!
-Sözlü adama oxşayırsan!
-Həyat yoldaşım mənə xəyanət edir.
Qəfil zərbə almış kimi çaşıb qaldım:
-Nə danışırsan?!
-Çoxdan ürəyimə dammışdı, həm də sirr gəlmişdilər mənə!
-Bəlkə böhtandı?! İndi o qədər paxıl adam var, ev yıxmaqla məşğuldu.
-And içmişəm, tutsam, öldürəcəm!
-Qazancın nə olacaq?!
-Axı o, mənim namusumu ləkələyib!
-Öldürməklə namus ləkəsini yuya bilməzsən!
-Hər halda layiqli cəza olacaq!
-Cəza vermək dövlətin işidi.
-Dövlətin verdiyi cəza ürəyimi soyutmaz.
-Yadında saxla ki, indi namus üstündə adam öldürənə güzəşt eləmirlər.
-Bəs neyləyim?!
-Hər halda şübhədi... Səbr elə.
Məni eşitmədi...
Bir gün evə vaxtından tez qayıdır - tabel silahı da üstündə. Tikinti idarəsində mühasib işləyən arvadını müdirlə tutur. İkisini də güllələyir...
Nəticədə ailə dağılır, üç oğlan uşağı qalır əllərdə.
İş yoldaşım olmuşdu deyə, məhkəməsinə gedirdim. Hiss eləyirdim ki, məni görəndə dirçəlir.
-Sən başa düşürsənmi, - prokuror onu ittiham eləyirdi, - iki canlı insanı öldürmüsən?!
Hələ də əsəbiləri yerində deyildi:
-Sizin başınıza belə iş gəlsəydi, neyləyərdiniz?!
Prokuror qürurla cavab verdi:
-Mənim başıma belə iş gəlməz!
Mmühakiməsi bir ay çəkdi. Prokuror qəti tələb qoymuşdu: "Güllələnmə!".
Mən zaldan bu ədalətsizliyə etiraz elədim. Kim idi baxan. Axırda 12 il verdilər.
Maşına mindirəndə qıyya qopdu:
-Ata-a-a! Ata can!..
Səsə çevriləndə yerimdə donub qaldım - üç oğlan uşağı, boynuna sarılıb, ağlaşa-ağlaşa duz kimi yalayırdı onu.