adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ÖMRÜN DONAN ANLARI

6516 | 2019-01-04 20:36

Bəzən bir şəklə baxmaq bizi illər öncəyə aparır, olmuş bir hadisəni yenidən yaşamağa məcbur olursan. Bu məcburi səyahət zamanı bəzən üz gülür, bəzən əsəb keçirirsən, amma hər ikisində üzülür insan. Çünki o günlər o qədər əlçatmazdır ki, artıq nələri versən də o ana bir daha dönə bilməzsən. An elə andır, keçdisə, sənin deyil, uçdu əlindən...
İlk dəfə şəkli kim çəkib görəsən? Ümumiyyətlə, şəkil çəkməyi kim düşünüb? Bu da bir kəşfdi, bu kəşfi kim edib? Bunu biz heç vaxt bilə bilmərik, çünki bu sualın cavabı minilliklərin o tayındadı. Qobustan qayalıqlarındakı rəsmlər bunu sübut edir. O zamanlar rəssama cadügər kimi baxsalar da, sonradan maraq dairəsi genişləndi, hətta hələ də möcüzələrdən sayılan XVI əsr intibah dövrünün rəssamlığına qədər inkişaf etdi və bugünümüzün "selfi"lərinə qədər dəyişdi.
İndi hər anımızı ölümsüzləşdirmə, dondurma imkanımız var. Bu yaxşıdırmı, bilmirəm. Amma bizim illərimizdəki kimi şəkilləri töküb baxmaq həvəsi qalmayıb insanlarda. Yemək süfrəsindən, toydan, gəzintidən, alış-verişdən, parkdan, bəzən yazılası imkansız olan yerlərdən görüntülərdən tutmuş, yaxınlarının meyitini ortalıqda çəkib paylaşan "selfi xəstələri"nə kimi "inkişaf edib" insanların şəkil çəkdirmək qabiliyyəti.
Çox vaxt özümümüzü yaxşı hiss etdiyimiz zaman şəkil şəkdirərkən "bu xoşbəxt anımızı donduraq" deyirik.
Dondurduğumuz hesab etdiyimiz həmin anlar su kimi axıb gedir və başqalarını bilmirəm, mənim üçün o dondurulmuş an ancaq qüssə gətirir. Çünki o an ötdü səndən, çıxdı əlindən, istəsən də varını da versən bircə saniyəsini geri döndərə bilməzsən...
Tək-tək insanlar qalıb, şəkillərlə "danışan". Şair Əbülfət Mədətoğlunu tez-tez həmsöhbət görürəm şəkillərlə. Şəkilləri yazı masasının üstünə tökərək gözlərini zilləyib saatlarca onlara baxmaq ona nələr yaşadır, maraqlıdı. Soruşanda: "Onlar mənim yaşanmış, məni yaşadan anlarımdı, gələcəyə ümidləndirən anlar..." deyir. Demək ki, insan heç nəyi darıxdığı xatirələri qədər sevmir... demək ki, "unutmaq" deyə bir şey yoxdu əslində, sadəcə "onsuzluğa" öyrəşirsən, özünə qapanırsan, xatirələrdən imdad diləyirsən və o xatirələrin öləziyən işığında xəyallar qurur, nə vaxtsa bu anları təkrar yaşayacağına ümidlər bağlayır, təskinlik tapırsan. Hər şey gözəl olacaq. Bəlkə bu gün deyil, amma bir gün mütləq olacaq, deyə... Yəni, bu "ümid verən" keçmişdi.
Güzgüdə olduğu kimi şəkillərdə də mistik bir çəkicilik var. Bəzən bir şəkil lazım olur, axtararkən digər şəkillər nəzərini cəlb edir və bir də baxırsan ki, saatlar keçib, hələ də istədiyin şəkli tapmamısan, amma illərin o biri ucuna qədər şəkillərlə səyahətə çıxmısan - acılı-şirinli, ağrılı, üzüntülü, əlçatmaz... bir ağlayan balaban sədası altındaymışsan kimi...
Niyə bu qədər qüssələnirəm şəkillərə baxanda? Heç olmayıb ki, keçmiş illərin şəkillərinə baxıb, ağlamadan yığışdırım. Baxdığım şəkildəki insanlar sağdırlarsa da belə. Hətta son çəkdirdiyim şəkillərdən, sevdiyim qarın həzinliyi içində "dondurulmuş ani xoşbəxtliyim"ə baxanda da qüssələnirəm, çünki o ana dönmək şansım artıq keçdi. Demək ki, "öldürən keçmiş" də var. Və mən o öldürən keçmişdən qurtulmağı şəkilə baxmamaqla özümdən uzaqlaşdırmağa çalışıram. Nail ola bilirəmmi, yox! Çünki o şəkillərin insanın beyninə əbədi həkk olunmuşları da var...

TƏQVİM / ARXİV