adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
04 Yanvar 2019 20:07
5419
GÜNDƏM
A- A+

Otuziki eli

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Otuzikilər haqqında bir neçə toponimik rəvayətlər də yaşamaqdadır. Onlardan ikisini təqdim edirik:
İ mətn. Rəvayətə görə monqollar Azərbaycana gələnə qədər qarşılarına çıxan yaşayış məntəqələrini asanlıqla tutur və əhalini çapıb-talayırdılar. Heç bir şəhər və yaxud kənd əhalisi təpədən dırnağa kimi silahlanmış monqol ordusuna müqavimət göstərə bilmir, yaxud müqavimət göstərməyin yersiz olduğunu düşünərək könüllü surətdə onlara təslim olurdular.
Dişlərində şirə yeri qalan monqol ordusu Azərbaycanın Mil-Muğan əyalətinə hücum edərkən gözləmədikləri dirənişə rast gəlirlər. Monqol hökmdarı döyüşü dayandırır və öz kəşfiyyatçılarına əmr verir ki, öyrənib görsünlər onlara müqavimət göstərən qüvvələrin sayı nə qədərdir. Kəşfiyyatçılar qısa müddətdə əmri yerinə yetirib xanın hüzuruna gəlir və bildirirlər ki, bəs qarşı tərəfdəkilər cəmi-cümlətani 32 nəfərdir. Xan qəzəblənir, ordubaşına deyir: "Yüz atlı götür, o kəndi yerlə-yeksan edin, o yaramazları isə mənim hüzuruma gətirin!"
Atlılar irəliyə şığıyırlar. Çox gərgin və qanlı vuruş başlayır. Bir neçə saatlıq döyüşdən sonra yerli sakinlərin döyüşçülərinin hamısı öldürülür. Düşmənlərdən isə beş-altı yaralı halda sağ qalır. Bu xəbəri eşidən xan heyrətini gizlədə bilmir: "32 nəfərin cəsarətinə bax! Bir də mən belə qələbə qazansam, çöxlu əsgərlərimi itirməli olacağam!"
O vaxtdan da bu yaşayış məntəqəsinin adı Otuzikilər adlanır.
İİ mətn. Monqolların Azərbaycana hücum edəcəyini eşidən Mil-Muğan əyalətinin hökmdarı tabeliyində olan yaşayış məntəqələrinin ərlərini-ərənlərini bir yerə yığıb məşvərət keçirir. Deyir: -Düşmənlər ətraf əraziləri işğal edərək irəliləyirlər. Onlar gələnə kimi biz tədbir görməliyik! Biz düşmənləri Aran ağzında qarşılamalıyıq. Biz onlarla kişi kimi vuruşmalıyıq. Əgər düşmənlərin qabağında qətiyyətsizlik göstərib geri çəkilsək, bizim üçün ayıb olar. Ona görə ki, arxamışdakı bizlərə güvənən ana-bacılarımız, colma-cocuqlarımızdır. Biz geri çəkilsək, qız-gəlinlərimiz düşmən əlinə keçəcəkdir. Namərdlərin əməllərini görüb əsir götürülənlərdən xəcalət çəkməli olarıq. Yaxşısı budur ki, biz ölənə kimi vuruşaq. Əgər biz ölsək, ana-baçılarımız qarşısında xəcalətli olmarıq. Ölünün nəyi utanar axı!
Hökmdar sözünü tamamlayaraq üz tutur məşvərət iştirakçılarına:
-Bu döyüş könüllüdür, məcburiyyət yoxdur. Məcbur edilənlər və qorxaqlar bizi də yarı yolda qoyub qaçarlar. Vuruşmağa hazır olanlar sabah sübh tezdən buraya toplaşsınlar".
Səhərisi günü əyalətin 32 kəndindən onlarla yaraqlı igid vəd verilən yerdə hazır olur. Deyirlər ki, həmin vaxtdan da məşvərətin keçirildiyi və igidlərin toplaşdığı yer 32 kəndin şərəfinə Otuzikilər adlanır.
...Otuziki elinin yaranmasında iştirak edən oymaqlar tarixin qəhrəmanlıq səlnamələrinə qızıl hərflərlə imza atmış, tarixin ayrı-ayrı kəsimlərində bəylik, xanlıq, hətta dövlət qurmuşlar. Qaraqoyunlu oymağının babaları öncə tayfa ittifaqı olmuşdular. 1406-1468-ci illərdə mövcud olan Qaraqoyunlu dövlətini yaradanlar da Otuzikilər idi. Qaraqoyunlu dövlətinə Otuziki elinin Barani oymağı başçılıq etmişdilər. Barani boyundan xeyli dövlət və mədəniyyət xadimləri çıxmışdır.
Otuziki mahalı sürgündə: Nadir xan 1736-cı ilin fevral ayında Muğanda böyük bir qurultay çağırdı. Bu ali məclis bir aydan artıq davam etdi. Buraya Səfəvi imperatorluğuna daxil olan bütün bölgələrdən nümayəndələr dəvət edilmiş və onlara Səfəvilər sülaləsinin gələcək taleyi ilə bağlı öz fikirlərini açıq şəkildə bildirmək imkanı verilmişdi. Əslində isə bu "imkan" formal xarakter daşıyır, gözdən pərdə asmaq idi. Guya hər şey demokratikcəsinə həll edilir, insanlar öz iradələrini ortalığa qoyurlar. Bu belə deyildi. Ona görə ki, Nadir xan hakimiyyətin bir addımlığında idi. Onun üçün çox əlverişli fürsət yaranmışdı və təbii ki, kimin nə danışmasından, yürütdüyü fikirdən və verdikləri təklifdən asılı olmayaraq o, bu fürsəti əldən verməyəcəkdi. Qurultayın gedişində də Nadir xan yalnız özünü, özünün hökmdar olması üçün "demokratik" yollar haqqında düşünürdü.
Qurultaya ən çox Nadir xanın yaxınları və onun mənsub olduğu əfşar tayfasının sözükeçən, seçkin adamları dəvət olunmuşdu ki, bu da çox mühüm əhəmiyyət kəsb edirdi. Bu əhəmiyyətin nəticəsi səsvermədə özünü açıq şəkildə göstərdi. Belə ki, 1736-cı il fevral ayının 26-da Nadir xan Əfşarın tərəfdarlarının üstünlüyü ilə sonunclanan qurultayda İİİ Şah Abbasın taxtdan salınması (İİİ Şah Abbasın öldürülməsi də güman edilirdi) və Nadir xanın şah elan edilməsi haqqında qərar verildi. Beləliklə, Səfəvilər sülaləsinin 235 ildən artöq hökmranlığına son qoyuldu və Azərbaycan dövlətində Əfşarlar sülaləsinin hakimiyyətinə start verildi.
Xatırladırıq ki, Nadir xan (əsl adı Nadirquludur) 1726-cı ildə şah İİ Təhmasibin sərkərdəsi olmuş, Səfəvi dövlətinin bir çox torpaqlarını zəbt etmiş osmanlı və əfqanlara qarşı müharibələr aparmışdır.
1732-ci ildə İİ Təhmasibi taxtdan salmış, onun oğlu azyaşlı İİİ Abbası şah elan etmiş, özü isə qəyyum kimi dövləti idarə etmişdir.
Nadir şah taxtda yerini bərkidəndən sonra Səfəvilərin dövründə mövcud olan inzibati, iqtisadi, siyasi məsələlərdə dəyişikliklər etməyə başladı. Məlumdur ki, Səfəvilərin hakimiyyəti zamanı Azərbaycanda bəylərbəyliklər mövcud idi. Nadir şah bu bəylərbəylikləri-Şirvan, Qarabağ, Təbriz və Çuxur-Səədi bir inzibati vahiddə birləşdirdi və bütün Azərbaycanı, eləcə də Gürcüstanı və Dağıstanı qardaşı İbrahim xanın idarəçiliyinə verdi.
Xatırladırıq ki, bu illərdə Azərbaycanın ən iri bəylərbəyliklərindən biri Gəncə-Qarabağ bəylərbəyliyi idi ki, onu da Qacar soyundan olan Ziyadoğlu idarə edirdi. Nadir xanın şah seçilməsi məsələsində Ziyadoğlu Nadir xanı yox, Səfəviləri qanuni şah kimi tanıdığı üçün Nadir şah əvvəlcə bu bəylərbəyliyin hüquq və səlahiyyətlərini azaltdı. Ziyadoğluların əsas dayağı olan Cavanşir, Otuziki, Kəbirli mahalları da seçki zamanı Nadir xanın əleyhinə gedərək onu dəstəkləmədilər. Bu isə onlara baha başa gəldi. XİX əsrin Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy yazır: "Beləliklə, Gəncə xanları tamamilə öz hüquq və səlahiyyətlərindən mərhum oldular. Hakimiyyətin cilovu onların əlindən düşdü və onlar qanadı sınmış quş vəziyyətində qaldılar". ("Qarabağnamələr", (2-ci kitab), Bakı, Yazıçı, 1991. səh.423)
Nadir şah bu mahalların əhalisinndən yaxşıca intiqam aldı. Əsasən Qarabağda yaşayan Otuzikilər Nadirin şah seçilməsi əleyhinə çıxan Gəncə bəylərbəyləri Ziyadoğlularının qohumu olan digər tayfalarla birlikdə Xorasanın Sərxəs vilayətinə köçürüldü.
"Qarabağnamələr"də yazılır ki, Nadir şah iki əsrdən artıq mövcud olmuş Qarabağ bəylərbəyliyinə divan tutdu. Buna görə də qarabağlıların bir qismi öz torpaqlarından Əfqanıstan sərhədlərinə köçürüldü. Bu qanlı cinayətə səbəb erməni xəmsə məliklərinin təşəbbüsü və Nadir şahın Qarabağda ağılsız hərəkəti idi. ("Qarabağnamələr", (2-ci kitab), Bakı, Yazıçı, 1991. səh.423)

(ardı gələn sayımızda)

Faiq Şükürbəyli,
tədqiqatçı-etnoqraf