adalet.az header logo
  • Bakı 11°C
04 Yanvar 2019 00:08
3672
GÜNDƏM
A- A+

BİRİNCİDƏN SONRAKI YER

"Uembli arayışı" kitabından

Məzahir Əhmədzadə

Qoy Sarı Samirin əsl adı açıqlanmadığı kimi, biz də hər sayımızın birinci səhifəsindəki günün lətifələrinin müəllif(lər)inin kimliyini gizli saxlayaq. Nə olsun ki, özümüz hər birini yaxşıca tanıyırıq. Bu köşələri və lətifələri İlya İlflə Petrov və ya Bronislav Nuşiç yazıb göndərmirlər ki. Təbii səbəbdən yaza və göndərə də bilməzlər. Ancaq təkcə elə "Özbioqrafiyam" sanballı bir mənbədir. Bu məsələdə dostumuz və istedadlı yazarımız Etibar Cəbrayıloğlu da mənə dəstək verər zənnimcə. Məsələn, "Fransız dili dərsi"nin testləri sayaq.
Nəsə. Mən özüm də bu köşəni anındaca yazmaq istədim, ancaq saxladım yeni il ərəfəsinə. Bunun başqa bir səbəbi, yəni operativliyin ildə iki dəfə düşməsi, baş redaktorluğun və mühasibimiz Tahirə xanımın masaüstü qeydlərində öz əksini tapır.
... Hə, mənim Babəkimin redaksiyadaxili nərd birinciliyində qeyri-adi göstəricisindən yenə də imzasız yazı getmişdir. Təbii, bunun bir zarafat olduğunu mən də yaxşı bilirəm. Və o gün, yəni həmin məlumatı oxuyarkən yadıma çox-çox illər bundan qabaq baş vermiş oxşar bir əhvalat düşdü. Ancaq o zarafat deyil, real hadisə idi. İndi bir qədər vaxtınızı alıb danışım.
Orta məktəbin sonuncu siniflərində oxuyurduq. Rayondakı stadion və digər açıq-örtülü idman meydançaları, zalları yetərincə olduğundan gənclər idmanın əksər növlərinə maraq göstərir, müxtəlif yarışlara da gedirdilər. Ruhu şad olsun, əslən Cənubi Azərbaycandan olan Ərjəng adlı baməzə bir həmyerlimiz də güləş bölməsinə gedirdi. O vaxtlar onun 22-23 yaşı olardı. Boyu 180-ni keçən bu "demokrat" qardaşımızın çəkisi isə əndazəni aşmışdı, 120 kilodan çox idi. Deməli, diş texniki olan bu gənc həmyerlimiz ağır çəkidə, daha doğrusu, ən ağır çəkidə güləşirdi. Rayonda kim onunla döşək üzərinə çıxırdısa, bizim əzizləmə anlamında Quşi (?) çağırdığımız Ərjəng Xəyyami rəqibini uzaqbaşı bir dəqiqəyə nəhəng bədənin altında görünməz edirdi. Bizim kumirimiz idi. Baxmayaraq səmərəli məşq üçün Quşiyə fərli-başlı tərəf-müqabil də tapılmırdı. Tərs kimi bizlərdən də heç birimiz özümüzü ona oxşada bilmirdik. Kumirimiz kimi boy-buxuna və çəkiyə mənsub olaydın ki, onun hərəkətlərini də yamsılaya biləydin. Ancaq respublika üçüncüsü boksçu Robikin pərəstişkarları şəhərdə çiyinlərini ata-ata yeriməklə kumirlərinə məhəbbətlərini məxsusi jestlərlə göstərirdilər. Xüsusilə onun döyüş geyimini və əlcəklərini daşıyan pinəçi Hümmət.
Günlərin birində bizim Ərjəng də respublika birinciliyinə dəvət aldı. Bakıda keçirilən güləş yarışının məlumatları hər gün "Araz" radiostansiyasının saat 15:30-da idman xəbərlərində qısa şərh edilirdi. Biz də mədəniyyət evinin qarşısında toplaşıb qələbə xəbərlərini gözləyirdik. Müxtəlif çəki dərəcələrində çıxış edən güləşçilərimiz həm yıxıb, həm də yıxılıb beşinci-altıncı yerlərə qədər çıxa bilir, hər-halda bizi müəyyən qədər ruhlandırırdılar. Ancaq bizim ən böyük ümidimiz Ərjəng Xəyyami idi.
Siz də yaxşı bilirsiniz ki, ağır çəkililər yarışların sonunda mübarizəyə qoşulurlar. Budur, həmin gün də yetişir. "Araz" radiosunun növbəti idman xəbərləri rayonun mərkəzi meydanını "urra, urra" sədalarına qərq edir. Daha o vaxtlar indiki kimi xorla deyilmirdi ki, "ən böyük Ərjəng, ondan böyük yox". Sadəcə "urra!"
Xülasə. Həmyerlimiz ən ağır çəkidə ikinci yeri tutaraq gümüş medal qazanır. Biz bayram edirik, biz xəyallarımızda artıq dünya çempionu Medvedlə güləşirik. Bu sevinci, bu şirin xəyalları bizə hamımızın sevimlisi Quşi bəxş edib.
Səhərisi gün rayona qayıdan güləşçilərimizi təntənə ilə qarşılayırıq. Ərjəngi isə bir qəhrəman kimi.
Sonralar o özü dostlarına yarış haqqında daha müfəssəl məlumat verib. Deyib ki, ən ağır çəkidə elə ikicə nəfər güləşçi olub və Qusar rayonundan Ataqalxanov familiyalı idmançıya ciddi müqavimət göstərmək istəsə də buna nail ola bilməyib və görüşü uduzub. Özü də bu müqavimət çox vaxt aparmayıb, cəmisi 30 saniyə...