MÖHSüN YAZIçIOğLUNU DA ÖLDüRDüLƏR!

AQİL ABBAS
36697 | 2009-03-31 01:54
Neçə illər bundan əvvəl Ankaradaydım. Getdim Alparslan Türkeşin məzarını ziyarət etməyə. Bir yamacdadı. Yamac da bütün dünyadakı türk dövlətlərinin və hələ dövləti olmayan türk xalqlarının bayraqları ilə alışıb yanır. Üç şeyə heyrətləndim.
   
   Birinci heyrət.
   
   Türk dünyasının Baş buğunun məzarı bizim Bayat kəndindəki əlli il övladlarımıza dərs deyən bir kasıb müəllimin məzarından da sadə və kasıb...
   
   İkinci heyrət.
   
   Başdaşı Türk dünyası kimi çat-çat, infarkt keçirmiş bir millətin ürəyi kimi param-parça, cadar-cadar...
   
   ... uzun mübahisədən sonra, Bakıdan gələn bir yazıçı olduğumu bildikdən sonra mənə məzara yaxınlaşıb torpağını öpməyə icazə verən (məzara 2 metrdən artıq yaxınlaşmağa və toxunmağa icazə verilmir) bəkçiyə deyirəm:
   
   - Qardaşım, Baş Buğun məzarından tütyə kimi bir çimdik götürə bilərəmmi?
   
   - Hayır, kardeşim. Hər ziyaretçi bu məzardan bir çimdik alarsa, Türkiyədə toprak kalmaz ki!..
   
   Üçüncü heyrət.
   
   Başdaşında Baş Buğun doğum tarixi var, ölüm tarixi yox... Və onda anladım ki, bozqurdlar Baş Buğun tabutunu bir Türk bayrağı kimi başlarının üzərinə qaldırarkən niyə belə hayqırırdılar: "Baş Buğlar ölməz, Vətən bölünməz!"...
   
   ... telefonum zəng çalır, gecə saat birə on dəqiqə işləyir. Fikrimi dağıtdığına görə söyə-söyə telefonu götürürəm, telefondan bir kişi hönkürtüsü gəlir. Gecə saat birə on dəqiqə işləyib, vaxtsız zəng və telefonda kişi hönkürtüsü (kişilər ağlamırlar, hönkürürlər. Çünki Sabir deyir ki, ağladıqca kişi qeyrətsiz olur, necə ki ağladı İran oldu), cəhənnəmə baş çəkib gəlirəm...
   
   - Ə, kimdi? Nə olub?
   
   - Akil bəy, mən İstanbuldan Faik bəyəm. Baş Buğumuzun varisini kayb etdik.
   
   Ülküçü qardaşım bilmir ki, Möhsün bəyin vertolyotu qəzaya uğrayandan yüz minlərlə azərbaycanlı televiziyanın önündə oturub dəqiqələri izləyir, Tanrıya dualar oxuyur, qurbanlar deyir.
   
   Cavab verirəm:
   
   - Baş Buğlar ölməz, Vətən bölünməz!
   
   - Baş Buğlar ölür, kardeşim, ölür! Vətən də bölünür, kardeşim, bölünür! Vətənə güllə atanları əfv edirlər. O gülləyə sinə verən Vətən oğullarını da cəza evlərinə doldururlar. Tuta bilmədiklərini də Abdulla Çatlı kimi, Möhsün Yazıçıoğlu kimi öldürürlər. Sizin bir şair var, Vaqif Cəbrayılzadə. Onun dediyi kimi, çərx başına gəlməyənləri də çərlədib-çərlədib öldürürlər...
   
   Türkiyə türkləri demiş, bu ayrı bir söz konusu... Bir az ürək-dirək verib telefonu qapadıram...
   
   Türkeşin başdaşında ölüm tarixi yox... Baş Buğlar ölməz!
   
   Əslində Tanrıdan qeyri nə varsa öləridi - çiçək də, gül də, ağac da, daş da, torpaq da, Tanrının sevinə-sevinə yaratdığı və sonradan yaratmağına peşman olduğu insan da.
   
   Necə ki, Qarabağın daşı da, torpağı da, gülü-çiçəyi də ölüb və biz o ölmüş daşı, torpağı, gülü-çiçəyi azad etməsək, Qarabağ Ay kimi, Mars kimi bir şey olacaq...
   
   Tanrıdan qeyri nə varsa öləridi. Tanrının sevinə-sevinə yaratdığı və sonradan yaratmağına peşman olduğu insan da! Baş Buğlar da! Bircə ideyalar ölmür, o da Tanrı ilə bağlıdır, ona görə.
   
   Türkeşin başdaşına ölüm tarixi yazılmasa da bu bir çılpaq həqiqətdir ki, Baş Buğ ölüb! Baş Buğ ölməsəydi Türkiyə bu günə qalmazdı. Amma yenə şükürlər olsun ki, ideyaları yaşayır. Bax, bu ideyalara görə Baş Buğun başdaşında ölüm tarixi yoxdu.
   
   Möhsün Yazıçıoğlu da bu ideyanın Türkeşin ölümündən sonra bəlkə də ən böyük daşıyıcısı idi. Bəlkə də bəlkəsiz.
   
   Onu da deyirlər ki, dünyada əvəzolunmaz insan yoxdur. Boş sözdü. Dünyada əvəzolunmaz insanlar olmasaydı dünya çoxdan ölmüşdü. Dünya heç də hansısa bir buğanın, ya öküzün buynuzları üstündə dayanmayıb. Dünya Tanrının mələkləri olan həmin əvəzolunmaz insanların çiyinlərində yaşayır. Yuxarıda dedik, Türkeş əvəz olundumu? O, bir partiya lideri deyildi ki, əvəz olunaydı. O, bir millətin lideri idi.
   
   Möhsün Yazıçıoğlu da daş atanda dəyən, seçim meydanlarında xalqa Məlikməmməd nağılı danışan bir partiya lideri deyildi. O, bir millətin lideri idi. Milləti onu görməsə də.
   
   Dövlətinin, millətinin bütünlüyü və sabahı uğrunda edam cəzası ilə 7 il (onun 5 il yarımını təkadamlıq hücrədə oturmuşdu) "uf" demədən həbsxanada yatmışdı. Və ona görə edam cəzası çıxarmışdılar ki, dövlətini və millətini parçalanmaqdan və dağılmaqdan qorumaq uğrunda dövlətini və millətini parçalayanlara və dağıdanlara qarşı savaşa qalxmışdı. Çox böyük dərddi ha. Bu dərdi yalnız Tanrı mələkləri çəkə bilər.
   
   Möhsün bəyin vertolyotu dumana düşüb qəzaya uğrayıb...
   
   Nədənsə bu xəbəri eşidəndə yadıma 20 noyabr düşdü. Onda da bizim dövlət rəsmiləri bəyanat vermişdilər ki, vertolyot dumana düşüb dağa dəyərək qəzaya uğrayıb. O vertolyot ki həmin vertolyotda elə Möhsün Yazıçıoğlu kimi Azərbaycanın qeyrətli oğulları uçurdu. Vertolyot dumana düşüb... Və sonradan məlum oldu ki, vertolyot dumana düşməyibmiş, vertolyotu vurublarmış. Və hələ də həmin vertolyotun necə vurulması sirr olaraq qalır. Çünki ruslar həmin vertolyotun qara qutusunu götürüb apardılar vəssəlam, şüttəmam.
   
   Möhsün bəyin vertolyotu dumana düşüb qəzaya uğrayıb...
   
   Əvvəla. Bu vertolyotun pilotu - polkovnik bir il öncə Türkiyə Hərbi Hava Qüvvələrindən əməkli olub. Və Türkiyə Hərbi Hava Qüvvələrinin ən təcrübəli pilotlarından biri sayılıb. Bu, çox şey deyir.
   
   İkincisi. O boyda Türkiyə dövləti 48 saat müddətinə bu vertolyotu tapa bilməyib. Hamısının üstündə telefon, hələ qəzetəçi qardaşım da 20 dəqiqə telefonla acil servislə (təcili yardım) danışır, heç olmasa, istiqaməti deyir. Bəli, o boyda Türkiyə dövləti (4 min əsgər səfərbər eləmişdilər) 48 saat vertolyotu tapa bilməyib, amma 17 kəndlidən ibarət könüllülər gedib vertolyotu tapırlar.
   
   Üçüncüsü. Heç kəsə sirr deyil ki, bu dəqiqə Türkiyədə şorsatanların da telefonları dinlənilir. "Ergenekon"la bağlı. Və Möhsün Yazıçıoğlunun da adı bu məsələdə çox hallanırdı. Yəqin ki, şorsatanın telefonunu 1 nəfər dinləyirdisə, Möhsün bəyin telefonunu 10 nəfər dinləyirdi.
   
   Dördüncüsü. Əzizimiz Türkiyənin böyük qardaşı ABŞ dünyanın hər hansı bir nöqtəsindəki kibrit çöpünün kosmosdan tapıb şəklini də çəkə bilir. Necə ki beləcə Cövhər Dudayevi telefonuyla tapdılar və bircə raketlə də qətlə yetirdilər. Yox, onu ABŞ eləməmişdi, Rusiya eləmişdi. Rusiyanın da buna imkanları var.
   
   Açıq bir əraziyə düşən , qalıqları 50 metrə yaxın bir əraziyə yayılan vertolyotu 17 adi kəndli, çiftçi tapa bilir, o boyda dövlət tapa bilmir.
   
   Daha kəskin yazmaq istəmirəm.
   
   Abdulla Çatlını necə öldürdülərsə... o Abdulla Çatlı ki, ASALA-nı məhv elədi, Daşnakstyun partiyasının Parisdəki iqamətgahını göyə sovurdu və sair və ilaxır. Yəni bir dövlətin görə bilməyəcəyi işləri gördü... Möhsün Yazıçıoğlunu da elə öldürdülər.
   
   İkisi də Türkeşin ülkü ocaqlarında böyümüşdülər, həm qardaş idilər, həm də ülküdaş. İkisi də öz ideyalarına görə edam cəzasına məhkum olunmuşdular. İkisi də Türkiyə üçün və bütün dünya türkləri üçün savaşırdı. Oxşar talelər yaşayırdılar və oxşar talelər də yaşadılar. Ölümləri də qardaş oldu. Çatlı öləndə Möhsün bəy onun tabutuna girdi, anasının əllərindən öpdü...
   
   Möhsün bəyin anası, analar anası göz yaşlarını içəri axıdaraq deyirdi:
   
   - Mənim yavrumu aramıyorlarmı?
   
   Nədənsə bu sözləri eşidəndə yadıma Aydın Məmmədovun atasının bir sözü düşdü. Biz Aydının tabutunu yerdən qaldırıb həyətlərindən çıxaranda dedi:
   
   - Mən bir də Bakıya oğul buraxmaram.
   
   Aydın atasının yeganə oğluydu. Aydını da öldürdülər.
   
   Bax beləcə çərx başına gəlməyən oğlanları...
   
   Möhsün Yazıçıoğlunu öldürdülər! Amma cismən, ruhən öldürə bilmədilər.
   
   Çünki, Baş Buğlar ölməz, Vətən bölünməz!
   
   Tanrı Türkü qorusun! Onsuz da özü özünü qoruya bilmir, heç olmazsa Tanrı qorusun! Tanrıdan da ümid kəsilməz!
   
   

TƏQVİM / ARXİV