Bakıda Əmlak Xidmətləri Məkanı açıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib.
Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərdiyi xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, xidmətlərin tam elektronlaşdırılması təmin edilib. Şənbə və bazar da daxil olmaqla həftənin bütün günləri məkanda 100-ə yaxın işçi tərəfindən xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada könüllülərin xidmətlərindən də istifadə olunur. Binada, həmçinin BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq bu qəbildən insanların sərbəst hərəkəti üçün də bütün şərait yaradılıb. Burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti nəzərdə tutulub.
Əmlak Xidmətləri Məkanında 1909-2018-ci illərdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını özündə əks etdirən müxtəlif dövrlərə aid hüquqmüəyyənedici mülkiyyət sənədlərinin sərgiləndiyi arxiv guşəsi də var. Binada kafe, kitabaxana, uşaq oyun sahəsi də yaradılıb.
Binada elektron informasiya sistemlərinin tətbiq olunması üçün bütün zəruri infrastruktur yaradılıb və bina müasir İKT avadanlığı ilə təchiz olunub. Məkanda xidmətlərin daha dəqiq, prosedurların sürətli olması üçün elektron idarəetmə sistemini həyata keçirən qurğular quraşdırılıb. Vətəndaşlar elektron monitorlara daxil olmaqla xidmətlərdən internet vasitəsilə də istifadə edə bilirlər.
Özəlləşdirmə hərraclarının keçirilməsi ilə bağlı 100 nəfərlik hərrac zalında monitorlar vasitəsilə özəlləşməyə çıxarılan əmlaklarla tanışlıq, keçirilən özəlləşdirmə hərraclarında həm canlı iştirak etmək, həm də elektron qoşulmaqla hərraca qatılmaq imkanları yaradılıb. Özəlləşmənin elektronlaşdırılması prosesin sürətlənməsinə və investorların marağının artmasına imkan verib. Elektron hərracda elektron imzası olan hər bir vətəndaş yerindən asılı olmayaraq elektron hərrac sisteminə qoşularaq iştirak edə bilər. İndiyədək 28 elektron hərrac keçirilib və 900-dən çox əmlak satışı üzrə elektron sifariş qəbul olunub.
Burada gün ərzində 1000-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır. Əmlak Xidmətləri Məkanında, ümumilikdə, Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim ediləcək. Göstərilən xidmətlərə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, dövlət və bələdiyyə əmlakı ilə bağlı hərracların təşkili, torpaq və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, əmlakın qiymətləndirilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin qəbulu, hazır sənədlərin təqdim edilməsi və digər xidmətlər daxildir.
Eyni zamanda, lokal ərazilərdə torpaqlarda baş verən dəyişikliklərin öyrənilməsi, nəzarətin keyfiyyətinin artırılması, daşınmaz əmlakın kadastrı və torpaqların elektron uçotunun aparılması, məkan məlumatları və aerofoto çəkilişlərlə yanaşı, yeni texnologiya olan dron çəkilişlərindən də istifadə ediləcək.
Əmlakların 3D çəkilişlərinin aparılması məqsədilə son texnologiyalardan olan "Matterport” avadanlığından istifadə edilir. Bu innovativ avadanlıq daşınmaz əmlak, mənzil, fərdi ev, zavod, fabrik, muzey və digər tikililərin 3D modelini əldə edir, plan–çertyojları və ölçüləri avtomatik olaraq qısa müddət ərzində hazırlayır, əmlakın qeydiyyatında, hərraclarda, özəlləşdirmədə əmlak barəsində ətraflı məlumatı təqdim edir.
"Streetview” layihəsi nəqliyyat infrastrukturu obyektlərinin vizual rəqəmsallaşdırılmasını, seçilmiş yollar, küçə və prospektlər üzrə ünvan reyestrinin dayanıqlı idarə olunmasını təmin edir. Bu sistem əldə olunan məlumatların Ünvan portalına inteqrasiyasını və reyestrdə ünvanvermə işinin asanlaşdırılmasını təmin edir.
Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.