warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | Yazıçı siyasətə qarışmalıdırmı? - SORĞU Adalet.az | Yazıçı siyasətə qarışmalıdırmı? - SORĞU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Yazıçı siyasətə qarışmalıdırmı? - SORĞU

13767    |   2019-01-06 12:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Pasternakın fikrinə görə, bir adam siyasətə qarışmasa da, siyasət ona qarışır. Siz necə düşünürsünüz? Yazıçı ictimai-siyasi hadisələrə münasibət bildirməlidirmi? Yazıçının bu cür missiyası olmalıdırmı?








Yazıçı Səfər Alışarlı: "Məncə, yazıçının belə bir missiyasının olduğunu iddia etmək düzgün deyil. Yazıçının əsas missiyası yaxşı yazmaqdır; cəmiyyəti, xalqı narahat edən əsas, qlobal məsələləri öz əsərlərində əks etdirməkdir; zamanın çağırışlarına yalnız bədii həqiqətlərin səsi ilə cavab verməkdir. Əgər yazıçı bunu etmirsə və yaxud edə bilmirsə, onun hər hansı bir məsələyə siyasi və ya ictimai müdaxiləsi də özlüyündə effektiv deyil.

Mən bunu normal cəmiyyətlərin prizmasından qiymətləndirirmiş kimi deyirəm. Zaman-zaman bəzi diktatura cəmiyyətləri yazıçılığı inkar etmək eşqinə düşür, bu institutu ümumiyyətlə iqnor edir. Məsələn, faşist Almaniyasında, İspaniyada, Latın Amerikasında, bir sıra klassik Şərq ölkələrində o cür mənəvi sistemlər qurmaq cəhdləri həmişə olub, amma nəticə etibarilə bunun bədəlini həmin ölkələrin xalqları ödəyib. Fikrimcə, nə qədər çətin, bəzən acı olsa belə, inkişaf etmək istəyən cəmiyyətin yaxşı yazıçıya ehtiyacı böyükdür. Qoqol, Dostoyevski, Tolstoy təkcə mədəniyyət hadisəsi deyil, onlar rus dövlətçiliyinin, xristian əxlaqının az qala İncilə bərabər təməl sütunlarıdır. Gərək ki, Çexov demişdi: "Qoca (Tolstoy) öləndən sonra bizdə hər şey darmadağın olacaq". Həqiqətən elə oldu, 6 il sonra 400 illik monarxiya çökdü, amma ətrafdakı dövlətlər Rusiyadan da pis gündə olduqları üçün bu imperiya özünü yenidən toparlayıb formalaşdıra bildi.”



Yazıçı Murad Köhnəqala: "Düşünürəm ki, nüfuzlu yazıçı ətrafda gedən ictimai-siyasi hadisələrə öz ziyalı mövqeyini bildirməlidi. Yaradıcı adamın siyasi hadisələrə mövqe bildirməsinin, birbaşa olmasa da, çoxlu sayda reaksiya vermə formaları mövcuddu. Yəni, yaradıcı adam meydanlara çıxmadan da doğru bildiyi fikri çatdıra bilər. Üzdən baxanda yazıçının siyasi işlərə qarışmaq kimi öhtəçiliyi görünməyə bilər, lakin ictimai çəkisi olan hər bir ziyalı, bu və ya digər şəkildə, öz mövqeyini ortaya qoymağa borcludu. Həm də bizim kimi keçid dövrünü, kövrək inkişaf mərhələsini təzə-təzə yaşayan ölkənin yazıçısı ictimai-siyasi olaylara biganə qala bilməz.”




Şair Aqşin Yenisey: "Əlbəttə, dünyada siyasətlə məşğul olan adamların içində ən dürürstləri yazıçılardı. Amma bizdə siyasətlə məşğul olmaq tarixən hökumətin mirzəliyi kimi başa düşülüb. Müstəlqillik illərində isə müxalif partiyalar tələb etdilər ki, yazıçılar onlara da mirzəlik eləsinlər. Siyasətdə öz mövqeyi, fikri olan yazıçı və şairləri bu gün hər iki siyasi cəbhə qəbul etmir. Hökumət ona qulluq etməyən yazarları atıb xalqın boynuna, müxalifət isə onun sözünü tutuquşu kimi təkrar etməyənləri öz qəzetlərində biabır edir. Yazıçının siyasətlə məşğul olması o demək deyil ki, partiya mövqeli olsun. Mən hər iki mövqe ilə eyni məsafəni qoruyuram deyə bu yaşımda it dəftərində də adım yoxdur. Hətta müxalifətə işləyən yazıçılarımız belə məndən yaxşı yaşayır, iqtidara işləyənləri demirəm hələ. Bütün kitablarını bir yerə yığsan, mənim bir misram ağırlığında olan gənc şair və yazarlarla görüşməkdən qaçıram. Çünki onlar görüşə qara Cip-lə gəlirlər, mən iki avtobus dəyişirəm. Əslində, bu gün Azərbaycanda bütün yazarlar siyasətlə məşğuldurlar, ya hökumətə işləyirlər, ya müxalifə. Məsələn, 80 milyonluq Türkiyədə siysətlə bu şəkildə məşğul olan bu qədər siyasətçi yazar saya bilməzsiniz. Kim deyirsə ki, Azərbaycan ziyalısı, yazıçısı siyasətə qarışmır, onun dünyadan xəbəri yoxdur.”



Yazıçı Şərif Ağayar: "Yazıçının öz seçimidir. Heç kimi heç nəyə məcbur etmək olmaz. Bir insanı etmədiklərinə görə ittiham etmək absurddur. İnsan etdiklərinə cavabdehdir.”








Musavat.com saytının baş redaktoru Xalid Kazımlı: "Məncə, bu yazıçının öhdəliyi, boynuna qoyulmuş vəzifə olmamalıdır. Bu, yazıçının (eləcə də hər bir insanın) vicdan məsələsi olmalıdır. Yazıçı vicdanlıdırsa, cəsarətlidirsə, içindən gəldiyi qədər ictimai-siyasi məsələlərə münasibət bildirə bilər. Amma bunu yazıçının boynuna qoyanda, ondan baş verən bütün hadisələrə operativ və obyektiv şəkildə münasibət bildirməyi tələb edəndə, yazıçı dönüb olacaq marionetka və sözünün kəsəri olmayacaq, sanbalı itəcək. 7-8 il öncə Peruda yazıçı Varqas Lyosa bir kəlməsi ilə prezidentin öz fərmanını geri oxumasına səbəb olmuşdu. O bəyanatı verməyi ondan kimsə tələb etməmişdi, özü etmişdi. Amma hansısa müxalifət lideri yazıçının boynuna belə bir bəyanatla çıxış etməyi qoysaydı və yazıçı onun sözüylə belə bir açıqlama versəydi, heç bir effekti olmayacaqdı...”




Yazıçı Narıngül Nadir: "Təbii ki, ziyalının, eləcə də yazarın siyasətə qarışmaq, siyasətlə məşğul olmaq kimi bir xüsusi missiyası yoxdur. Çünki siyasət də bir yaradıcılıq növüdür, bunun üçün insanda bu sahəyə aid istedad olmalıdır. Ancaq elə hadisələr var ki, onlara biganə qalmaq insanlığa sığmır.

Pasternakın fikri həqiqətdir. Peşəkar siyasətdən kənarda qalmaq olar, amma ictimai- siyasi hadisələr insanın həyatına daxil olur. Nə qədər biganə və mühafizakar olmalısan ki, ətrafında baş verənlərə göz yumasan... Xüsusən əgər ortada insan faktoru varsa... Yazar siyasətə qarışmasa da humanizmdən kənarda qala bilməz. İstər ziyalı, yazar, istərsə də adi adamlar olsun, biganəlik çox qorxuludur. Son vaxtlar sosial şəbəkələrdə haqsızlığa, zorakılığa məruz qalan insanlar haqqında statuslar paylaşılır. Baxırsan ki, başqa vaxtlar coşub –daşan bəzi yazarlar dərhal gizlənirlər, adi münasibət bildirməkdən belə çəkinirlər.

Mənə görə siyasət həm də azadlıqdır. Hər kəsin öz siyasəti olmalıdır. Nə yazıq ki, cəmiyyətə qarşı olan hadislərə münasibət bildirənləri elə cəmiyyətin özü bağışlamır. Belə insanlar elə cəmiyyətin özü tərəfindən təzyiqlərə məruz qalır. Bu çox kədərlidir."



Yazıçı Kənan Hacı: "Yazıçı siyasətçi deyil, ədəbiyyat adamıdır, o, sözünü bədii mətnləriylə deyir. Kütləvi şəkildə siyasətə qurşanmanın nəticələrini biz 90-cı illərin əvvəllərində gördük. Şair də, müğənni də, alim də, fəhlə də - hamı "politoloq” olmuşdu. Az qala, hamı evdə ailəsiylə də siyasi terminlərlə danışırdı. Bu, anormal haldır. Siyasətlə siyasətçilər məşğul olmalıdır, Yazıçı yaradıcılığı ilə məşğul olsa, daha çox fayda vermiş olar.”





Yazıçı Cavi Dan: "Yazıçı məqsədli olaraq, öz yazıçılıq karyerasına xeyirli olsun deyə siyasətə qarışanda ədəbiyyatını itirir. Onun yazdıqları da konkret çərçivə içinə məhkum olaraq konkret hədəfə qarşı və ya konkret mərkəzə meylli çıxışlardan ibarət mətnlərə dönür. Pafos bürüyür mətnləri. Lakin bu o demək deyil ki, yazıçı öz ölkəsinin, dövlətinin maraqlarına zidd olan və onu zədələməyə yönələn şəxslərə və ya cərəyanlara qarşı da loyal davranmalıdır. Əksinə, məhz belə məqamlarda mövqeyini bildirməlidir və dövlətinin yanında olduğunu bəlli etməlidir. Çünki dövlətə, ölkəyə, xalqa qarşı hər hansı bir düşmən qüvvə ilk növbədə onun üzdə görünən, kifayət qədər kütləyə təsir gücü olan şəxsiyyətlərindən istifadə etməyə cəhd edir. Bu cəhdlər alınanda ikrah doğuran mənzərə yaranır. Nəzərə alsaq ki, hər bir lider yazıçının öz oxucu ordusundan başqa həm də gənc yazarlardan ibarət ardıcılları olur və onların da mayakı yanlış istiqamətə işıq verəndə mənəvi dəyərlərin və etimadın çökməsi, ya da yanlış katalizatorluq sindromu ümumi xaos yaradır. Bir müddət sonra isə bu qədər adam bilmir, ardınca getdikləri yazıçı həqiqətinmi carçısı idi, yalanınmı. Qısası, əsl yazıçı kosmopolitizmlə vətəndaşlığın arasındakı qızıl ortanı mütləq tapmalı və orada bərqərar olmalıdır.”




Yazıçı Günel Natiq: "Düşünmürəm ki, yazıçının belə bir missiyası var. Dövrün ictimai-siyasi hadisələri özü yazıçıya material verir. Məhz o yazıçılar gündəm yaradır ki, əsərlərində ictimai-siyasi hadisələrin mənzərəsini yarada bilir. Məsələn mən Patrik Modianonu oxuyuram, fransız ədəbiyyatının görkəmli simalarından biridir, hətta Nobel mükafatı laureatıdır. Modianonu oxuya-oxuya fikirləşirdim ki, görəsən məhz hansı məziyyətlərinə görə Nöbelə layiq görülüb? Əsər özü suallarıma cavab tapmaqda yardımçı oldu. Müharibə və onun fəsadlarını araşdıran Modianonun Avropa ölkələrində millətçilik və s faktorların dirçəlməyə başladığı bir vaxtda Nobelə layiq görülməsi heç də təsadüfi deyildi.”




İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK