adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
31 Dekabr 2018 16:14
12568
SİYASƏT
A- A+

Ukraynada prezidentliyə ilk rəsmi namizəd bəlli oldu

Ukraynada 2019-cu ilin martında keçiriləcək prezident seçkilərində rəsmən iştirak edəcək ilk namizədin kimliyi bəlli olub.

Adalet.az "UNN” agentliyinə istinadən xəbər verir ki, Ukrayna prezidentliyinə ilk rəsmi namizəd sabiq ekologiya və təbii ehtiyatlar naziri, hüquqşünas İqor Şevçenkodur. O, bu gün prezidentliyə müstəqil namizəd kimi rəsmən qeydiyyatdan keçmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Qeyd edək ki, bu gündən etibarən həm Ukraynada prezidentliyə namizədlərin seçki kampaniyasına, həm də namizədlərin rəsmi qeydiyyatına start verilib. Seçki kampaniyası 90 gün müddətinə, namizədlərin qeydiyyatdan keçmə prosesi isə fevralın 3-dək aparılacaq.

Sosial sorğuların nəticəsinə görə, Ukraynada prezidentliyə namizədlərin reytinqinə son bir neçə aydır ki, "Batkivşina” partiyasının sədri, prezidentliyə namizəd olacağını deyən Yuliya Timoşenko liderlik edir. Şoumen Vladimir Zelenski də favoritlər sırasındadır. Hazırkı prezident Pyotr Poroşenko isə ikinci dəfə prezident seçilmək üçün namizədliyini irəli sürəcəyini hələlik rəsmən bəyan etməyib. Ekspertlərin fikrincə, Poroşenkonun getdikcə azalan reytinqi onun hətta ikinci tura keçməsini şübhə altına qoyur.