adalet.az header logo
  • Bakı 20°C
29 Dekabr 2018 13:50
9166
GÜNDƏM
A- A+

Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarı Gəncəyə çatıb - YENİLƏNİB

Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının Gəncə şəhərində rəsmi qarşılanma mərasimi olub.

Qarşılanma mərasimində "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov deyib ki, bu gün yalnız Gəncə şəhərinin deyil, bütövlükdə ölkəmizin həyatında əlamətdar hadisədir: "Bu sürət qatarının istifadəyə verilməsi Prezident İlham Əliyevin Gəncəyə olan diqqətinin növbəti bariz nümunəsidir. Gəncə Qafqazın ən gözəl şəhərlərindən biridir. Dünyanın ən yüksək standartlarına cavab verən beynəlxalq hava limanı, yeni yollar, təhsil ocaqları Gəncədəki inkişafın göstəricisidir. Bu gün isə onların sırasına biri də əlavə olundu. Biz çox sevinirik ki, belə sürət qatarı məhz Gəncə istiqamətində istifadəyə verilib”.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarı bu gün səhər saat 09:00-da yola düşüb. Qatar 4 saat sonra Gəncəyə çatıb.


XXX


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verib.

Sürət qatarı saat 09:00-da Bakı Dəmiryolu Vağzalından yola düşüb. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edəcək.

Qeyd edək ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var.