adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Dekabr 2018 00:49
7524
GÜNDƏM
A- A+

HÜQUQŞÜNAS ŞAİRIN SƏNƏT BUTALARI

Təkcə Mingəçevirdə deyil, onun hüdudlarından uzaqlarda da istedadlı söz adamı kimi tanınan hüquqşünas şair Bəhman Gülövşəlinin indiyə qədər dövri mətbuatda çeşidli mövzularda qələmə aldığı xeyli sayda şeiri və iki kitabı çap olunub. Sovetlər dönəmində Rusiyada, ölkəmiz müstəqillik əldə edəndən sonra isə paytaxt Bakının bir sıra rayonlarının hüquq mühafizə orqanlarında çalışan və xidməti vəzifəsini pols mayoru rütbəsi ilə başa vuran şair, xeyli vaxtdan bəri Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin xəttiylə nəşr olunan "Bənövşə" ədəbi dərgisinin redaktoru olmaqla yanaşı peşəkar hüquq müdafiəçisi kimi fəaliyyətini davam etdirməkdədir. Bəhman müəllim şəhərdə dekorativ tətbiqi sənət növü ilə məşğul olan və indiyə qədər bu sahədə xeyli əsərlər ortaya qoyan bir istedadlı şəxs kimi də çoxlarının rəğbətini qazanmışdır.
Yeni il ərəfəsində AYB Mingəçevir bölməsinin təşəbbüsü və Mingəçevir Dövlət Rəsm Qalareyası rəhbərliyinin təşkilatçılığı ilə həvəskar rəssamın fərdi sərgisinin açılış mərasiminin iştirakçıları bir daha hüquqşünas şairin bu sahədəki bacarığının da şahidi oldular.
Şəhər ictimaiyyəti nümayəndələrinin, yerli yazarların və gənclərin qatıldıqları tədbiri giriş sözüylə açan Mingəçevir şəhər Dövlət Rəsm Qalareyasının direktoru Böyükkişi Adilbəyli Bəhman Gülövşəlinin bir aya yaxın müddət ərzində nümayiş olunacaq əsərlərinin yüksək dəyər kəsb etdiyini, ölkəmizdə dekorativ tətbiqi sənətə yönəlik marağın həmişə yetərincə olduğunu sevinc hissiylə vurğuladı. AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə Bəhman Gülövşəlinin həm yaradıcı ziyalı qismində, həm də bir fərd kimi yüksək insani keyfiyyətlərə malik ölkə vətandaşı olduğunu bildirdi. Şəhər ictimaiyyəti nümayəndələrindən Əliqismət Kərimov, Nəriman İsrafilov, Zəminə Dəmirova, Eyyub Rəşidov, Yusif Ələkbərov, Məhəmməd Fərzəliyev, "Mingəçevir" qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, yerli yazarlardan Nəsib Bayramoğlu, Məmməd Mərzili, Məhyəddin Məhərrəmoğlu, Səxavət Kəlbəcərli, Kəmalə Əyyubqızı, Rəfael Dəmiroğlu və Ruslan Ələkbərli sərgidə nümayiş etdirilən əsərlərin təsir gücündən söz açmaqla, Bəhman müəllimə uğurlar arzuladılar.
Dövlət atributlarını, məişətdə işlədilən qədim əşyaları, milli musiqi alətlərimizi, simvolik şəkildə əks etdirən altmışa yaxın dekarativ sənət nümunəsinə marağın yetərincə olduğu tədbirə qatılan insanların çöhrəsindən də hiss olunmaqda idi.
Sonda Bəhman Gülövşəli çıxış edərək onun zəhmətini yüksək dəyərləndirən insanlara, AYB-nin Mingəçevir bölməsi və Mingəçevir Dövlət Rəsm Qalareyası rəhbərliyinə minnətdarlığını bildirdi.

RUSLAN ƏLƏKBƏRLİ
"Bənövşə" Jurnalının
şöbə redaktoru