adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

SƏN ÜRƏYİMİZDƏSƏN

5595 | 2018-12-29 00:21
Bu dünyada hamının doğması olmaq hər kəsə nəsib olası xoşbəxtlik deyildir. Gərək nə qədər nəcib, xeyirxah, səbirli olasan ki, hamı sənə ərklə, doğması kimi yanaşa. Allah bilir bu 20-25 il əsrində Əbülfət Mədətoğluna nə qədər telefon açmışam, ismarış yollamışam. Cavabından, davranışından könül rahatlığı tapmışam. Bu kişinin dilindən "yox!" kəlməsini nadir hallarda eşitmək olar.
Qəribədir, hər dəfə Əbülfətə telefon açanda elə sanmışam "Ədalət" qəzetinə, orada çalışan həmkarıma yox, Qarabağa, Tuğda yaşayan, düşmənlə üz-üzə, göz-gözə yaşayan, ondan hər cür nadürüstlüyü, namərdliyi gözləyən incə ruhlu şair dostumuza zəng etmişəm. Bu assosiasiya haradan doğur, bilmirəm... Bəlkə də Qarabağ itkisi bizim ən həssas, ən ağrılı yerimizdi, buna görə. Bu mənada, Əbülfət bizim dərd ortağımızdı. O, bütün kədəriylə, sevinciylə, hiss-həyəcanıyla mənə doğmadır.
Neçə vaxtdır onun haqqında düşünürəm. Əlbəttə, səbəbsiz deyildir. 2019-cu ilin ilk günü, yanvarın 1-də Əbülfət Mədətoğlunun 60 yaşı tamam olur. Hər gün bir yerdə olmasaq da, bu altmış illik ömrünün tən yarısını bir yerdə keçirmişik. Çünki onun varlığını hər gün hiss etmişəm. Telefonda sakit səsini eşitmək mənim üçün bahar mehi tək xoş olub.
Bu hisslərlə yerimdən qalxıram, Əbülfətin 2009-cu ildə çap etdirdiyi və avtoqrafla mənə bağışladığı "Ürəyimdəki sənsən" şeirlər kitabını götürüb vərəqləyirəm. Baxmayaraq, dönə-dönə oxumuşam şeirlərini, amma həmişə mənə təzə-tər gəlir. Kədər yüklü misralarının ovqatı ruhumla həmahəng səslənir:

Ötən günlərimə təəssüf etmə,
Ağır oturmuşam, batman gəlmişəm.
Elə günlər olub alıb belimə
Çaparaq gəlmişəm, atnan gəlmişəm.

Bu misralar məni 1988-ci ilin o təlatümlü günlərinə qaytarır. Əlimiz ürəyimizin üstündə olan günlərə! Səksəkə, nigarançılıq dolu illərə! O zaman Ermənistandan, Dağlıq Qarabağdan Bakıya üz tutan hər bir qələm əhli hökmən "Yazıçı" nəşriyyatına baş çəkərdi (Qəlbi sözlə, kədərlə, ələmlə dolu insanlar başqa hara getməliydi ki...) Bax, Əbülfəti mən o ağır günlərdən, "Yazıçı" nəşriyyatının nəsr şöbəsinə gəldiyi çağdan tanıyıram. İndi onun başına toplaşdığımız, sorğu-suala tutduğumuz anlar xəyalımda canlanır. Əbülfət Qarabağ ermənilərinin şeytana uymağından, kəmfürsət əməllərə əl atmalarından yana-yana danışardı.
İçərişəhər (onda Bakı Soveti adlanırdı) metro stansiyasından çıxıb üzüaşağı, Natəvan meydanına, "Yazıçı" nəşriyyatına gəldiyi vaxt nələr düşündüyünü isə onun yuxarıda adını çəkdiyim kitabından oxuyuram:

Metro girişində
Bir parça
Karton üstündə
əyləşib
qucağında
əl boyda
körpəsi əldə
bir qadın
çörəkpulu
dilənir.
Budur həssas qəlbli şair ürəyi. Onun gözləri ilə o qadını mən də gördüm. Qəribədir, bu sətirləri yazanda da, sanki, Əbülfətin pıçıltısını eşidirəm:

Gəl oturaq dirimizi ağlayaq
İkimizdən birimizi ağlayaq.
Görünəcək yerimizi ağlayaq
Görək, ölüm hansımıza yaraşır.

Doğrusu, Əbülfətin belə bir-birindən dəyərli, bir-birindən zərif şeirlər yazmağı məni təəccübləndirmir. Məni təəccübləndirən odur ki, Əbülfətin publisistika ilə məşğul olmadığı gün, demək olar ki, yoxdur. Həftədə beş gün işıq üzü görən "Ədalət" qəzetinin hər nömrəsində onun məqaləsi, oçerki, resenziyası dərc olunur. Mənim düşüncəmə görə, mütəmadi publisistika ilə məşğulolma onun poetik istedadına mənfi təsir etməli idi. Amma onun vaxtaşırı mətbuatda, kitablarında çap olunan şeirlərini oxuyanda bunun tam əksini görürəm və doğrusu, ondakı bu müsbət keyfiyyətə heyran oluram. Onun şeirlərindəki həssaslığa, duyğularının zənginliyinə, dilinin şəhd-şirəsinə vuruluram:

Nə kəndim var, nə evim
Hansı qapını döyüm?!
Neçə günlük qonağam -
Nə bilim, necə deyim?!

Əbülfət bu son 26 ildə haqqında yazmadığı şair çox az olar (hərdən nasirləri də yad edir). Vaxt tapıb ədəbi jurnallarda dərc olunan materiallardan da söz açır. Bəli, şair, jurnalist Əbülfət Mədətoğlunun gündəlik həyatı belə keçir - sözün içində... Hərdən məqalələrində özü ilə də söhbət edir. Poetik söhbət. Axı o, adicə məqalələrində, esselərində də şairdi.

Gözlərim yol yüklüdü
Gəlmirsən yüngülləşsin...
Dərin bağrını dələn -
Kirpiklər süngüləşsin...

İçimdə lövbər salıb
Oturuşmuş qoca dərd...
Bir həmsöhbət də yoxdu -
Alım təzə-borca dərd...

Göz yüküm sözə hopur -
Misralar ağlaşır...
Ömürdən günlər qopur.
Həsrətim ahıllaşır...

Əbülfət Mədətoğlunun qəlb çırpıntılarının bəhrəsi olan şeirlərindən istənilən qədər misal gətirmək olar. Yubiley günü yaxınlaşdıqca mətbuatda haqqında demək olar, hər gün məqalələr, esselər dərc olunur. Göstərilən bütün bu sayğılar Əbülfət Mədətoğlunun halal haqqıdır. Hörmət-izzəti əmrlə, fərmanla qazanmırlar, insanlıqla, adamlıqla, doğru-dürüst əməllə qazanırlar. Əbülfət bu günəcən nə qazanıbsa öz zəhməti, istedadı, ən başlıcası, insanlığı ilə qazanıb. 2019-cu ilin ilk günü onun 60 yaşı tamam olur. Yubileyi münasibəti ilə Əbülfət bəyi təbrik edir, ona uzun ömür, yaradıcılıq uğurları arzulayıram. Haqqında yazdığımı bu yubiley yazısını elə onun öz kitabının adına uyğun qoydum: Sən ürəyimizdəsən!
"525-ci qəzet"
28 dekabr 2018


TƏQVİM / ARXİV