adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

BÖYÜKLÜYÜ İLƏ BÖYÜK ADAM

FƏRİDƏ RƏHİMLİ
23385 | 2018-12-29 00:16

Neçə gündü onun 60 illik yubileyi barədə tanınmış, tanınmamış yazarların silsilə yazıları dərc olunur. Səmimi, təmənnasız, ürəkdən yazılan fikirlərdir. Belə sevilmək hər yazara nəsib olan bir şey deyil, həm də indiki - maddiyyatın əsas sayıldığı zamanda.
Bu, bəlkə də onun qəlbinin sevgi dolu olmasından irəli gəlir. Yazanlar əsasən onun yaradıclığını önə çəkirlər. Çünki o, əksər vaxt özünü yazır, içindəkiləri poetikləşdirib kağıza köçürür və deməli həm də onun özündən yazırlar.
İlk dəfə onu kim "Dərd şairi" adlandırıb, bilmirəm (səhv etmirəmsə, Bəxtiyar Vahabzadə idi). Amma həqiqətən də duruşundan, yerişindən, baxışından dərd tökülür. Onu o qədər dərdli görürəm ki, üzü güləndə sevinirəm. Özü yazdığı kimi, dərdi suçəkən kimi çəkir özünə. Dərdlə elə qardaşlaşıb, elə qolboyun olub ki, deyir: "Elə dərd var ki, gəlməyəndə, gərək özün durub gedəsən ayağına...".
Dərdiylə, duyğusuyla, düşüncələriylə, hərdən sezilən kiçicik sevinciylə, sözə güvənərək, dosta arxalanaraq, sevgisinə ümidlənərək yaşayır Dərd Şairi...
Həssas qəlbiylə çoxlarının yersiz iradlarını, haqsız davranışını "udsa" da, kin saxlamır, "dəvə səbri"ylə Haqqa sığınır.
Hətta ona maddi, yaxud mənəvi zərbə vurmuş, onu dəfələrlə incidən kimsəni belə incidəcək təbiətdə deyil. Kin saxlamaz, bir xoş sözə, bir həlim baxışa, bir sehirli "bağışla"ya bənddi ki, bütün günahları əfv etsin. Həlim, sadədən sadə, uşaq kimi xoş münasibətə "aldanan", bəzən fağır, bəzən incidiyi haqsızlıqdan ağlamaq həddinə çatan, amma gözündən yaş çıxmadan içində yanan közü boğub, tüstüsünü siqaretin tüstüsünə qataraq özündən uzaqlaşdıran, nə sevincini, nə kədərini gizlətmək "fərasətində" olmayan Əbülfət Mədətoğlu.
Yaradıcılığının ən gözəl çağındadı, nəsri də, poeziyası da paralel olaraq oxucusu tərəfindən sevilir, qiymətləndirilir. Onun yeganə ən böyük sevinci də məhz bu qiymətdi.
O, jurnalistika sahəsində mənim ilk müəllimimdi. Onun ilk oxucularından olmaq xoşbəxtliyi də mənə nəsib olub. Ürəyi silkələyən misralarına, Qarabağ nisgilinə ilk mən ağlayıram, yurd həsrətinin göynərtisini ilk mən qəlbimdə hiss edirəm, onu əsəbiləşdirən, haldan çıxaran olaylara münasibətində ilk mən təəssüflənirəm, ürəyinə sahib olan sevgisinin ilk pıçıltılarını mən duyuram... Bəzən hisslərinin təsiri ilə yazaraq fərqinə varmadığı redaktə işlərini görməyə də cəsarət edirəm. Təvazökarlıqla qəbul edir və bu da sadəliyin, böyüklüyün nümunəsidir.
Yaradıcılığı haqda kifayət qədər deyilib, yazılıb. Amma onun insan kimi ətrafına, yaxınlarına, kollektivinə, cəmi bir dəfə gördüyü birinə belə yardım əlini uzatması insanlığın gözəl nişanəsidir. Onun, təkcə mən yanında olarkən zəng edib iş düzəltdiyi insanları siyahıya alsaq, bütün respublikanın yarısı onun bacısı, qardaşı, xalaoğlusu, xalaqızısı, əmioğlu-əmiqızısıdır... Bu "qardaş-bacılığın, qohumluğun" ömrü isə o iş düzələnə qədər olur. Həqiqi qohumlarınsa "sağ əli" olan bu insan onların sol yanında - ürəklərində də yeri olmasını istəyir, amma buna nail ola bilirmi?! İşə başladığım gündən anamın: "Əbülfət, Fəridə sənə əmanət!" dediyi vaxtdan bugünə qədər əmanət kimi də yanaşır, bəzən az maaş almağımda da, xəstələnməyimdə də, bir problemlərimin olmasında, hansısa işlərimin düzəlməməsində də sanki özünü günahkar sayır.
Bircə umacağı var şairin: diqqət!
Təbii ki, hamının ehtiyacı olan istəkdir, amma şairin bu istəyi digər istəklərini üstələyir. Hə, bir də onu yaşadan, həyata bağlayan içindəki mübhəm sevgidi. Əlçatmaz olsa da, xəyala, ümidə güvənsə də, bəlli ki, yaşam qaynağıdı.

Mən çox düşdüm çovğununa, bürkünə,
Tale, məni sən bələdin kürkünə!
Altmış ilim dəyməz oldu bir günə,
Sənsizlikdə...

Sadə, səmimi, rahatlıqla ürək qızdırıb söz deyə, sirr verilə bilinən insan Əbülfət Mədətoğlu, şair Əşrəf Veysəlli deyir ki:

Altmışım arxada qalıb haçandı,
Haçandı gözümün yuxusu yoxdur.
Yaşın çətinliyi altmışacandı,
Altmışdan o yana qorxusu yoxdur.

Günlər qanadlanır, uçur - quş olur,
İllərin karvanı ötüşmüş olur.
Ömür yetmişində yetişmiş olur,
Yetmişdən o yana qorxusu yoxdur.

Taleyinə Qarabağ boyda qara yarası, yurd nisgili, "qaçqın" damğası və eyni zamanda el məhəbbəti, oxucu sevgisi yazılmış qohum, dost, sirdaş, böyük ADAM, yaşın mübarək!

TƏQVİM / ARXİV