adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Dekabr 2018 00:02
8042
GÜNDƏM
A- A+

GECƏ YARISI DÖYÜLƏN QAPILAR

Əbülfət Mədətoğlu - 60

"Ədalət" ailəsi

Əlövsət Bəşirlinin 16 mart 2013-cü il tarixdə qəzetimizdə dərc olunmuş bu yazısını əməkdaşımız Əbülfət Mədətoğlunun 60 yaşı ilə bağlı təkrar çap edirik.

Gözünün dərinliyi - Xəzəri ötüb, keçib,
Xəzər dərinliyində bir xeyli o tərəfi -
kədər özünə yuva seçib!..
Oxuya bilmirəm o kədərin "sim-sim"in
Bəlkə...g özün açasan tilsimin -
dünyanın son ucundakı kədərin...

Əbülfət Mədətoğlu

Onu tanıdığım gündən gözlərində kədər görmüşəm. Ürəyində yuva salan qəm-qüssə gözlərinin dərinliyinə çöküb. Dalğın baxışlarından çəkilib getməyən kədərin alt qatında ümid közərir...
Ümid inam doğurur. "Qiyamət günü olsa belə əlinizdəki son toxumu torpağa səpin". Peyğəmbər hikmətinin mənası: ən ağır günündə də ümidini, inamını itirməməlidir insan.
Ömrünün qiyamətini evinin qapısı qəfil döyüləndə görmüşdü o.
"Oğul, qapın həmişə xeyirə açılsın, - xeyir-dua verəndə anası deyərdi, sonra əllərini göyə qaldırıb Tanrıya yalvarardı, - İlahi, rəva görmə mərd qapısını namərd döysün".
Onun qapısı isə gecə yarısı elə döyüldü ki, səksənib çarpayıdan yıxıldı. Böyrü üstə qapıya sarı boylanıb qulaq verdi. Tanış səs idi. Ani sükutdan sonra dikəlib qapıya yaxınlaşdı, cəftəni qaldırdı. Sifətini tük basmış "qapıbir" qonşusunu görəndə gözlərinə inanmadı. Üz-gözündən zəhrimar yağan qonşunun ağzından zəhər tökülürdü. O, boğuq, xırıltılı səslə qışqırıb söyüş söyə-söyə əllərini kəndin ucqarında yanan evlərə, tövlələrə, ot-ələf tayalarına tərəf uzatdı. Sonra arxasında marığa duran saqqallıları göstərib xırıldadı: "Radd olmasaz, bunlar evini yandıracaqlar, hamınız da içində".
Ona elə gəldi ki, qonşusu saqqallılara qoşularaq gecənin qaranlığına qarışıb əridi. Ancaq ani sükutdan sonra döyülən qapıların qulaqbatıran səsi yandırılan evlərdən gələn hay-haraya qarışdı...

ƏZAB

içində qıvrılır, bədəni od tutub yanırdı. Gündüzlər bir yerdə aram ola bilmir, sərsəri kimi hey vurnuxurdu. Gecələr yatağına qor tökülübmüş kimi çimir eləmirdi. Anasının təkidilə gözlərini bir təhər yumub özünü yuxulu kimi göstərirdi. Bəzən huşa gedib mürgüləyəndə qəfil səksənir, yönünü divara çevirib küt-küt baxır, başına gələnlər gözlərinin qabağından çəkilmir, eşitdiyi haray-həşir təzədən qulaqlarına dolub boğuq uğultu salırdı...
Heç ağlına da gəlməzdi ki, vaxtilə, yeniyetmə çağlarında yaşıdları ilə birlikdə baxdığı savaş filmlərini bir zamanlar açıq-aşkar həyatda görə bilə, hətta onların iştirakçısı ola. İndi özü də məəttəl qalmışdı ki, külfətini, olar-olmazının əlinə keçənini necə maşına yığıb od-alovun içərisindən salamat çıxarmışdı. Həyətdə vurnuxan Bozdarı zəncirindən açmağa da necə macal tapmışdı. Qıllı köpək yiyəsindən ayrılmaq istəməyərək ləhləyə-ləhləyə maşının dalınca qaçanda arxadan atılan düşmən gülləsinə tuş gəlmişdi.

Düşmən gülləsi,
erməni məkri...

Gecə yarısı qapısını döyən qonşusu və onun arxasında marığa duran saqqallı pəzəvənglər yadına düşdü. Yatağında ilan çalmış kimi ağrıdan qıvrıldı.
"Aman Allah, necə ola bilər axı?!" Ata-babadan "qapıbir" qonşu olmuşdular. Can deyib, can eşitmiş, duz-çörək kəsmişdilər qədim Tuğ kəndində. Doğrudur, ötən əsrin əvvəllərində aranı qarışdırmışdılar. Bu, necə olmuşdu görəsən?! Hə, "atan kazaklardı". Məktəb səhnəsində Vladik Allahverdi, o, İmamverdi rolunu oynamışdı. Deyirdilər, yaxşı da alınmışdı. O vaxtdan dost olmuşdular. Məktəbli uşaqların xorunda oxumuşdular: "Kür, Araz, Ararat. Gözəldir bu həyat. Qardaş olub Hayastan, Azərbaycan!" İllər keçmiş, böyüyüb ailə qurmuşdular. Toy məclislərində əl götürüb qoşa oynamışdılar. Tostlar deyilmiş, qədəhlər cingildəmişdi. Vladikin tamadalığına söz ola bilməzdi. Həmişə dostluqdan dəm vurar, sədaqətdən, etibardan tost deyərdi...
...Yatağında nəfəsi darıxırdı: "Belə çıxır ki, fil qulağında yatmışammış? - fikirləşirdi, - tək mən yox, hamımız ürəkdən inanmışdıq boğazdan yuxarı deyilənlərə, saxta dostluğa. Bu da axırı".
Yatanları oyatmasın deyə nəfəsini içinə çəkib yavaşca köks ötürdü. Demə, ana da oyaqmış: "Qadan ürəyimə, özünü ələ al, tək biz deyilik ki..."
Anasına cavab verməsə də ürəyindən keçirtdi: "Tək biz deyilik. Hər yan qaçqın-köçkündü. Qışın şaxtasında nimdaş çadırlarda soyuqdan əsirlər. Yenə biz bir təhər düzəltmişik bu daxmanı". Gözünün qabağına ikimərtəbəli yaraşıqlı eyvanlı evləri, sahmanlı həyətləri, güllü-çiçəkli, bol meyvəli bağları gəldi. Qanı qaralsa da, özünü cəmləyib yatağından qalxdı. Qapı yanında əldəqayırma qaz sobasının zəif işıqlandırdığı masanın üstündəki qovluğu açıb qələm-kağız götürdü...
Sübhün süd rəngi kiçik pəncərədən otağa dolanda anası onun yazı masasının qırağına qənd-çay qoyub pıçıldadı: "Sən yazı-pozu adamısan, bala. Ürəyini boşalt kağıza, qoy başımıza gələnləri hamı bilsin".

"ƏDALƏT" 

Qovluğunu qoltuğuna sıxıb nəşriyyatı mərtəbə-mərtəbə gəzdi. Dəhliz boyu sıralanan qəzet-jurnal redaksiyalarının qapılarına baxa-baxa asta addımlarla irəlilədi.
Fikirli idi. Yazısını hansı qəzetdə çap elətdirsin, həm də iş tapsın, ailəsini dolandıra bilsin. Birdən bir qapının üstündəki yazı diqqətini çəkdi: "Ədalət" qəzeti redaksiyası.
Qapını yarı açıb içəriyə boylandı. Sevindiyindən ürəyi atlandı. Bu, o idi. Başını aşağı salıb yazırdı. Dən düşən saçları alnına tökülmüşdü. Birdən başını qaldırıb diqqətlə baxdı. Və üzünün xoş, tanış təbəssümündən elə bil onun ürəyinə işıq süzüldü. Çaşan kimi oldu, dili topuq çaldı:
- Aqil müəllim, mən...
Sözü ağzında qaldı. Baş redaktor dərhal ayağa qalxıb özünəməxsus coşqu ilə onu qucaqladı:
- Belə sən xoş gəlmisən, - dedi və onun əlindəki qovluğa nəzər salıb ərkyana soruşdu, - de görüm nə gətirmisən, nə yazmısan?
Qovluğunu açıb stolun üstünə qoydu. Yazını sürətlə oxuyan baş redaktorun eyni açıldı:
- Elə bizim qəzetə belə yazılar lazımdır, həqiqəti olduğu kimi, bəzəksiz-düzəksiz.
O, fikirli halda:
- Doğrusu neçə gündü ki, özümə gələ bilmirəm, - dedi, - başımıza gələnlər, ağlasığmaz hadisələr gözümün qabağından çəkilmir, əsəblərim dözmür. Ani olaraq susub ah çəkdi:
- Bu gecə də çimir eləyə bilmədim. Alaqaranlıqda durub, qələm-kağız götürdüm. Bütün ağrı-acılarımı ağ vərəqlərə tökdüm. Bir az özümə gəldim elə bil. Sonra fikir götürdü məni: bunu kim, hansı qəzet çap eləyər, elə belə olduğu kimi, bütün kəskinliyilə! Anam təsəlli verib dedi ki, dünya xali deyil.
Sözünə ara verib baş redaktora zənnlə baxdı:
- Nəşriyyatın bütün mərtəbələrini gəzib axırda sizin qapını açdım. Qələminə, istedadına yaxşı bələd olduğu, yaşca özündən cavan həmkarının səmimiliyi baş redaktoru təsirləndirdi.
Dərindən köks ötürüb təsəlli verdi:
- Bilirəm, nələr çəkmisən, şükür ki, ailəni od-alovun içindən salamat çıxarmısan... Elnən gələn bəladır bu. Qaçqınların, köçkünlərin sayı-hesabı bitib tükənmir. Çadırlarda camaatın dərdinə şərik olmuşam, ürəyimin ağrısı tutub. Dözmək çox çətindir.
O, əlini sövq-təbii sinəsinə sıxdı:
- Ancaq ağlayıb-sıtqamaqla iş aşmaz. Gərək hər kəs öz bacarığını göstərə, hamı bir ola... Biz də beləcə - olanı, həqiqəti yazmalıyıq. Özünü yazıq kimi dünyaya göstərən düşmənin məkrini açıb ağartmalı, ifşa etməliyik. Gərək qələmimiz qılınc təki kəsərli ola!..
- "Ədalət" adına layiq çıxır, sözünü deyir.
O bu sözləri qeyri-ixtiyari birnəfəsə, bir qədər pafosla dedi, sonra ani olaraq susub sual dolu baxışlarını baş redaktora dikdi:
- Bəs Qlavlit nə deyir, nə əcəb icazə verir?!
- Nə Qlavlit, nə senzura, onsuz da bu gün-sabah ləğv olunacaq o idarə. Özlərinə, üzlərinə demişəm sözümü. Soruşmuşam ki, ermənilər saqqallı muzdluları dünyanın o başından gətirib xalqı qanına qəltan edəndə, dədə-baba yurdlarından didərgin salanda, ev-eşiyinə od vurub yandıranda kimdən icazə almışdılar?! Mənə öz xalqımın müsibətlərini yazmağa kim qadağan eləyə bilər?!
O danışdıqca sanki kiminləsə mübahisə edir, haqlı olduğunu, qadağalara son qoymağın vaxtı çatdığını söyləyir, dalğın halda otaqda gəzişirdi. Birdən dayanıb qovluq dolu yazısını gətirən, açıq ürəklə dərd-sərini söyləyən, məsləhət istəyən həmkarına nəzər saldı. Onun yuxusuz gözlərində dərin, ürəyə işləyən qatı kədər dumanı görüb fikrə getdi.
Araya ağır sükut çökdü. Sonra üzbəüz oturub fikirlərini bölüşdülər. Baş redaktorun təklifi ürəyindən oldu. O, "Ədalət"də işləyəcəkdi, həyatının amalı olan ədalətdən yazacaqdı. Bütün qadağalara, məhdudiyyətlərə rəğmən! Senzura onların - yeni, azad, müstəqil mətbuatda çalışanların vicdanı olacaqdı.
Belə düşünürdü, arzulayırdı o!
Ən ağır çağlarında onu ovunduran, ürəyinə qüvvət verən, əqidəsinə, amalına, diləyinə dəstək olan yerdə çalışmaq istəyirdi ömrü boyu.


DAĞ ÇAYINDAN
ÜMMANA

"Ədalət"ə bağlandı taleyi. Qələmə sarıldı. Ancaq hiss etdi ki, qələm götürüb yazmaq, hələ qələm sahibi olmaq deyil. Əyalətlə paytaxt şəhərinin ab-havası bambaşqa idi, xüsusən yaradıcılıq meydanında. Elə bil qıjhaqıjla axan kiçik dağ çayından sahilləri üfüqdə ilğımlaşan dənizə düşmüşdü. Kür-Arazdan savayı gör nə qədər dağ çayı tökülür Xəzərə. Ancaq bu çayların çoxu yayın istisində buxarlanıb quruyur, mənzil başına çata bilmir.
O, ürəkdən bağlandığı sənəti yolunda büdrəməmişdi, çətinliklə də olsa, gəlib elə bir yaradıcılıq ümmanına düşmüşdü ki, burada sadəcə əl-qol atmaq yox, yaxşı üzməyi bacarmaq gərəkdir. Öyrəndi, görüb götürdü, çiyin-çiyinə çalışdığı həmkarlarından, xüsusən ondan qayğısını əsirgəməyən baş redaktordan.
Bir müddət sonra o, millət vəkili seçildi. İradə xanım Tuncay baş redaktor oldu və redaksiyaya, yaradıcı kollektivə özü ilə birlikdə yeni ab-hava gətirdi. O, heç kimin yazı üslubuna, dəst-xəttinə xələl gətirmədən redaktə etməklə, hələ yetərincə püxtələşməmiş yazarlara yerindəcə dəyərli məsləhətlərini verməklə kifayətlənmədi.

Eyni zamanda əyani yaradıcılıq nümunəsi kimi qəzetin şənbə nömrələrində publisistik məqalələri ilə müntəzəm çıxış etdi.
İ.Tuncay publisistikasının ən önəmli məziyyəti, səmimiyyəti diqqət çəkirdi. O, elə bil oxucusu ilə üz-üzə, ürək-ürəyə söhbət edir, fikirlərini bölüşürdü. Problemlərimizi ürək yanğısı ilə qələmə alan müəllifin hər bir yazısının maraqla oxunub əks-səda doğurmasının səbəbi bunda idi. Onun publisistikası oxucunu özünə cəlb edir, düşündürür, səfərbərliyə alır, ayıq-sayıq olmağa, olmuşlardan ibrət götürməyə, olacaqları duymağa, önləməyə səsləyirdi.
"Söz hər şeyin başlanğıcıdır... Açıq sözü, doğru sözü qorumaq əsl hünər işidir. Qələm sahibinin vicdan işidir", - deyən və düz sözə, haqq sözə qələm çalan İradə xanım Tuncaydan səylə öyrənən redaksiyanın yaradıcı kollektivi ilə (indi tanınmış jurnalistlər Məzahir Əhmədoğlu, Babək Yusifoğlu, Etibar Cəbrayıloğlu, Ceyhun Musaoğlu, Faiq Qismətoğlu, Vəsilə Usubova, mətbuat aləmində xatirəsi əziz tutulan mərhum istedadlı yazarlar şair-publisist Vahid Əlifoğlu və satirik qələm sahibi Oqtay Salamov) birlikdə baş redaktorun müavini Əbülfət Mədətoğlu da bu əvəzsiz yaradıcılıq məktəbindən yetərincə faydalanaraq yetkin qələm sahibi kimi püxtələşdi.
Ən önəmlisi budur ki, o, Vətənin ağır çağlarında əsl vətəndaş kimi öz ərizəsi ilə həqiqi hərbi xidmətə, baş leytenant rütbəsində cəbhəyə getdi. Əlində silahla qələm eyni zamanda "Ədalət" və müdafiə nazirliyinin "Xalq ordusu" qəzetlərinin cəbhə müxbiri kimi səngərlərdə, döyüş meydanlarında oldu. Ölüm-dirim savaşlarından reportajlarının, barıt qoxulu yazılarının, qaynar, dürüst xəbərlərinin ardı-arası kəsilmədi. Düşmən güllələri başının üstündən vıyıldayıb keçdi. Ölümün bir addımlığında salamat qalmasını möcüzə saydı. Yaxınlıqda partlayan "qrad"ın ölümsaçan qəlpələri ətrafına səpələnib bir az əvvəl onunla birgə nahar edib öz səngərinə keçən zabit dostunun həyatına son qoydu. "Azərbaycan gəncləri" qəzetinin cəbhə müxbiri, adaşı Əbülfət İlyas oğlu yolda qəzaya düşdü. Və səhvən Əbülfət Mədətoğlunun ölüm xəbəri redaksiyaya çatdı. "Ədalət" qəzeti nekroloq verdi. Ailəsi, qohumları, yaxınları yas içində olanda Əbülfət sağ-salamat evinə qayıtdı .
Doğmalarına, yaxınlarına təsəlli verib zahirən sakit görünməyə çalışsa da, içərisi qaynayırdı. Cəbhənin ölüm-itimindən, torpağı göyə sovuran bombaların qulaqbatıran səsindən sonra paytaxt şəhərinin qeyri-adi sakitliyində, dincliyində elə bil qəfildən dərin quyuya düşmüş kimi idi. Gözlərinə çökən kədər-qəm dumanı da gördüyü dəhşətləri unutdura bilmirdi ona. Xüsusən odu-alovu içindən tələm-tələsik çıxdığı qədim Tuğ kəndinin ürəyi parçalayan miskin görüntüsü...
O, zirehli hərbi maşında - ZTR-də doğma yurduna getmiş, kənddə azərbaycanlıların evlərinin yandırıldığını, özünün ikimərtəbəli evinin yerində kül qalağını görmüşdü. Zirehli hərbi maşının güclü mühərrikinin qızdırdığı kabinədə bədəni buza dönmüşdü elə bil.
İndi də isti evində canı qızmır, kənddə doğma ocağının bir qalaq külü yadından çıxmır, göz yaşı boğurdu onu.

Yandı evim, eşiyim,
yandı divarım, daşım.
İsit, qoyma üşüyüm,
isit məni, göz yaşım.

SABAHA ÜMİDLƏ

"Ədalət"in daimi oxucusu kimi qəzetin hər bir nömrəsini izləyirəm, ələlxüsus şənbə günləri köşə yazıları diqqətimdən yayınmır. Redaksiyanın yaradıcı kollektivində çalışan yuxarıda adlarını çəkdiyim təcrübəli jurnalistlərin köşə yazılarını məmnuniyyətlə, maraqla oxuyuram. Son vaxtlar nisbətən cavanların (Xuraman Hüseynzadə, Fərhad Şabanov, Cəlil Cavanşir, Fəridə Rəhimli) müxtəlif mövzularda qələmə aldıqları köşə yazıları diqqət çəkir, oxucunu düşündürür, təsirləndirir və fikrimcə, qəzetin oturuşmuş ab-havasına təzə nəfəs, təravət gətirir.
İndi qəzetlər və müxtəlif nəşrlər bolluğunda nəfis tərtibatı, dolğun məzmunu ilə oxucularının sayını artıran "Ədalət"də bir qayda olaraq hər gün həyatımızın "nəbzi döyünür". Bu da qəzetin təsisçisi, baş məsləhətçisi, redaksiyanın taleyüklü məsələlərinə xüsusi diqqət yetirən tanınmış yazıçı-publisist, millət vəkili Aqil Abbasın və yaradıcı kollektivin rəhbəri baş redaktor İradə xanım Tuncayın danılmaz xidməti sayəsindədir. Çox ağır zəhmət, peşəkarlıq və təşkilatçılıq tələb edən bu işdə baş redaktorun müavini Əbülfət Mədətoğlunun da böyük əməyi var.
Vəzifəsini öz səlahiyyəti hüdudunda məsuliyyətlə icra edən Əbülfət müəllimin canıbir, ayrılmaz dostu Qələmi, güvənci, inancı, dayağı isə Sözdür. Əməkdar jurnalist, istedadlı şair kimi onun yaradıcılığının epiqrafı böyük Nizaminin vəsf etdiyi Sözdur: "Söz oldu bu cahanda cilvələnən ilk gözəl".
İstər "Ədalət"in məhsuldar publisisti, köşə yazarı, istərsə də dövri mətbuatda müntəzəm çap olunan şeirlərin müəllifi kimi hansı mövzuda, kimdən, nədən, haradan necə yazır yazsın o, sözə həssas yanaşır, hər kəlməni, ifadəni öz çalarında, yerli-yerində, ölçüsündə, qədərində işlətməyə çalışır və əksərən istəyinə nail olur.
Əbülfət müəllimin köşə yazılarının özünəməxsusluğu, fərqli cəhəti həmçinin ondadır ki, zəruri saydığı məqamda, yeri düşəndə o, fikrini poetik dildə ifadə edir və bununla oxucunu yalnız duyğulandırmır, eyni zamanda təsirləndirir, düşündürür. "Baxış bucağı" rubrikasında "Sənsiz. Sükutla keçən ad günü" yazısı bu baxımdan xüsusən səciyyəvidir: "Mən illər boyu içimi yeyib-tökən, didib parçalayan o suala cavab tapmağa çalışdım. Tapdığım cavab da bir neçə misradan ibarət şeirə çevrildi:

Niyə ağladığını soruşmuram,
Niyə susduğunu da, niyə güldüyünü də,
Sakitcə izləyirəm nədən küsdüyünü də.
Çünki, ağlamağın, susmağın,
İnciməyin, lap elə küsməyin də
bir səbəbi var: o da ayrılıqdır! -
Dünyada ən çox
ayrılıqdan ağlayır adamlar...

"İç dünyasını" oxucusuna açan müəllif onunla bölüşür, etiraf edir: "Dərdimin, kədərimin çəkisi ilə mən daxilən çox rahatam. Düşünürəm ki, bu mənə Allah payıdır. Buna da min şükür. Elə şükür edə-edə də yazıram:

Hazır sənə sübutlu
qəm var çəkənlər üçün
ürəyimdə qəmlərə
saray tikənlər üçün.
Hazır sənət, sübutlu
qəm var reklamdan qaçır
gör necə bəxtəvərəm
qəm könlümdə gül açır!..

Dərdini, kədərini "Allah payı" sayıb şükür edən, qəmi "könlündə gül açan" şair qətiyyən bədbin deyil, Sabahına nikbinliklə baxır, oxucusunu ümidini itirməməyə, inamlı olmağa səsləyir.
"Hardasa içimdə bir çınqı alışır, bir od közərir, bir şam yanır və o şamın işığında şeir yazıram. Bütün sevənlərə, bütün sevdiklərimə, eləcə də sənə. İstəyirsən oxuyum:

İçimdə bir şam yandır,
yandır, əlin əsməsin
Sən özünü inandır
ümidini kəsməsin -
Sabaha...

Gecə yarısı evinin qapısı məkrlə döyülən, başı müsibətlər çəkən, Qarabağda şəhid olmuş, Xocalıda güllələnmiş 17 doğmasının ağrısını "cılız bədənində daşıyan", ciyərparasının qanlı köynəyini bağrına basıb havalanaraq fəryad qoparan Ananın faciəsini yaşayan, "Aslanın erkəyi-dişisi olmaz. Bu dərdlərə ancaq aslanlar dözə bilər, bu yükü ancaq aslanlar çəkə bilər", - deyə Qadın dəyanətini qələmə alan, "içini yeyib-tökən, didib parçalayan suallara cavab" axtaran şair ürəyində "alışan çınqı"nın ümid, inam işığında oxucularını Sabaha səsləyir.
Taleyinin qəfil, kəskin dönəmində bütün ağrı-acılara, məhrumiyyətlərə rəğmən qəlbində şölələnən Ümidin doğurduğu İnamın Sabaha açılan işığı ümumən Əbulfət Mədətoğlu yaradıcılığını səciyyələndirən keyfiyyətdir. Və təbii ki, bu nikbinlik birdən-birə yaranmamış, ağır-üzücü qaçqın-köçkün həyatının dolaylarından "sivrilib" çıxmış, tədricən "sürət götürmüş", nəhayət yetkin Qələmin məhsulu olaraq diqqət çəkmişdir.
Mən bu qənaətə son 20 ildən çox bir müddətdə Əbülfət Mədətoğlunun dövri mətbuatda, ədəbi orqanlarda ("Azərbaycan", "Ulduz", "Ədəbiyyat qəzeti") və kitablarında ("Səməni nəğməsi" - 1986, "Nilufər çiçəyi" - 1989, "Zəhmli polkovnik" - 1992, "Qəhrəman İbad" - 1994, "Dərdini danışan adam" - 1999, "Nişanə" - 2000, "Ehtiyacın elçi daşı" - 2002, "Döymək istə-diyim qapılar" - 2004, "Allah, məni unutma" - 2006, "Sevgi pıçıltıları" - 2007, "Ürəyimdəki sənsən" - 2009, "Yanan məktub" - 2010, "Üfüqdə görünən adam" - 2010, "Hər görüş bir ümiddir" - 2011, "Mənim kimi sevə bilsən" - 2012) dərc olunan şeirləri, nəğmələri və sənədli povestlərini oxuyaraq gəlmişəm.
Yetkin yaradıcılıq dövrünü yaşayan Əbülfət Mədətoğlunun poeziyası oxucunu duyğulandırır, sanki onu sehrli qanadlarında zülmətdən işığa, Ümid, İnam dolu Zirvəyə, dan yeri şəfəqlənən Səhərə, Sabaha aparır...
"Əbülfət sözün əsl mənasında şairdir, onu oxuyanda tüstüm təpəmdən çıxır. Bax, budur sənətin qüdrəti" (Bəxtiyar Vahabzadə).

ƏSGƏR ATASI

Onu tanıdığım gündən gözlərində kədər görmüşdüm. Ürəyində yuva salan qəm-qüssə gözlərinin dərinliyinə çökmüşdü. Dalğın baxışlarından çəkilib getməyən kədərin alt qatında ümid közərirdi...
Zaman keçdikcə ümidi artdı, gücləndi. Və böyüdüb boya-başa çatdırdığı oğlunu əsgəri xidmətə yola salan gün görəndə ki, ordumuzun sıralarına necə igidlər qatılır ümidi inama çevrildi. Öz oğlu kimi boy-buxunlu, qamətli cavanların gözlərindəki inad, qətiyyət onun şair qəlbini riqqətə gətirdi.
Çox çəkmədi ki, oğlunu yaşıdları ilə çiyin-çiyinə polad sırada təmas xəttində gecə-gündüz ayıq-sayıq cəsur əsgər kimi görəndə ürəyi dağa döndü.
"Ümid sənədir ancaq, Azərbaycan əsgəri!" Ustad şair həmkarının harayı Vətən oğullarının dilinin əzbəri, yenilməz Mübariz İbrahimovun qəhrəmanlığı onlara örnək, hünər təlim-dərsi idi.
"Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var". Ali Baş Komandanın sözləri əsgər atasını qanadlandırır. "O gün uzaq deyil. Biz qalib gələcəyik, torpaqlarımızı azad edəcəyik. Daha qapımızı namərd döyməyəcək", - deyə düşünür, sabahına ümidlə, inamla baxır, qələmindən nikbin misralar süzülür:

Gözlərini geniş aç,
hər zərrəni görüb duy.
Ümid qığılcımından
bir çınqı əl yeri qoy -
Sabaha!

P.S. Özümün və ailəmin xətrini çox istədiyi, hətta ailəmizin bir üzvü hesab etdiyimiz Əbülfəti 60 yaşının tamamı münasibətilə ürəkdən təbrik edirik. Ona can sağlığı və doğma Tuğ kəndində bizlərlə birlikdə dostlar arasında növbəti yubileylərini qeyd etməyi arzu edirik. Mədətoğluna yubileyin mübarək olsun deyirik