adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
28 Dekabr 2018 11:27
8160
SİYASƏT
A- A+

Milli Məclisdə “Azərbaycan parlamentarizmi tarixi” kitabı təqdim olundu

Bu gün Milli Məclisdə parlament rəhbərliyinin, millət vəkillərinin və Aparat işçilərinin iştirakı ilə Azərbaycan Parlamentinin yüz illiyinə həsr olunmuş "Azərbaycan parlamentarizmi tarixi” kitabının (bircildliyinin) təqdimatı keçirilib.

 Milli Məclisin sədrinin müavini Bahar Muradova öncə başa çatmaqda olan 2018-ci ilin həyəcanlı və əlamətdar il olduğunu bildirib.

Qeyd edib ki, 2018-ci il ölkə Prezidenti İlham Əliyevin tarixi sərənamı ilə "Cümhuriyyət İli” elan edilib və ötən bir il ərzində də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC), Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı ən müxtəlif və yüksək səviyyəli tədbirlər keçirilib.

Onun sözlərinə görə, həmin tədbirlər sırasında ilk növbədə bu ilin mayın 27-də AXC-nin yüz illiyi və sentyabar ayının 21-də Azərbaycan Parlamentinin bir əsrlik tarixi ilə bağlı keçirilən möhtəşəm tədbirlər gəlir.

B. Muradova bildirib ki, sentyabrın 21-də ölkə prezidentinin iştirakı ilə Milli Məclisdə Azərbaycan Parlamentin 100 illiyinə həsr olunmuş xüsusi və təntənəli iclas keçirilib.

Vitse-spiker eyni zamanda, ötən dövrdə Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı geniş tərtibatlı kitabın (bircildliyin) hazırlanmasına başlanılıdıdığını və onun bir il yarım ərzində ərsəyə gətirildiyi diqqətə çatdırıb.

B. Muradovanın dediyinə görə, kitabın hazırlanması işi millət vəkili, tanınmış tarixçi Musa Qasımlıya həvalə olunub və qısa müddət ərzində Azərbaycan parlamentarizminin tarixi ilə bağlı məlum kitab hazırlanıb, ortaya qoyulub.

"İnanıram ki, bu kitab hər bir millət vəkilinin stolüstü kitabı olacaq, eyni zamanda, gələcək elmi-tarixi tədqiqatlar üçün gözəl bir mənbə rolunu oynayacaq”-deyə, B. Muradova fikirlərini tamamlayıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli də bugünkü təqdimatı tarixi hadisə adlandırıb və bildirib ki, bu, AXC, Azərbaycan Parlamenti tarixinə ən gözəl hədiyyələrindən biridir.

Qeyd edək ki, kitabın elmi məsləhətçisi və redaktoru Milli Məclisin sədri Oqtay Əsədovdur.