adalet.az header logo
  • Bakı 21°C
28 Dekabr 2018 11:18
19425
MƏDƏNİYYƏT
A- A+

Nazir mədəniyyət ictimaiyyətini təbrik etdi

Mədəniyyət naziri Əbülfəs Qarayev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib.

Adalet.az-ın xəbərinrə görə, Təbrikdə bildirilir ki, ulu öndər Heydər Əliyevin dövlətçilik yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə nail olunmuş daxili sabitlik, dinamik inkişaf Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ildən-ilə artmasına zəmin yaradır. Dünyada qazandığı yüksək etimad sayəsində respublikamız hər il neçə-neçə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi kimi qəbul olunur. Yola saldığımız 2018-ci il, ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əlamətdar hadisələrlə yadda qalıb: "Dövlət başçısının sərəncamı ilə ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuş, ilk müstəqil respublikamızın 100 illiyi vətənimizdə və xarici ölkələrdə müxtəlif tədbirlərlə qeyd edilmişdir. Bu il həmçinin Bakı altıncı dəfə Beynəlxalq Humanitar Foruma uğurla ev sahibliyi etmişdir. Bundan əlavə, V Bakı Beynəlxalq Teatr Konfransı, Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Dünya konfransı, "Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı, III Şəki Beynəlxalq Teatr Festivalı, "İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı və digər tədbirlər ölkəmizin mədəni zənginliyinin təbliğində mühüm rol oynayıb”.

Nazirin təbrikində vurğulanır ki, 2018-ci il xalqımızın qədim mədəni irsinin dünyada tanıdılması baxımından da zəngin olub. Bu il Azərbaycanın qədim tarix və mədəniyyət mərkəzlərindən Naxçıvan şəhəri "İslam mədəniyyətinin paytaxtı” missiyasını layiqincə yerinə yetirib. "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiya faylı UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib, Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi "Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylı isə təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısında yer alıb. "Mədəni irs nümunələrimizin beynəlxalq aləmdə təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Məhz Mehriban xanımın təşəbbüsü və bilavasitə dəstəyi ilə Azərbaycanın UNESCO siyahılarında yer alan qeyri-maddi mədəni irs nümunələrinin sayı 13-ə çatmışdır. Gənc müstəqil ölkə kimi Azərbaycanın qısa müddətdə əldə etdiyi bu uğurlar ölkəmizdə həyata keçirilən düşünülmüş daxili və xarici siyasətin bəhrələri, mədəni irsimizə olan dövlət qayğısının bariz nümunəsidir. Məmnunluqla qeyd etmək istərdik ki, xarici ölkələrdə mədəniyyətimizin təbliğində və tanıdılmasında soydaşlarımızın, diaspor təşkilatlarımızın da dəstəyini hiss edirik”, - deyə təbrikdə qeyd olunur.

Təbrik müraciətində daha sonra deyilir: "Ölkəmizdə mədəniyyətin müxtəlif sahələrinin sistemli inkişafında bu sahədə çalışan hər bir insanın bu və ya digər dərəcədə payı vardır. Biz indi mədəniyyət sahəsinin idarə olunmasında ən optimal yanaşmaların tətbiqini həyata keçirməyə çalışırıq. Bunun üçün müxtəlif ölkələrin müvafiq sahə üzrə uğurlu təcrübələrindən yararlanırıq. Qarşıda duran əsas vəzifə isə ölkəmizin inkişafında mədəniyyət ictimaiyyətinin rolunu daha da artırmaq, Azərbaycanın tərəqqisinə daha böyük fayda verməkdir”.

Nazir sonda bir daha respublikamızın mədəniyyət sahəsində çalışan bütün insanları, xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, hər kəsə cansağlığı, yeni uğurlar arzulayıb.