adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Dekabr 2018 23:52
18108
ƏDƏBİYYAT
A- A+

Oqtay RZA


Adım, təxəllüsüm

Payızda - yağmurlu, çiskinli gündə
Doğuldum. Adımı Oqtay qoydular.
Atamın murazı güldü üzünə,
Səsimi eşidib fərəh duydular.

Adımı pay verdi valideynlər,
Yüz dəftər-kitaba yazıldı adım.
Gördüm xeyirxahlar, qəlbə dəyənlər,
Bəzən tərsinə də yozuldu adım.

Düz seçə bilməkçün şeir kürsümü,
Oxuyub öyrəndim neçə ustadı.
Rza götürmüşəm təxəllüsümü,
Razılıq rəmzidir babamın adı.

Ömrümün əksimi o işıqlı dan?
Günəş gülşənimə baxır yaxından.
Ötən əsrimizdə yaranmağımdan,
Ərzə göz açdığım ildən razıyam.

Zirvə qarındakı ağlıq taleyim,
Toylarda səslənən sağlıq diləyim,
Gərək yaz gülütək saflıq ələyim,
Xoş söz bağışlayan dildən razıyam.

Bülbül təranəli, çiçəklər rəng-rəng,
Durna qaqqıltısı göyümə gərək,
Qürbətin mərməri nəyimə gərək?
Göyüm düzəltdiyim gildən razıyam!

Əgər yad havalar qopsa neyimdən,
Üstümə daş-kəsək yağdırın, dostlar!
Razılıq eləsəm şairliyimdən,
Məni təxəllüssüz çağırın, dostlar!

Azərbaycan öyrədir

Karpatın Haçabel başından aşdıq,
Nəğmə bələdçinin xoşuna gəldi.
Dunay sahilində səhəri açdıq,
Nağıllı günümüz sanki gödəldi.

Yunan gözəlinə qərənfil verdim,
Çexlər bayatımı əzbərlədilər.
Macar mətbəxində plov bişirdim,
Yedilər, "afərin, əhsən" dedilər.

Tatar şairləri məclis qurdular,
Söz düşdü Vurğundan, Musa Cəlildən.
Bir neçə rübai oxutdurdular,
Qorqudu soruşdum türkdilli eldən.

Qarmonda çalınan "Bayatı-Şiraz"
Dolaşdı Bişkekin küçələrini.
Çində dinləndirib "Cücələrim"i
Alqış yağışında yuyundu bir az.

Başlanır haradan, nədən yollarım?
Sərhəddə qırılır hərdən yollarım.
Məni millətimə bağlayan teldir
Bakıdan hər yana gedən yollarım!

Duyğular bəzəyir könül bağımı,
Görüb-götürməyə hazıram yenə.
Ay dost, bildiyimi, bacardığımı
Anam Azərbaycan öyrədib mənə!

Bölünməz

Çeşmə çaya qarışır,
Çay dəryaya qarışır.
Şeh dumanın zərrəsi,
An zamanın zərrəsi.

Dəqiqələr ömrünü
Başa vurur saatda.
İzi qalır illərin
Təbiətdə, həyatda.

Hüdudsuz kainatda
Hanı əvvəl, hanı son?
Sirli aləm deyilmi
Atom, nüvə, neytron?

Bir günəşdən nur alar
Yarpaq, budaq, gövdə, kök.
Ağ işığın qolları -
Sarı, yaşıl, mavi, göy...

Cism var ki, parçası
Adi gözlə görünməz.
Çörək bölünər, amma
Ana Vətən bölünməz!

Əkslik

Ərzin çörəyini sən də yeyirsən, o da,
"Şirindi yaşamaq" - sən də deyirsən, o da.
Ərzin havasını sən də udursan, o da,
Dünya nemətindən sən də dadırsan, o da.
Sənə də, ona da nur verən Günəş,
Qışı ilk bahara çevirən Günəş
Yalnız yaranmayıb səmadan ötrü,
Ay da gülümsəyir hamıdan ötrü.
Bəs nəyə görədir bu fərq, əkslik:
Birimiz yaxşılıq, birimiz pislik.
Birimiz qu quşu, birimiz ilan,
Birimiz həqiqət, birimiz yalan.
Birimiz uçurur, birimiz tikir,
Birimiz məhəbbət, birimiz məkr,
Səndə səxavət var, onda xəsislik,
Ah, nəyə görədir bu fərq, əkslik?!
Yer qurşağı

Məndən yuxarıda qövsi-qüzeh var,
Məndən aşağıda füsunkar tala.
Əlvan xalıların üstündə şeh var,
Bəzənib hər tərəf ala, yaşıla.

Güllər bənövşəyi, sarı, mavi, ağ...
Zolağın, işığın yeddi rəngitək.
Ətirlə doldurur sinəmi torpaq,
İlham ürəyimdə coşur "Cəngi"tək.

Heyranam hüsnünə dağın, dərənin,
Göylərə baharın izi düşübdür.
Sanki vurulduğum bu mənzərənin
Səma güzgüsünə əksi düşübdür!

Məmura məktub

Yüksək vəzifəyə qalxandan bəri
Məndən də nə qədər uzaq düşübsən;
Bilik ocağında ötən illəri
Bəlkə unudubsan, bəlkə küsübsən?!

Bir xoş əhvalatı söyləyim qısa:
Yada sal təhsilin qızğın çağını;
Özünlə bərabər oxuyan qıza
Məktubu şeirlə yazdırmağını...

Bir əziz insanı məhv etdi fələk,
Qəflətən sim kimi qırıldı həyat;
Gəldim başsağlığı verib, qəm bölək,
Necə də hönkürüb ağladıq o vaxt.

...Üzümdə qırış var, gözümdə çeşmək,
Yaş da qəribidir bəzən hörmətin;
Qəbul saatında rəsmi görüşmək
Olub Çin səddini aşmaqdan çətin.

Son söhbət, danışıq - tanışlıq sanki,
Görərsən çox şeyi - geriyə baxsan;
İstefa küləyi əssə, güman ki,
Əvvəlki cərgəyə qayıdacaqsan!

Ahıllıq yaşım

Oqtayam, atamın, anamın ilki,
Bu saat ərköyün uşağam sanki.
Bu saat o qədər ucalıram ki,
Buluda dəyirəm, ahıllıq yaşım!

"Haqq itməz" kəlamı gəzir ölkədə,
Qalmaz saldığın iz heç vaxt kölgədə.
Yanıqlı ah çəkib hərdən, bəlkə də,
Xətrinə dəyirəm, ahıllıq yaşım!

Ömür-gün adlanan bağda barım var,
Düzdə bərəkətim, dağda qarım var.
Hələ də həsrətim, qayğılarım var,
Bəxtəvər deyiləm, ahıllıq yaşım!

Xain, dişlərindən qan dama-dama
Divə arxalanır, yanır Yer, səma.
Əzabkeş, mübariz, müdrik xalqıma
Uğur diləyirəm, ahıllıq yaşım!

Qalib gələcəyik, vuruşsaq da tək,
Yağı yuvasına yanğın düşəcək.
Mütləq Azərbaycan bütövləşəcək,
İnamla deyirəm, ahıllıq yaşım!

Ordubad, Şamaxı, Astara, Xaldan...
Söz tacım töhvədir neçə mahaldan.
Məni gələcəyə səsləyən yoldan
"Sağ ol" söyləyirəm, ahıllıq yaşım!



Əziz Kərim

NECƏ UNUDUM

Səni necə unudum
Sənsiz olmayıb günüm.
İstəyirsən çiçəktək
Ləçək-ləçək bükülüm,
Ayağına tökülüm.
Sənsiz necə ötüşər
Başa gələr o günüm.
Sən yanımda olanda
Gözümə nur olursan.
Kədər məni sıxanda
Sən ruhuma dolursan!

YOXSAN

Harda ki sən yoxsan,
Buludlar örtür ayı.
Harda ki, sən yoxsan
Kəsilir işıq payı.

Harda ki sən yoxsan,
Ürəyim tir-tir əsir.
Harda ki sən yoxsan,
Ölüm-ömrümdən kəsir.

Harda ki, sən yoxsan,
Varlığım batır qəmə.
Harda ki, sən yoxsan
Məndən dözüm istəmə!

Harda ki, sən yoxsan,
İçdiyim su dadsızdı.
Mənim yetim xəyalım,
Ünvansızdı, adsızdı.

Harda ki, sən yoxsan,
Gülüşlər dönür heçə.
Harda ki sən yoxsan,
Tərs düşür dalan, küçə.

ÜZÜ AĞAM

Hamı bilir əzəldən
Pul-paradan uzağam.
Ona görə hər yerdə,
Həmişə üzü ağam.

Demirəm bəxtəvərəm,
Göydən düşən kövhərəm.
Məngənədir bu həyat
Həmişə sıxır məni
Bir kərə olmayıb ki,
O desin mən deyəni.

Ehtiyatsız deyiləm,
Ola bilməz heç zaman.
Mən kiməsə əyiləm,
Ondan bir şey diləyəm.
Vətənim - əziz diyar
Sənin adınla gələn
Şad xəbərə həmişə
Böyük ehtiyacım var!

SƏNSİZ QALMIŞAM

Harda aldandım bilmirəm özüm,
Tükənib səbrim, sənsiz qalmışam.
Sönüb ocağım, alışmır közüm,
Tükənib səbrim, sənsiz qalmışam.

Bəhərim solub budaqlar üstə,
Daim suladım açılmır püstə.
Dön geri məndən bir ömür istə,
Tükənib səbrim, sənsiz qalmışam.

Əziz, inanma dünya varına,
Bu gözəllərin gül camalına.
Tanrı yetişsin sənin dadına
Tükənib səbrim, sənsiz qalmışam.

GƏTİRMƏDİ

Uşaqlığım keçdi odlar içində,
Gəncliyin ötüşdü yadlar içində.
Adım görünmədi adlar içində,
Biri kömək edib əl yetirmədi,
Bəxtim bu dünyada heç gətirmədi.

Məhəbbət yolumu tale bağladı,
Anamın yerinə bacım ağladı.
Düşmənlər kölgəmi ta baltaladı,
Pisliyindən pislər əl götürmədi,
Bəxtim bu dünyada heç gətirmədi.

Ömrümdə min kərə dəyişdi həyat,
Nə Koroğlu gəldi, nə də ki Qırat.
Əziz, sən incimə həmişə yarat.
Tanrı zəhmətini heç itirmədi,
Söyləmə ki, bəxtim heç gətirmədi!
QALMIŞAM

Qəfildən salmısan odlara məni,
Qalmışam tikanla gül arasında.
Dolandım Məcnuntək çölü, çəməni,
Solmuşam atəşlə kül arasında.

Baxışın ac quşdu, didir qəlbimi,
Dindirə bilmirəm mən sarı simi.
Sənsiz kim sevəcək məntək yetimi,
Donmuşam qapıyla tül arasında.

Əzizin güzarı gətirməyibdir,
Cavanlıq çağları çoxdan itibdir.
Barışıq yaratmaq sona yetibdir,
Çırpındım davayla sülh arasında.

DEYƏ BİLMƏRƏM

İlk sevgi odunu saldın qəlbimə,
Sənin günahından yola çıxmadım.
Elə toxundun ki, sən sarı simə,
Sağa burulmadım, sola çıxmadım.

Yandım barmağımdan başıma qədər,
Tökülən göz yaşım saya gəlmədi.
Yanımdan yan ötən oxların hədər,
Hədəfə tuş olub, yaya gəlmədim.

Görən nə hikmət var sevgi sözündə,
Ürəklər odlanır, sirri açılmır.
Hamı alışsa da onun közündə,
Hər kəsin qəlbinə nuru saçılmır.

Görünməz közüylə yandırır, yaxır,
Əridir o səni iliyə qədər.
Başında qəfildən ildırım çaxır,
Ürəyin alışır ondan da betər.

Haradan güc alır deyə bilmərəm,
İlahi möcüzə sirdi məhəbbət.
Mən ondan bir ömür doya bilmərəm,
Ondan görməsəm də zərrə səadət!

HƏLƏ BİLMİRƏM

Göz olursan gözümdə,
Hərarətin üzümdə.
Sənsiz dadın itirir,
Çörəyim də, duzum da.

Yaxan üstə asılan,
Çələng olmaq istərəm.
Sən öldürsən inan ki,
Yenə səndən küsmərəm.

Gündüz sənsiz olmuram,
Gecəm sənsiz keçməyir.
Sən yurd saldığın gözüm
Ayrı bir şey seçməyir.

Özümü unutmuşam,
Göz yaşımı silmişəm.
Bunun özü sevgimi?
Onu hələ bilmirəm.