adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Dekabr 2018 23:24
3915
GÜNDƏM
A- A+

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

Sürücülər, sizin üçün!

(əvvəli ötən saylarımızda)

Maddə 1. Əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

43) yol-nəqliyyat hadisəsi - yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir.
44) ümumi istifadədə olan nəqliyyat vasitəsi - sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay);
45) mütəşəkkil nəqliyyat dəstəsi - qarşıda qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş operativ nəqliyyat vasitəsinin müşayiəti ilə bir hərəkət zolağında bir-birinin ardınca faraları yandırılmış vəziyyətdə hərəkət edən üç və ya daha artıq mexaniki nəqliyyat vasitəsindən ibarət olan dəstədir;
46) avtoqatar - bir mexaniki nəqliyyat vasitəsinə qoşularaq birlikdə hərəkət edən bir neçə nəqliyyat vasitəsindən ibarət tərkibdir;
47) icazə verilən maksimum kütlə - istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş, nəqliyyat vasitəsinin sürücü, sərnişin və yüklə birlikdə yol verilən kütləsinin yuxarı həddidir. Avtoqatarın icazə verilən maksimum kütləsi tərkibə daxil olan nəqliyyat vasitələrinin icazə verilən maksimum kütlələrinin cəmindən ibarətdir;
48) sutkanın qaranlıq vaxtı - sutkanın günəş batandan günəş çıxanadək olan müddətidir;
49) yaşayış məntəqəsi - giriş və çıxışları müvafiq olaraq 5.22-5.25 nişanları ilə işarələnmiş, əhalinin yığcam məskunlaşdığı ərazidir. Ağ fonu olan 5.22 və 5.23 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu, göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir;
50) yaşayış zonası - yaşayış məntəqəsinin giriş və çıxışları müvafiq olaraq 5.51 və 5.52 nişanları ilə işarələnmiş hissəsidir;
51) ağırçəkili nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;
52) iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;[10]
53) texnoloji nəqliyyat vasitəsi - küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, sənaye sahələrində müvafiq texnoloji proseslərin həyata keçirilməsi zamanı istifadə edilən, xüsusi texnoloji qurğu və avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitəsidir;[11]
54) taxoqraf - nəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin nəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazıdır.
(ardı var)