adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Dekabr 2018 23:12
3869
GÜNDƏM
A- A+

ƏDALƏT VƏ MƏRHƏMƏT

Ələmdar Məmmədov
Təqaüddə olan
Baş ədliyyə müşaviri

(əvvəli ötən saylarımızda)

İllər ötdü. Goranboy rayonunun kəndlərinin birində cavan oğlan bacısının həyətlərindəki tövlədə uzaq qohumları olan evil bir kişi ilə əlaqədə olduğunu bilib, əlindəki bıçaqla onlara hücum edir,kişi qaçsa da, o, 25 yaşlı bacısını bıçaqla vurub öldürür.
Kişini mənim iş otağıma gətirdilər.O,içəri girəndə gözlərimə inanmadım.Qarşımda səliqə ilə geyinmiş,başında mollalara məxsus papaq,saqqalı və saçları ağarmış,orta boylu bir kişi dayanmışdı.Aramızda belə dialoq baş verdi:
-Sənin neçə yaşın var?
-66 yaşım var.
-Sənin ucbatından gənc bir qız həyatdan,cavan oğlan azadlığından oldu.Heç saç- saqqalından utanmırsan?
-Xahiş edirəm məni təhqir etməyəsiniz.Azad cəmiyyətdə sevgi də azaddır.Bir də İlhamə xanım demişkən,-yaşın nə fərqi var, "hi-hi-hi" deyib, gülümsəyəndə mən əsəblərimi cilovlaya bilmədim...
1998-ci ilin yanvar ayının əvvəllərində Goranboy rayonunun Ağamalıoğlu kənd qəbirastanlığının yaxınlığındakı meşə zolağında gənc bir oğlanın meyidi aşkar edilmişdi. Meyidin əlləri arxadan bağlanmış, başına polietilen torba keçirilmişdi.Meyidin üzərində çoxsaylı sıyrıqlar,xəsarətlər var idi.Ölümün səbəbi asfiksiya olmuşdu.Çox ağır və gərgin istintaq və əməliyyat tədbirləri nəticəsində əvvəlcə meyidin şəxsiyyəti və təxminən bir aydan sonra cinayəti törətmiş şəxs müəyyən edildi.
Quba rayonunun Nügədi kənd sakini hərbi hissəni özbaşına tərk etmiş Elxan adlı şəxs həmkəndlisi, hələ 16 yaşına çatmamış Arazı cinayyət fəaliyyətinə cəlb edərək 2 dəfə həmkəndlilərinin evindən oğurluq etmiş,sonra onu aldadaraq Gəncə şəhərinə, oradan da hadisə yerinə gətirmişdi.Yenə Arazı aldadaraq əllərini arxadan bağlamış,əlindəki polietilen torbanı onun başına keçirmiş,boğaz nahiyyəsində əlləri ilə torbanı saxlamaqla boğmağa çalışmışdı.Araz müqavimət göstərərək torbanı başından çıxartmağa nail olmuş və təngnəfəs halda:-Məni əzab vermədən, işgəncəsiz öldür,- deyə yalvarsa da o,niyyətini həyata keçirmək üçün, ikinci dəfə torbanı onun başına keçirib boğazını kəndirlə sıxmaqla Arazı öldürmüşdü. Mən bu yazıda müstəntiq Allahverdi Abuzərovun və əməliyyat qrupunun üzvləri olan polis əməkdaşlarının yüksək peşəkarlığından bəhs etmək fikrində deyiləm.Müqəssir bu dəhşətli cinayətin təfərrüatlarını soyuqqanlılıqla danışdıqca 21 yaşlı oğlanın necə bu yola düşüb, qəddarlaşdığını, hətta belə demək mümkündürsə, vəhşiləşməsinin səbəblərini düşünür,lakin heç cür cavab tapa bilmırdım.
Elxan hərbçi olduğu üçün ona ittiham elan olunduqdan sonra cinayət işi Respublika Hərbi Prokurorluğuna göndərildi.O yəqin ki, layiq olduğu cəzaya çatdırıldı.Lakin bu gün də Arazın ölüm qabağı çəkdiyi əzabları,yerdə başı kəsilmiş toyuq kimi çabalamasını, Elxanın soyuqqanlığını unuda bilmirəm.
Bəzən elə hadisələr də olur ki,nə etməli,necə etməli dilemması ilə qarşılaşırsan.Bir tərəfdə qanun və ədalət,digər tərəfdə insani duyğular,ürək ağrısı ilə yad edilən xatirələr.Bir hadisə də danışmaq istəyirəm.O hadisəni ki,bu gün də yadıma düşəndə kədərlənir, "kaş o qərarda mənim imzam olmayaydı",- deyirəm.
1998-ci ildə Tərtər rayon prokurorluğunda icraatına xitam verilmiş bir cinayət işi üzrə qərar ləğv edilərək istintaqın davam etdirilməsi üçün Goranboy rayon prokurorluğuna göndərilmişdi.İşlə tanış olarkən çox məyus oldum.Cinayət işi dünyasını dəyişmiş,prokurorluq orqanlarında adı həmişə hörmətlə yad edilən,bir neçə rayonda prokuror işləmiş,mənə hörmət və qayğı ilə yanaşmış Səlim Cabbarovun tək oğlu Faik haqqında idi. (Adlar şərtidir)
İşin qısa məzmunu:
1992-ci ilin yazında Səlim müəllim Tərtər rayonundakı evlərinə gəlir.
Yaxın qohumlar görüşmək üçün ona baş çəkirlər.Çay süfrəsi arxasında 20 yaşlı Faik atasına cavab qaytarır.Bu zaman Səlim müəllimin qardaşı oğlu, üç uşaq atası,Qarabağ döyüşlərində bərkdən-boşdan çıxmış pəhlivan cüssəli Babək irəli yeriyərək əmisi oğluna ərklə bir sillə vurur.Sillə vurulan anda Faik də əlini Babəkin döşünə tərəf uzadır.Babək bir neçə dəqiqə oturduqdan sonra özünü pis hiss etdiyinə görə əmisindən icazə alıb evlərinə getmək istəyərkən, darvazanın ağzında yıxılır. Təcili yardım maşını gələrkən Babək artıq ölmüşdü. Faik əlindəki nazik tiyəli bıçaqla Babəkin ürəyindən vurubmuş.
Hadisə yeri müayinə olunur.CM-nin 99-cu maddəsi ilə(Ehtiyatsızlıq üzündən adam öldürmə) başlanmış cinayət işi üzrə Faik və hadisə yerində olanlar ifadələrində göstərirlər ki,Babək Faikin üzərinə yeriyərkən ayağı sürüşmüş və Faikin özünü müdafiə üçün əlində tutduğu bıçağın üstünə yıxılmışdır.
Cinayət işi əməldə cinayət tərkibi olmadığına görə xitam edilir.Burada görünür ki,Səlim müəllimin nüfuzu və istintaqçının təcrübəsizliyi özünü göstərmişdi.
6 ildən sonra mərhumun anası və həyat yoldaşının şikayətləri əsasında həmin iş Baş Prokurorluqda öyrənilir və xitam qərarı ləğv edilərək CM-nin 95-ci maddəsi ilə (Qəsdən adam öldürmə) başlanmış cinayət işi Goranboy rayon prokurorluğuna göndərilir.
Düzü tanış olduqdan sonra cinayət işini qaytarmaq istəsəm də, Baş Prokurorun müavini Nazim Allahverdiyev razı olmadı. Cinayət işinin istintaqını müstəntiq A.Abuzərova tapşırdım.Bir neçə gündən sonra mərhumun ailə üzvləri prokurorluğa gələrək ifadə verdilər.
Təxminən bir həftədən sonra Səlim müəllimin həyat yoldaşı gəldi.Mən düzü özümə yer tapa bilmirdim.Səlim müəllimin xatirəsi mənim üçün çox əziz idi.Odur ki,xanıma təklif etdim ki,qohumları ilə barışsın bəlkə ehtiyatsızlığa keçə bildik.Lakin barışıq əldə olunmadı.Səlim müəllimin gömrük xidmətində işləyən oğlu CM-nin 95-ci maddəsi ilə müqəssir sifətində cəlb olunub məhkəməyə verildi.Məhkəmənin hökmü ilə Faik 7 il müddətinə azadlıqdan məhrum edildi.