ORXAN ARASIN HiRSLi MƏKTUBUNA HiRSSiZ CAVAB

AQİL ABBAS
30231 | 2009-02-24 01:26
Orxan qardaşım, Səni çox sevirəm. Şair Vaqif Bayatlı Odərin təbirincə desək, "türk min illərin gün işığı kimidir, nə qədər basdırsan, yenə torpağın üstündə qalar". Mən də Səni Avropada heç vaxt torpağa basdırıla bilməyəcək həmin gün işığının bir zərrəsi sayıram. Bu, elə belədir.
   
   İndi Sənin məktublarına gələk. Sənin niyə yandığını, cızdığıyın çıxdığını, havalandığını başa düşürəm. Göndərdiyin məktubları Bakıdakı qəzetçi dostlarının, xüsusilə də mənim çap eləməməyimə bərk dilxor olmusan. Əvvəla, məktublarını mənə bir az gec çatdırıblar, bir də cavab yazmağa vaxtım olmayıb. Füzuli demiş: "Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun".
   
   Məktublarını oxudum. Nöqtə-vergülünə dəymədən dərc edirəm. Amma Səni tam haqlı bilmirəm. Niyə? Onda icazə ver bir-iki kəlmə deyim.
   
   Qardaşım, başlayaq "Danışır Bakı"dan. Bakı yenə danışır, özü də türkcə danışır, rusca yox. Azərbaycanda yayımlanan Rusiyanın bütün kanalları hələ neçə il bundan əvvəl qapadılıb. İndi Azərbaycanda nə televiziyada, nə də radioda rus dilində heç bir veriliş efirə getmir, yalnız "Xəbərlər". Bilirsən ki, Azərbaycanda ruslar da yaşayır. Amma bu xəbərlər təkcə burda yaşayan ruslar üçün deyil, həm də ölkə xaricində rus dilini bilib bizi dinləyənlər üçündür. Eləcə də ingilis dilində xəbərlər efirə gedir. Məsələn, mən çox istərdim ki, bizim televiziya, radio kanallarında erməni dilində də verilişlər getsin. Və bizim Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlarımız da öz ölkələrində gedən əsl həqiqətlərdən, ölkənin iqtisadi inkişafından və sair və ilaxırdan xəbər tutsunlar. Və aldandıqlarını başa düşsünlər. Nə isə, bu ayrı bir mövzudur.
   
   Yuxarıda dedim, Azərbaycanda Rusiyanın heç bir telekanalı yayımlanmır, amma "TRT" yayımlanır. Əvvəllər gərək ki, "Kanal D", "Show TV " və "STV" də yayımlanırdı. Onlar da qapadılmadı, özləri işlərini qura bilmədilər. "STV" isə elə indi də yayımlanır, sadəcə olaraq adını "Xəzər" qoyublar. Yəni "Xəzər" "STV"-nin yolu ilə gedir. Özü də qısa bir müddətdə ciddi və sevilən bir kanala çevrilib.
   
   Qısası, goruna nur çilənmiş atan da, baban da rahat uyuya bilər: "Danışır Bakı" danışır və min illər danışacaq, özü də türk dilində, atalarımızın, babalarımızın dilində.
   
   Bəlkə də Mustafa Necati Səbətçioğlunun oteldə rastlaşdığı millət vəkili heç türk olduğunu bilmirmiş. Bundan başqa, indi danışmaq çox asandır. 79-cu ildə türk deyənin qulağını kəsib özünə yedizdirirdilər.
   
   Mən də ilk dəfə 92-ci ildə İstanbulda olanda mənə deyirdilər: "Kardeşim, bizim dilimizdə nə iyi konuşursan". Mən də deyirdim: "Qardaşım, mən öz dilimdə qonuşuram". Yəni Türkiyədə də bizim türk olduğumuzu bəlkə də əhalinin 90 faizi bilmirdi. Qınamalı da deyil. Birimiz Rus əsarətində, birimiz də ABŞ əsarətində. İndi birimiz Rus əsarətindən qurtulub, kaş o birimiz də ABŞ əsarətindən qurtulsun. Qurtulacaq da! Özünüz yazdığınız kimi, 170 illik Rus əsarətində dilimizi də, qürurumuzu da, dinimizi də, türklüyümüzü də qoruyub saxlaya bildik. Bizi torpağa basdıra bilmədilər, nə illah elədilər yenə gün işığı kimi torpağın üstdə qaldıq.
   
   Trabzonlu dostumuzu da başa düşürəm. Və onu da deyim ki, məktubunuzda adını çəkdiyiniz və çəkmədiyiniz aydınlar Teleşuranın qərarına qarşı çıxıblar. Məsələ tamam başqadı.
   
   Yazırsınız ki, dostunuz "Azərbaycan türkcəsini (rus dilindən alınma sözlər istisna olmaqla) tamam-kamal öyrənib". Əvvəla, Sən Azərbaycan ədəbiyyatından və ədəbi dilindən yaxşı xəbərdar olan bir aydın kimi yaxşı bilirsən ki, nə ədəbi dilimizdə, nə də ədəbiyyatımızda bircə kəlmə də rus sözü tapmaq mümkün deyil. Beynəlxalq terminlərdən başqa, ona da ədəbi dilimizdə nadir hallarda rast gəlmək olar.
   
   Deyirsiniz dostunuz Azərbaycan qəzetlərini oxuya-oxuya Azərbaycan türkcəsini tamam-kamal öyrənib. Deməli, dilimizdə az da olsa fərqlər varmış. Bir daha deyirəm, buna da səbəb bizim Rus, sizin isə ABŞ əsarətində yaşamağınızdan irəli gəlib. Yenə deyirəm, biz heç bir imperiyamız olmadan, tam müstəmləkə şəraitində yaşamağımıza baxmayaraq, ata-babalarımızın dilini qoruyub saxlaya bilmişik. Amma çox təəssüf ki, böyük bir imperiyanın varisləri bunu bacara bilməyib.
   
   Biz nə vaxt Türkiyədə oluruq bizə sevgi ilə deyirlər ki, siz bizim dədələrimizin dilində danışırsınız. Görəsən, bugünkü türk qardaşlarımız dədələrinin dilini niyə qoruyub saxlaya bilmirlər? Pir Sultan Abdalın, Qaracaoğlanın, Yunis İmrənin dilini nəvələri, hətta, bu gün öz dədələrinin belə başa düşmədiyi fransız, ingilis və hansısa Avropa xalqlarının dillərindən götürdüyü sözlərlə məhv eləyiblər. Türk Dil Qurumu neçə illər Türk dilinin anasını ağladıb, amma indi bizə qızan aydınlar buna qarşı çıxmayıblar. Bu da başqa bir yazının mövzusudur.
   
   Gələk bir az da mətləbə. Əvvəla, Azərbaycanda Türk dilinə yasaq qoyulmayıb. Çünki bir millət özü öz dilinə yasaq qoya bilməz. Sadəcə olaraq Ana Yasamızda dövlət dili Azərbaycan dilidir. Yəni bu gün bizim və keçmişdə sizin (yenə bizim) dədələrimizin danışdığı dil. Telekanallar da Ana Yasaya tabedir, bu, məsələnin bir tərəfi. Və biz dədə-babalarımızın minbir müsibətlə qoruyub saxladığı və bizə əmanət qoyduğu bu dili qoruyub saxlamağa və gələcək nəsillərə əmanət etməyə borcluyuq - tərtəmiz ana südü kimi, Kəpəzin, Ağrının bulaqlarının suyu kimi. Anadolu və Qarabağ cocuqlarının göz yaşı kimi, Tanrı işığı kimi!
   
   Telekanallarımızda az qala günün 10-12 saatı Türkiyə serialları ilə doldurulurdu. Artıq körpə uşaqlar da Türkiyə türkcəsində danışmağa, Aşıq Valehin, Vaqifin, Yunis İmrənin, Qaracaoğlanın, Mirzə Cəlilin, Səməd Vurğunun dilini unutmağa başlamışdılar. Necə Türkiyə türkləri dədələrimizin dilini unutduğu kimi. Sən bunu istərsənmi?! İnanmıram!
   
   Bu gün Türkiyə türkcəsində çox böyük islahatlar aparmaq lazımdır. Yeni bir Türk Dil Qurumu yaradılmalıdır. Türk dilini fransız, ingilis və süni yaradılmış (məsələn, türk dilində "nənə", "dədə" sözləri ola-ola "anne anne", "böyük baba" - bu siyahını nə qədər istəsən uzatmaq olar) sözlərdən təmizləməlidir. Həmin sözlər ya başqa türk ağızlarından, ya da elə Türk Dil Qurumu yaranana qədər istifadə olunan sözlərlə əvəzlənməlidir. İlk dəfə türklərin geyindiyi "şalvar"ı fransızların "pantalonu" ilə əvəz eləyəndən bədbəxtliyimiz başlayıb və hər mənada.
   
   Necə ki, biz bir çox beynəlxalq terminləri, ya da başqa dillərdən götürdüyümüz sözləri dilimizdən çıxarıb Türkiyə türkcəsindən götürdüyümüz sözlərlə əvəzləyib dilimizi bir az da təmizləmişik. Məsələn: uzay, dəstək, çilə, bulunmaq, sorun və sair və ilaxır.
   
   Bu dəqiqə istədiyiniz qədər Türkiyə türkcəsində fransız, ingilis və süni düzəldilmiş sözlərin Azərbaycan türkcəsində qarşılığını yaza bilərəm. Tək Azərbaycan türkcəsindən yox, elə Türkiyə türkcəsindən də, yəni dədələrimizin türkcəsindən.
   
   Orxan bəy, narahat olma, biz səni və trabzonlu dostumuzu çilədən çıxaran sorunu (görürsən "problem" yazmıram) tezliklə həll edəcəyik. Qoy Türkiyədə və Türkiyədən kənarda yaşayan aydınlar (görürsən "ziyalı" yazmıram) Türkiyə türkcəsini təmizləsinlər, qaytarsınlar dədələrinin dilinə, ondan sonra bütün sorunlar həll olunacaq, Nuşirəvan Məhərrəmlinin qərarı da qüvvəsini itirəcək.
   
   Ulu Öndər Heydər Əliyev deyir (deyirdi yazmıram, Öndərlər ölmürlər): "Biz bir millət, iki dövlətik". Bəli, Türkiyə türkləri ilə Azərbaycan türkləri bir millətdi. Biz artıq bunu bütün dünyaya sübut etmişik, dünya da qəbul edir. İndi biz çalışmalıyıq ki, tatar türkləri də, özbək türkləri də, qazax türkləri də, qırğız türkləri də, başqurd türkləri də, türkmən türkləri də, uyğur türkləri də, qaqauz türkləri də, Krım türkləri də Ulu Öndərin dediyini desinlər.
   
   Başbuğ Alparslan Türkeş əsərlərində yazır ki, bu, 2050-də olacaq. Biz aydınlar çalışsaq bir az tez olar. Və bunun ən böyük məsuliyyəti də Türkiyənin üzərinə düşür. Həm böyük bir imperiyanın varisidi, həm də qüdrətli dövlətdi. 50 milyonluq Azərbaycan türkləri də bu işdə öz sözünü deyir və deyəcək. 250-300 milyonluq bir türk dövləti çox da uzaqda deyil. Və bütün dünya buna əngəl olmağa çalışır. Amma nə qədər basdırsalar, yenə də gün işığı kimi torpağın üstündə qalacağıq.
   
   Gileyimi dedim, bəsdi.
   
   Təəssüf ki, Türkiyə üzünü öz qardaşlarına çevirmək əvəzinə yapışıb ABŞ-ın və Avropa Birliyinin cındır ətəyindən. Və bu ətəkdə ona yer olmadığını nəinki sayın Ərdoğan, nəinki aydınlar, hətta Anadoludakı cocuqlar da bilir. Amma...
   
   Yenə giley...
   
   Rusiyada nə qədər kitab nəşr olunursa, onun 30-40 faizini və bəlkə də daha çoxunu Azərbaycana gətirirlər. Burda kitab mağazalarında Rusiyadan gələn kitabların əlindən tərpənmək olmur, özü də su qiymətinə. İranın bilirsiniz Bakıda neçə kitab mağazası var, özü də kitablar su qiymətinə?! İranın Bakıda neçə mədəniyyət mərkəzi var?! Çox! Bəs Türkiyənin?! Bircə kitab mağazası vardı, Turan Yazqan xocamız açmışdı, indi deyəsən orda ət satırlar. Çünki gördülər ki, kitab satışında pul yoxdur. Elə şeylər var ki, o, pulla ölçülmür. Mədəniyyət mərkəzləri isə heç yoxdur. Bir Atatürk Mərkəzi var, onu da Atatürkə və Türkiyəyə sevgisinin təzahürü kimi Ulu Öndər Heydər Əliyev açıb. Və bu mədəniyyət mərkəzi iki dövlətin bir millətinin sabahı naminə çox iş görür.
   
   Bir dəfə Böyük Elçi Qarslıoğlunun qonağı idik. Bu söhbətləri açdım. Dedim niyə mədəniyyət mərkəzləri, kitab mağazaları açmırsınız, özü də təkcə bizdə yox, bütün türk respublikalarında, niyə aydınlarınızın, şair və yazıçılarınızın həm bizdə, həm də digər türk respublikalarında tez-tez gecələrini keçirmirsiniz. Bilirsən mənə nə dedi? Dedi ki, biz ideoloji yapmırıq. Mən də özümü saxlaya bilməyib dedim:
   
   - Bəs pinəçilikmi yapırsınız?
   
   Və məclisdən çıxdım. Belə-belə işlər, qardaşım.
   
   Sonda. Bizim Milli Məclisə bir şübhə var yazınızda. Azərbaycan Milli Məclisində bir yəhudi və bir rus var, qalanları azərbaycanlılardır. Və Səyavuş Novruzov Milli Məclisin iclasında bu məsələni qaldıranda Milli Məclis alqışladı. Sizin fikirləşdiyiniz kimi olsaydı, Məclis onu belə alqışlamazdı.
   
   Orxan qardaşım, səni öpürəm, bağrıma basıram və yenə Vaqif Bayatlı Odərin sözləri ilə məktubumu bitirirəm: "Türk min illərin gün işığıdır, nə qədər basdırsan, yenə torpağın üstündə qalar".
   
   Tanrı Səni qorusun! Tanrı Türkü qorusun!
   
   

TƏQVİM / ARXİV