adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Dekabr 2018 12:33
10690
MƏMLƏKƏT
A- A+

“Mədəniyyət.AZ”ın Cümhuriyyətin 100 illiyinə töhfəsi

Mədəniyyət.AZ jurnalının kollektivi başa çatmaqda olan 2018-ci ilin ən önəmli hadisələrindən birini – Respublikamızın 100 yaşının qeyd olunması səbəbini xüsusi mərasimlə qeyd etdi. Medeniyyet.info xəbər verir ki, dekabrın 24-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixində imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi haqqında” Sərəncamdan irəli gələrək ərsəyə gətirdiyi "Mədəniyyət.AZ” jurnalının xüsusi buraxılışının təqdimatına həsr edilmiş tədbir keçirildi.

Tanınmış media və mədəniyyət xadimlərinin iştirak etdiyi təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid öz çıxışında dərginin media məkanındakı özgün yerindən və haqqında danışılan nömrənin əhəmiyyətindən, əhatə olunan mövzuların Cümhuriyyətimizin təşəkkül dövrünü çox aydın əks etdirdiyini vurğuladı.

Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, "Mədəniyyət” kanalının direktor müavini İlham Rəhimli nəşrin ümumi önəmi fonunda AXC-nin 100 illiyinə həsr edilmiş buraxılışı cümhuriyyət aşiqlərinə, başqa sözlə, hər bir azərbaycanlıya bayram hədiyyəsi, ən dəyərli töhfələrdən biri adlandırdı.


Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov özünü peşəkar sayan, və ya peşəkarlığa can atan hər bir media işçisinin, eləcə də elm, mədəniyyət xadiminin daim müraciət edəcəyi, araşdırmağa ehtiyac duyacağı mövzulardan biri oldunu dedi. Mətbuat Şurasının sədri olaraq o, nəşrin sanbalına sadiq qaldıqlarına görə kollektivə təşəkkürünü bildirib, yeni uğurlar arzuladı.

Jurnalın baş redaktoru filologiya üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva Mədəniyyət Nazirliyinin media orqanlarından biri olan və 2015-ci ildən "Mədəniyyət.AZ” adı ilə nəşr edilən jurnalın böyük tarixə malik olduğunu dedi və rəhbərlik etdiyi kollektivin hər zaman mükəmməlliyə can atdığını qeyd etdi.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tantma müşaviri İrfan Ciftçi Məhəmməd Əmin Rəsulzadə irsinin, dövlətçilik ənənələrinin qorunub-saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində bu gün böyük nailiyyətlər əldə etməkdə olan Azərbaycan mediasında "Mədəniyyət.AZ” kimi dərginin mövcudluğu hər bir tərəqqipərvər şəxsi yalnız sevindirə bilər.


M.Ə.Rəsulzadənin nəvəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı Rəis Rəsulzadə Cümhuriyyət dəyərlərini yüksək tutan, xüsusi buraxılışın hazırlanmasında başda baş redaktor Zöhrə Əliyeva olmaqla əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

Tədbir boyunca AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsinin müdiri Asif Rüstəmli, filoloq Akif Azalp, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Lətifə Məmmədova, teleaparıcı İlhamiyyə Rzayeva, Jurnalistlərin Həmkarlar İttifaqlarının sədri Müşfiq Ələsgərli, yazıçı-tədqiqatçı Əfqan Vəliyev Cümhuriyyət aliliyinin daha bir bayram gününü onlara yaşatdıqlarına görə jurnalın heyətinə təşəkkürlərini ifadə etdilər.

Çıxışçıların hər biri dekabrın 24-ü tarixinin həm də Prezident İlham Əliyevin doğum günü kimi bir önəm daşıdığını qeyd edərək ölkə başçısına can sağlığı və uğurlar arzuladı.

Tədbir muğam üçlüyünün çıxışı ilə davam etdi.