adalet.az header logo
  • Bakı 11°C
27 Dekabr 2018 00:30
52937
LAYİHƏ
A- A+

Rəsul Rzanın ədəbi dostları və dərsləri

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

XX əsr Azərbaycan ədəbiyyatının dünya şöhrətli nümayəndələrindən biri xalq şairi Rəsul Rza XXI əsrin bədii-estetik fikrinin inkişafında fəal iştirak etməkdədir. Çağdaş ədəbi prosesdə baş verən bir çox yeniliklər və ədəbi-bədii hadisələr bizi dönə-dönə ustad sənətkarın heç zaman köhnəlməyən irsinə və yaradıcılıq təcrübəsinə yönləndirməkdə davam edir. Yaxın ədəbi tariximizin Rəsul Rza dərsləri öz aktuallığından və müasirliyindən heç də geri çəkilmədən, yaradıcı gəncliyin və yeni ədəbi dairələrin mütaliə və təsir mənbələrindən biri olaraq öz mövqeyini qoruyub saxlamaqdadır.
Rəsul Rzanın təkcə bədii əsərləri və yaradıcılığı ilə deyil, həm də görkəmli ədəbi-ictimai xadim olması ilə, mədəniyyətimizin təşkilatçılarından və qurucularından biri kimi söz sənətimizin beynəlxalq əlaqələrini və beynəlmiləl məzmununu, müasir dillə desək, multikultural üfüqlərini genişləndirmək və zənginləşdirmək sahəsindəki danılmaz xidmətləri ilə də bugünkü nəsillər üçün bir ibrət və məharət nümunəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Respublikamızın Prezidenti, möhtərəm İlham Əliyevin müvafiq sərəncamları ilə böyük sənətkarın 2000-ci ildə 90 illik, 2010-cu ildə 100 illik yubileylərlərinin geniş, təntənəli surətdə qeyd olunması Rəsul Rza yaradıcılığının əbədiyyətini və milli söz sənətimizin üzvi bir hissəsinə çevrildiyini parlaq şəkildə nümayiş etdirir.
Akademik İsa Həbibbəylinin elmi redaktor olduğu, geniş və ətraflı ön söz yazdığı "Rəsul Rza və ədəbi çağdaşları" monoqrafiyası özünün əhatə dairəsinə və ehtiva etdiyi ədəbi-estetik problemlərə dərindən nüfuz edildiyinə görə müasir ədəbiyyatşünaslığımızda iz qoyan və rezonans doğuran mühüm elmi-nəzəri tədqiqatlardan biri kimi diqqəti cəlb edir.
Filologiya elmləri doktoru Yaşar Qasımbəylinin "Rəsul Rza və ədəbi çağdaşları" kitabı yalnız ədəbiyyatımızın deyil, ümumən, ölkəmizin çağdaş dünya ilə çoxcəhətli əlaqələrini öyrənmək və dəyərləndirmək baxımından da böyük maraq doğurur. Tədqiqatda Rəsul Rza yenilikçi bir sənətkar kimi onunla eyni vaxtda və istiqamətdə çalışmış qüdrətli poeziya korifeyləri ilə müqayisəli şəkildə nəzərdən keçirilir. Müəllif Rəsul Rza yaradıcılığının ədəbi mənşəyi, Vladimir Mayakovski, Nazim Hikmət və başqa islahatçı sənətkarlarla əlaqələri barəsində yeni və əsaslı mülahizələr irəli sürməyə nail olub. Məsələn, kitabın "XX yüzil poeziyasının novatorları" fəslində Rəsul Rzanın yalnız V.Mayakovski və N.Hikmətin təsiri altında yeni poetik yol və üslub yaratması fikri ilə razılaşmayaraq, onun daha çox XX əsrin əvvəllərindəki milli ədəbi və mədəni mühitimizdəki təzələnmə, estetik axtarışlar və kəşflər axarında hərəkət etdiyi vurğulanır.
Xüsusən, gənc şairin yeni ifadə və üslub yönündəki inkişafında bir tərəfdən "Molla Nəsrəddin"çi şeir ənənələrinin və M.Ə.Sabir məktəbinin, digər tərəfdən romantik poeziya liderlərinin üslubi təcrübə və eksperimentlərinin danılmaz rolunun ətraflı təhlili ədəbiyyatşünaslığımızda bu istiqamətdə söylənmiş yeni fikirdir. Ümumən, R.Rza yaradıcılığının öz ədəbi çağdaşları və yaşıdlarının poetik özünəməxsusluğu müstəvisində nəzərdən keçirilməsi tədqiqatın məziyyətlərindən biri kimi diqqəti cəlb edir. Ədəbiyyatşünaslıqda V.Mayakovski, N.Hikmət, S.Vurğun, M.Müşfiq kimi sənətkarlarla R.Rzanın ədəbi-mənəvi bağlantıları haqqında araşdırmalar mövcuddur. Müəllif əvvəl yazılanları, bu sahədə görülən işləri daha da dərinləşdirərək öz müşahidə və mülahizələrini irəli sürür. Tədqiqatçı R.Rzanın öz ədəbi zamandaşlarına münasibətini həm bədii əsərləri, həm də ədəbi-tənqidi məqalələri kontekstində işıqlandırmağa çalışır. Bu cür tədqiqat üsulu obyektiv elmi nəticələrə gəlməyə əlverişli şərait yaradır. Məhz bu nöqteyi- nəzərdən Rəsul Rzanın Vladimir Mayakovski haqqındakı "Gəncliyin sevimli şairi", Nazim Hikmətə həsr olunmuş "Qələbəni təbrik edirəm, Nazim!", "Canlı Nazim", Səməd Vurğun barəsindəki "Xalqımın doğma oğlu", "Xatirələr dəftərindən", "Torpaq kimi səxavətli", Mikayıl Müşfiqin taleyindən bəhs edən "Müşfiqi unutmaq olmaz", "Müşfiq...Müşfiq", "Azəri xalqının sevimli şairi" və başqa məqalələri kitabda geniş təhlil edilir. Bu məqalələrin hər birində ilk öncə diqqəti çəkən ən mühüm xüsusiyyətlərdən biri ustad şairin öz ədəbi silahdaşlarını yüksək qiymətləndirməsi, onların yaradıcılığına yeni baxış bucağından və dərin səmimiyyətlə yanaşmasıdır. O, Mikayıl Müşfiq haqqında yazırdı: "Sənin ayrılığın, sənin həsrətin mənə "Qızılgül olmayaydı" poemasını yazdırdı. Bu yanıqlı, gileyli sətirlərdə mən yalnız öz qəlbimin ağrılarını deyil, xalqın qəlbində yaşayan Müşfiqin obrazını da verməyə çalışmışam. Müvəffəq olub-olmadığımı deyə bilmərəm. Lakin bu mənim bir qardaşlıq, bir vətəndaşlıq borcum idi. Yazdım". Müdrik şairin həyat və ədəbiyyat yollarında təxminən çərək əsr yanaşı addımladığı, bir cəbhədə döyüşdüyü başqa bir sənət yoldaşı barəsindəki fikirləri də diqqətəalyiqdir. Ümumən, R.Rzanın S.Vurğun yaradıcılığı ilə bağlı düşüncələri, hər şeydən öncə, öz səmimiyyəti ilə qiymətlidir: "Səməd Vurğunun gücü bunda deyildi ki, guya o, ilk illərdə də yaradıcılığının çiçəkləndiyi dövründə olduğu kimi eyni qüvvətlə, kamil şeirlər yazmışdır. Yox, Səməd poetik ürəklə doğulmuşdu, ancaq onun sənətkarlığı və istedadı gərgin zəhmət, böyük əmək nəticəsində parlamışdır. Onun bir neçə şeiri var ki, təəssüf ki, bir neçə, şair onları ölümündən az əvvəl yazmışdır. Mən belə hesab edirəm ki, bu şeirlər incə poetik müşahidələri, dilinin şirinliyi ilə, Səmədin valehedici poeziyasında yeni, yetkin bir mərhələdir. Bu şeirlərdən biri - "Şair, nə tez qocaldın sən?" adlanır. Kim bu şeiri diqqətlə oxuyubsa, o asanlıqla fəlakət yaxınlığında nigaranlıq çəkən insan üçün təbii olan kədəri aydın duyar. Lakin buna baxmayaraq şeirin həyatla sıx əlaqəsini, həyatla bağlılığını da görər. "Mən tələsmirəm" şeirində həyatda çox görmüş, öyrənmiş, həyat təcrübəsi ilə müdrikləşmiş insan poeziya dili ilə bizimlə danışır. Bu şeirin sətirləri o qədər təbii və əlvandır ki, onu hər vaxt oxuyanda elə bilirsən ki, onlar yazılmayıb, bir nəfəsə nəğmə kimi oxunub. Səməd məhz bu yüksək sadəlik - iztirablar, yuxusuz gecələr hesabına başa gələn sadəliklə geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanmışdır. Səməd o xoşbəxt insanlardan idi ki, öz mənəvi zənginliyini xalqa verdikcə, özü daha da zənginləşirdi, gəncləşirdi, onu qocalıq haqlamlırdı".
Müəllif R.Rzanın ən yaxın zamandaşları ilə mənəvi əlaqələrini dərindən araşdırmaqla yanaşı, həm də onun, ümumən, ədəbi-estetik görüşləri və hədəfləri haqqında oxucuda dolğun təsəvvür yaratmağa səy göstərir. Kitabda Səməd Vurğun, Mikayıl Müşfiq və başqa müasirləri ilə Rəsul Rzanın yaradıcılıq əlaqələri və tipoloji oxşarlıq və uyğunluqlarının müqayisəli tərzdə nəzərdən keçirilməsi oxucuda sözü gedən tərəflərdən hər birinə daha həssas yanaşma diqqəti və həvəsi oyadır.
"XX yüzil poeziyasının novatorları" fəslinə daxil olan "Rəsul Rza və Maqsud Şeyxzadə" və "Səməd Vurğun və Maqsud Şeyxzadə" bölmələri orijinal təhlil üslubunda yazılması ilə diqqəti çəkir. 30-40-cı illərin gərgin ədəbi-siyasi mübarizələri və mürəkkəb estetik özünüifadə kontekstində bu şairlərin bədii fəaliyyəti, yeni vəzni və poetik inikas vasitələrini mənimsəməsi yolundakı çətinlikləri, məqsədə doğru inadlı və inamlı addımları, yaradıcılıqlarının müəyyən mərhələlərində gəldikləri ümumi nəticə və qənaətlər bugünkü elmi-ədəbi proses nöqteyi-nəzərindən də əhəmiyyət daşıyır. Maqsud Şeyxzadə, Səməd Vurğun və Rəsul Rzanın həm bir sovet şairi, həm də vətənin və xalqın fövqəladə taleyini zaman dalğaları və fırtınaları fonunda necə sədaqətlə, mərdanə tərənnüm etmələri elmi üslubda, ədəbi dəlil-sübutlarla və onların yaradıcılığı üçün ən səciyyəvi poetik detallarla, misallar və obrazlarla əsaslandırılır.
20-30 və 40-cı illərdə Azərbaycan ədəbi mühitində baş verənləri başqa sabiq müttəfiq respublikalar, xüsusən, türkdilli ölkələrlə müqayisəli şəkildə öyrənmək həmin dövrlərin ədəbi mühitinə müxtəlif aspektlərdən yanaşmağa imkan verir.
Eyni zamanda, R.Rza, S.Vurğun, Q.Qulam, M.Şeyxzadə, H.Alimcan kimi özünəməxsus üslub sahiblərinin çox vaxt eyni estetik məqsədləri, bir-birinə bənzər bədii missiyaları yerinə yetirərkən gəldikləri ümumi nəticələr, yekun poetik məxrəclər, tematik-üslubi təcrübələr müqayisəli şəkildə nəzərdən keçirilir.
Onu da qeyd etmək yerinə düşər ki, kitabın diqqəti çəkən məziyyətlərindən biri - bir-birinə yaxın və bənzər problemləri araşdırarkən müəllifin müxtəlif elmi-tipoloji təhlil üsullarına müraciət etməsidir.

(ardı gələn sayımızda)

Məhəmmədəli Mustafayev,
filologiya elmləri doktoru,
professor

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ