adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Dekabr 2018 00:21
16688
ƏDƏBİYYAT
A- A+

BÖYÜK ÜRƏKLİ İNSAN

Sona Çərkəz
Yazıçılar Birliyinin üzvü,
BDU-nun baş müəllimi,
Şairə-publisist

Əbülfət Mədətoğlunun uzun illərdir ki, tanıyıram və nə yaxşı ki, belə namuslu, qeyrətli bir qələm sahibini tanımışam. Həyatda tanıdıqlarımız yüzlərlə, minlərlədir, lakin bu insanların arasında elələri olur ki, tanıdığın andan ən doğma və yaxın adamına dönür, yəni onu doğmalarından doğma bilirsən. Bu, sənin həyatına və yaşadıqlarına həmin insanın mütləqdir ki, münasibətindən və ya baxışlarından doğa bilər. Qəlbini oyalayan, didən, göynədən, sözünü hər vaxt rahatca deyə bildiyin, ərk eləyib səni boğan acılı-ağrılı düşüncələrini paylaşa bildiyin munis insanlar sanıram Allahın həqiqətən hədiyyəsidir. Mənim üçün böyük insani dəyərlərin hamısına sahib olan Əbülfət Mədətoğlu zəngin müşahidə qabiliyyəti olan, yazdıqları iliyimə qədər işləyən təmiz və ustad qələm sahiblərindəndir.
Doğru deyiblər ki, qələmlə yazılan qılıncla pozulmaz. Əbülfətin də qələmindən süzülən səmimi yazıları nə pozulmaz, nə də ağıldan qəlbə gedən yolda yolunu azmaz... İç dünyasını görə bilən, o dünyada yaşadıqlarından çıxış edərək qələmə sarılıb yazdığı yazıları oxucunu düşündürərək, onunla eyni yolu getməyə və həmsöhbət olaraq bölüşməyə vadar edən səmimi şairlərdəndir. Əbülfət Mədətoğlu öz yaşadıqlarını, hiss və duyğularını oxucularının qəlbinə köçürə bilmək qabiliyyətinə malik olan qələm sahibidir. Əslində o, onları özü ilə həmfikir etməyi qarşısına məqsəd qoymasa da, buna çox müvəffəqiyyətlə nail ola bilir. Bu isə hər qələm sahibinə qismət olmur. Hərdən özündənrazı elə müştəbeh insanlar görürük ki, iki-üç səhifə yaza-yazmaya, özüylə qürrələnər, heç kimi bəyənməz. "Burada mənəm, Bağdadda kor xəlifə" deyib, aləmə car çəkər, yüngüllük və taxtasıqırıqlıq edər. Əbülfət Mədətoğlunu bu gün elələrindən və çoxlarından fərqləndirən çox cəhətlər var - sadəlik, kövrəklik, heç kəsi təkrarlamamaq və təəssübkeş olmaq. 
Onun şeirlərinin ünvanı da Ə.Mədətoğludur. Onu bir an özü üçün yaşamağa qoymayan da vətənlə döyünən ürəyidir, çoxlarının görə bilmədiyi çox böyük ürəyi... İfadələrindəki mənalı dərinlik və düşündürmə qabiliyyəti əsas xətt kimi hər kəlimədə duyulur. O, sanki şeirini tədris edə-edə yazır. Sözünü uçmağa, qəlblərə qonmağa hazır formada işlədir.
Əbülfət müəllim həm də çox etibarlı insandır. Bu, onun bütün davranışlarında, özü də hiss eləmədən uzaqdan görünməkdədir. Maraqlı insandır Əbülfət Mədətoğlu. Sözünün çəkisini biləndir, əhəmiyyətsiz və boş fikir yürütməkdən uzaq durmağa çalışan adamdır.
Əbülfət Mədətoğlunun yaradıcılığını dərddən sıyrılmağı bacarmayan, dərdlə mayası yoğrulan birisi kimi qəlbimlə duymağı bacarmağa çalışıram.
Əbülfət Mədətoğlunun taleyində Vətən həsrətinə, ağrıya, acıya, dərdə, kədərə xüsusi yanaşma forması var. Vaxtın qədrini bilən, boşluqdan qaçan, hər kəslə öz dilində danışmağı bacaran və mənasız fikirlərə rəy bildirməyən bütöv adamdır Əbülfət Mədətoğlu. Və bu da oxuculara kənardan apaydın görünür. Yaxşı da ki görünür.
Mən Əbülfət Mədətoğlunun ürəkdən gülməyini görməmişəm, heç kənardan da izləyə bilməmişəm. Mənə elə gəlir ki, o, daim öz içində kiminləsə söhbət edir, özü də çox ciddi söhbət edir. Yeriyəndə də, danışanda da, yazanda da bu gözəl qələm sahibinin-Ə.Mədətoğlunun içində bir həmsöhbət var, məncə. Onu kitaba vurğun olan çox böyük kitab adamı kimi də tanıyıram. Hər vaxt kiminsə yazdıqlarını təhlil edir, rəyini bildirir, uğuruna sevinir... Bu da məncə, böyüklüyün simvoludur.
Ə.Mədətoğlunun boş oturduğunu görən varmı görəsən? O, hər vaxt öz iş otağındadır. Hansı tədbirlərdə olur-olsun, təlaş və narahatçılıqla öz iş otağına tələsir. O, ancaq kitab və qəzetlə dolu otağında rahat görünür. Möhkəm və güclü hafizə sahibi olan Əbülfət Mədətoğlu heç kəsi, heç nəyi unutmur...
Yuxarıda qeyd etdiyim kimi, Əbülfət Mədətoğlunu tanıdığım vaxtdan etibarən onu çox doğma və yaxın bildiyimdən bu kiçik yazını yubiley ərəfəsində yazmaq istədim və bu gün yazıram. Əbülfət Mədətoğlu həm də çox ədalətli adamdır. Və bu, onun işlədiyi, çox sevdiyi "Ədalət" qəzetinin də rəng-rufuna öz təsirini yetərincə göstərir. Məni bu mətbu orqan ilə çox doğmalaşdıran Aqil müəllim, İradə xanım və əlbəttə ki, Əbülfət Mədətoğlunun özüdür. Burada bir dəfə də biganəlik hiss etməmişəm, soyuq üz görməmişəm. İşıqlı insanalr hər vaxt yaradıcı olmaqla yanaşı, həm də çox ürəkli və mehribandırlar. Allah qırıqlara fürsət verməsin.
Elə bu yaxın günlərdə Əbülfətin çox dəyərli Sona xanım Vəliyevanın yaradıcılığında bəhs edən " Sözə ünvanlanmış 15 məktub " kitabı ilə tanış olarkən bir daha əmin oldum ki , Əbülfət bü3tün varlığı ilə sözə aiddir. Vətənini sevən, xalqına xidmət edən, bu xidmətdən əsla yorulmayan, yazdıqları, həyatı və ailəcanlılığı qəlblərdə özünə taxt-tac quran qardaşımı 60 yaşı münasibəti ilə ürəkdən təbrik edir və inanıram ki hər yazısında "Vətən , Qarabağ" - deyən qardaşım Şuşanı- QƏLƏBƏMİZİ mütləq görəcək! Qarabağa qovuşacaq!