adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Dekabr 2018 00:18
4069
GÜNDƏM
A- A+

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

Sürücülər, sizin üçün!

(əvvəli ötən saylarımızda)

Maddə 1. Əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

27) moped - iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər, motosiklet və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur);
28) velosiped - əlil arabaları istisna olmaqla, idarə edən şəxsin əzələ enerjisi ilə, xüsusən pedalların və ya dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı nəqliyyat vasitəsidir;
29) nəqliyyat vasitəsinin dayanması - adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir;
30) məcburi dayanma - texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır;
31) nəqliyyat vasitəsinin durması - əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinəyetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılmasıüçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir;
32) parklanma - nəqliyyat vasitəsinin parklanma yerlərində durmasıdır.
32-1) parklanma yeri - yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş yerdir;
33) yol hərəkəti iştirakçısı - hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir;
34) sürücü - hər hansı növ nəqliyyat vasitəsini idarə edən şəxsdir (sürücülüyü öyrədən avtomobil təlimatçısı da sürücüyə bərabər tutulur);
35) sərnişin - nəqliyyat vasitəsində hərəkətdə olan, lakin onun idarə edilməsinə aidiyyəti olmayan şəxsdir;
36) piyada - nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir (mühərriksiz əlil arabalarında gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq və ya əlil arabası aparan şəxslər də piyadaya bərabər tutulur);
37) velosipedçi - əlil arabaları istisna olmaqla, velosipedi idarə edən şəxsdir;
38) mal-qara ötürən - mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxsdir;
39) ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir;
40) üstünlük - nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur;
41) yol vermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir;
42) məhdudiyyətli görünmə - duman, yağış, qar və başqa şəraitdə, habelə toranlıqda yolun 300 metrdən az məsafədə görünməsidir;
(ardı var)