adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Dekabr 2018 17:43
19133
MƏDƏNİYYƏT
A- A+

Mədəniyyət Nazirliyi 2018-ci ilə yekun vurdu

Dekabrın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyi Aparatı işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2018-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

İclasda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, nazirliyin strukturunda bir sıra islahatlar aparılıb. Bu il nazirliyin kollegiyasının yeni tərkibi təsdiq olunub. Həmçinin nazirliyin kollektivinin üzvlərindən bir neçə şəxs müxtəlif dövlət orqanlarında məsul vəzifələrə təyinat alıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə, nazirliyin şöbə müdiri Vüqar Şıxəmmədov Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini, Yaşar Əliyev Dövlət Attestasiya Komissiyasının Humanitar məsələlər üzrə şöbəsinin müdiri təyin olunub.

Təyinatlarla bağlı təbriklərini çatdıran Əbülfəs Qarayev hər üç şəxsə nazirliyin fəxri fərmanlarını təqdim etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

* * *

Sonra gündəlikdəki birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edib. O, Naxçıvanda "İslam Mədəniyyətinin Paytaxtı” ili çərçivəsində görülən işlərdən danışıb.

Daha sonra Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin 2018-ci il ərzində gördüyü işlər haqqında hesabatla çıxış edib.

Nazir 2018-ci ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, ölkəmizin mədəniyyətinin təbliği istiqamətində görülən işlər, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlərdən ətraflı söz açıb.

Bildirib ki, ilin birinci rübündə ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz artım qeydə alınıb.
Nazir vurğulayıb ki, bu il də Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə, mədəniyyətlə bağlı mötəbər forum və konfranslara ev sahibliyi edib. Bu il Prezident İlham Əliyev tərəfindən irəli sürülən "Bakı prosesi”inin 10 illiyi qeyd olunub. Nazirlik VI Bakı Beynəlxalq Humanitar Forumunun yüksək keçirilməsində yaxından iştirak edib. Bütün bu tədbirlər Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi nüfuzunu daha da artırıb.

Nazir mədəni irsimizin təbliği ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə keçirilən tədbirləri xüsusi qeyd edib, Fondun təşkilatçılığı və nazirliyin iştirakı ilə bir sıra beynəlxalq festivalların, layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. Nazir bu sırada sentyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunmuş Nəsimi - şeir, sənət və mənəviyyat Festivalını xüsusi qeyd edibi.

Bundan əlavə, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda 7-14 mart tarixində ənənəvi, "Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı, 18-26 sentyabr tarixində isə Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçirilib. Bakıda Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi, eləcə də 14-28 oktyabr tarixində Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən ənənəvi Bakı Beynəlxalq Caz festivalı təşkil olunub.

Başa çatmaqda olan 2018-ci ilin uğurlarından söz açan Əbülfəs Qarayev bildirib ki, bu il ölkəmizin mədəni həyatında da mühüm hadisələrlə yadda qalıb.

Nazir qeyd edib ki, 2018-ci il tariximizin şanlı səhifəsi – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlamətdar olub.

Nazir sonda bir daha diqqətə çatdırıb ki, 2019-cu ildə əsas hədəf bütün sahələrdə müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi və göstərilən xidmətləri günün tələbləri səviyyəsinə çatdırmaqdan ibarətdir.

Kollegiya iclasında 2018-ci ilin yekunlarına dair hesabat qəbul edilib. Həmçinin Mədəniyyət Nazirliyinin 2019-cu ilin birinci yarım ilinin iş planı təsdiq olunub.