adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
26 Dekabr 2018 15:40
10271
SİYASƏT
A- A+

Parlament Oqtay Əsədovun İran səfəri ilə bağlı məlumat yaydı

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir.

Milli Məclisdən verilən məlumata görə, dekabrın 25-də nümayəndə heyəti İran Prezidenti Həsən Ruhani ilə görüşüb.

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını İran Prezidenti Həsən Ruhaniyə çatdırıb.

Görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Qeyd edilib ki, İran ilə Azərbaycan arasındakı münasibətlər tarixi köklərə və ənənələrə söykənir. Xalqlarımızın tarixdə yaratdıqları dövlətlər də bir-biri ilə dost münasibətdə, xoş qonşuluq əlaqələrində olublar. Sevindirici haldır ki, əsrlərboyu mövcud olan yaxşı münasibətlər bu gün də davam edir. Bu gün ölkələrimiz arasında müxtəlif istiqamətlər üzrə qarşılıqlı əlaqələr inkişaf mərhələsini yaşayır.

Oqtay Əsədov bildirib ki, Azərbaycan və İran prezidentləri arasında 12 dəfə görüş baş tutub. Bu rəqəm özlüyündə münasibətlərimizin çatdığı yüksək səviyyənin göstəricisidir. Azərbaycan ilə İran arasında 2014-cü ildə imzalanmış dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişafına xüsusi töhfə verib. Azərbaycan, İran və Rusiya prezidentlərinin 2016-cı ildə Bakıda və 2017-ci ildə Tehranda üçtərəfli görüşləri regionda sabitliyin davamlı olmasında əhəmiyyətli rol oynayıb.

Diqqətə çatdırılıb ki, bu gün qarşılıqlı əlaqələrimiz bütün sahələr üzrə uğurla inkişaf edir. İki ölkə arasında 186 hüquqi sənəd imzalanıb, daha 9 sənəd üzərində iş aparılır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 257,7 milyon, cari ildə isə 395 milyon ABŞ dolları həcminə yüksəlib. Ölkələrimizin iqtisadi potensialı ticarət dövriyyəsinin daha da artmasına imkan verir və bu potensialdan səmərəli istifadə etmək lazımdır. Son 5 ildə Azərbaycanın və İranın müxtəlif şəhərlərində hər iki ölkənin iş adamlarının iştirakı ilə 24 biznes forum keçirilib. Bu gün Azərbaycanda 732 İran şirkəti qeydiyyatdan keçib və fəaliyyət göstərir. Bildirilib ki, ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşunun həcmi artmaqda davam edir. Bu günə qədər İrandan Azərbaycana təxminən 3,3 milyard ABŞ dolları həcmində investisiya yatırılıb.

Spiker qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafında parlamentlərin də özünəməxsus rolu var. Hər iki parlamentdə yaradılan işçi qrupları intensiv görüşlər keçirərək əlaqələrin inkişafı haqqında müzakirələr aparırlar. Qanunverici orqanlar arasındakı əməkdaşlıqda dinamika hiss olunur. Tərəfləri maraqlandıran məsələlər ətrafında aparılan fikir mübadiləsi qanunverici orqanlarımızı bir-birinə daha da yaxınlaşdırır.

Oqtay Əsədov bildirib ki, Azərbaycan ilə İran beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edirlər. İranın beynəlxalq təşkilatlar çərçivəsində aparılan müzakirələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkürünü bildirən Azərbaycan parlamentinin sədri iki dövlət arasındakı xoş münasibətlərin gələcəkdə də davam etməsini arzulayıb.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycandan gələnlərin İranda həmişə əziz qonaq olduqlarını diqqətə çatdırıb. Qeyd olunub ki, İran ilə Azərbaycan beynəlxalq iqtisadi layihələrin həyata keçməsində də birgə fəaliyyət göstərirlər. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi hər iki ölkənin iqtisadi inkişafına böyük təkan verəcək. Həsən Ruhani bu işdə mühüm addımlar atan Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırılıb ki, bu dəhliz tam formalaşdıqdan sonra Azərbaycan Fars körfəzinə, İran isə Rusiya və Avropa dövlətlərinə çıxış əldə edəcək. Artıq İran ilə Azərbaycanın dəmir yollarını birləşdirən Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu istifadəyə verilib. Qəzvin-Rəşt-Astara yolunun Rəşt-Astara hissəsində isə işlər davam edir. Hər iki dövlətin birgə iqtisadi layihəsi olan Neftçala avtomobil zavodu da artıq işə düşüb və istehsal başlayıb. Bu layihələr xalqlarımızın mənafeyi nəzərə alınmaqla həyata keçirilib. İran hər zaman yaxın qonşuları ilə əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycan ilə İranı ortaq tarixi bağlar, mədəniyyət, din və xalqlarımızın adət-ənənələri sıx bağlayır.

Prezident Həsən Ruhani səmimi salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə catdırılmasını xahiş edib.

***

Həmin gün parlament nümayəndə heyəti İran İslam Şurası Məclisinin (parlament) sədri Əli Laricani ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, işçi qruplarının fəaliyyəti və qanunvericilik sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Milli Məclisin sədri Oqtay Əsədov diqqətə çatdırıb ki, Azərbaycan ilə İranı bir-birinə bağlayan coğrafiya, tarixi, mədəni və dini ortaq dəyərlərimiz var. Bu dəyərlər münasibətlərimizin qarşılıqlı anlaşma üzərində qurulmasına şərait yaradır. Bu gün əməkdaşlığımız müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər xüsusi rol oynayır. Heç şübhəsiz ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının rolu və siyasi iradəsi mühüm əhəmiyyət kəsb edir. Son illərə nəzər salsaq görərik ki, qısa müddət ərzində hər iki ölkənin prezidenti qarşılıqlı səfərlər edib, eyni zamanda, beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşüb, ikitərəfli əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparıblar.

Spiker deyib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tərəflər arasında xoş münasibətlərin olduğunu göstərir. Bu Konvensiya həm ikitərəfli, həm də çoxtərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcək. Son illər hökumət nümayəndələri arasında da qarşılıqlı səfərlərin sayı artıb. Məhz bu səfərlərin və aparılan danışıqların nəticəsidir ki, iki qonşu dövlət arasında münasibətlər inkişaf mərhələsinə qədəm qoyub.

Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyasının işini yüksək qiymətləndirən Milli Məclisin sədri bildirib ki, birgə layihələrin həyata keçirilməsi məhz bu Komissiyanın işinin nəticəsidir. Bu qəbildən Neftçala avtomobil zavodunu qeyd etmək yerinə düşər. Eyni zamanda, Bakı şəhərinin ətrafında əczaçılıq fabrikinin də əsası qoyulub və işlər davam edir.

Vurğulanıb ki, cari ildə parlament nümayəndələrindən başqa İranın xarici işlər, müdafiə, rabitə və informasiya texnologiyaları, milli təhlükəsizlik nazirləri, sərhəd qoşunlarının komandanı, Prezident Administrasiyasının rəhbəri müxtəlif vaxtlarda Azərbaycana səfər ediblər. Bu səfərlər zamanı qarşılıqlı əlaqələrin inkişafı müzakirə olunub və bir sıra razılaşmalar əldə edilib. İki dost ölkə arasında belə yüksək səviyyəli səfərlərin sayının artması sevindirici haldır. Azərbaycan parlamentinin nümayəndə heyətinin bugünkü səfəri də əlaqələrimizin inkişaf meylinin davamıdır. Qeyd olunub ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında İran ilə Azərbaycan əhəmiyyətli rol oynayırlar. Bu, beynəlxalq transmilli iqtisadi layihədir və bundan çox ölkə istifadə edəcək.

Parlamentlərarası işçi qruplarının fəaliyyətini yüksək qiymətləndirən Oqtay Əsədov bildirib ki, qanunverici orqanların təcrübə mübadiləsi də faydalıdır. Parlamentlərarası əlaqələr xalqların mədəni münasibətlərinin inkişafına da böyük təkan verir.

Oqtay Əsədov İran parlamentinin sədri Əli Laricanini Azərbaycana rəsmi səfərə dəvət edib.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani ölkəsinin Azərbaycan ilə bütün sahələr üzrə əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. İki ölkə arasında qarşılıqlı və faydalı əməkdaşlıqda heç bir problem yoxdur. Dövlət başçılarının dostluq əlaqələri ölkələrimizin münasibətlərinə də təsir göstərir. Bu baxımdan Azərbaycan və İran prezidentlərinin dostluğu çox müsbət xarakter daşıyır.

İran parlamentinin sədri qeyd edib ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmini 2-3 milyard ABŞ dolları həcminə çatdırmaq mümkündür. Buna hər iki dövlətin iqtisadi potensialı imkan verir.

Regional təhlükəsizlik məsələsinə toxunan Əli Laricani deyib ki, terrorçuluq dünyada qlobal problemə çevrilib. Beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərin birləşdirilməsi regionda sülhün və sabitliyin davamlı olmasını təmin edər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Sonra Oqtay Əsədov və Əli Laricani mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

***

Həmin gün Milli Məclisin sədri Oqtay Əsədov İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Milli Təhlükəsizlik Şurasının sədri Əli Şamxani ilə də görüşüb.

Görüşlərdə regional təhlükəsizlik, terrorçuluğa qarşı birgə mübarizə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfər zamanı keçirilən görüşlərdə Milli Məclisin deputatları İsa Həbibbəyli, Eldar İbrahimov, Hüseynbala Mirələmov, Şəmsəddin Hacıyev, Hadi Rəcəbli, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

Parlament nümayəndə heyətinin İran İslam Respublikasına səfəri davam edir.