adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Dekabr 2018 09:16
9768
MƏMLƏKƏT
A- A+

SAĞLAMLIĞIMIZI AZƏRBAYCANIMIZDA QORUMAĞA DƏYƏR

"Bütün dünyanı gəzib səadət axtardım, - tapmayıb, kor-peşman evə döndüm. Sən demə o, evdə məni gözləyirmiş" - dünya şöhrətli şəfa ocağı Naftalan haqqında təəssüratlarımı türk-islam fəlsəfi fikrinin böyük nümayəndələrindən olan Əbu Turxanun bu müdrik kəlamı ilə başlamağım təsadüfi deyil. Səhhətimlə əlaqədar respublikamızdan kənarda fəaliyyət göstərən bir sıra sağlamlıq müəssisələrində müalicə almağıma baxmayaraq, müsbət nəticə olmadığından həkimlərin məsləhəti ilə Naftalan şəhərindəki "Müalicə və Sağlamlıq Mərkəzi"nə gəldim. Bir həftədən sonra müalicələr öz bəhrəsini verdi. Sağlamlığı da elə öz doğma vətənimizdə axtarmaq gərəkmiş.

Naftalana gəldiyim ilk günlərdən özəl bölmənin, sahibkarlığın inkişafı ilə əlaqədar görülən tədbirlər, həyata keçirilən konkret işlər diqqətimi cəlb etdi. Respublikamızda azad sahibkarlığın, özəl bölmənin sürətli inkişafı üçün yaradılan hər cür şəraitin uğurlu nəticələri burda hər addımda özünü göstərirdi. "Naftalan Müalicə və Sağlamlıq Mərkəzi"nin direktoru İlqar Hüseynovun təşkilatçılığı ilə yüksək zövq və səliqə ilə tikilmiş müasir standartlara tam cavab verən müalicə ocağındakı yaşayış və müalicə korpusları, poliklinika, yeməkxana, idman zalı, həyətdə əkilmiş müxtəlif ağaclar, güllər adamda xoş duyğular yaradır, bura qədəm basan hər kəsdə xoş təəssürat doğururdu. Fərəh doğurucu haldır ki, xarici ölkələrdən gələnlər də bu inkişafı yüksək qiymətləndiridilər.

"Naftalan Müalicə və Sağlamlıq Mərkəzi"ndə 70-dən çox, o cümlədən sümük-əzələ sistemi, periferik sümük və damar, ginekoloji, dəri, xroniki prostatitlər və başqa xəstəliklərin uğurlu müalicəsi üçün naftalan nefti tətbiq olunur, həmçinin burada yod-bromlu su vannaları, parafinlə müalicə, masaj, fizioterapiya otaqları fəaliyyət göstərir və bütün bunlar bu şəfa ocağına pənah gətirənlərin müalicəsində önəmli rol oynayır.

Bütün bunlarla yanaşı həkim və xidmətçi heyətin, o cümlədən müalicə həkimim Sabir Qaraşovun peşəkarlığı və yüksək qayğıkeşliyi də müalicə işinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərdi.

"Naftalan Müalicə və Sağlamlıq Mərkəzi"ndə vətəndaş məmnunluğu yaradan bu qayğıkeşlikdə fizioterapiya şöbəsində çalışan işçilərin əməyini xüsusi olaraq qeyd etmək istərdim. Burada çalışanların - gülərüz, mehriban Azərbaycan xanımlarının qayğısı, isti münasibəti, pasiyentlərin hər müraciətinə "can dayı", "can baba", "can nənə", "can xala" kəlmələri ilə cavab vermələri və son dərəcə həssaslıqla xidmət göstərmələri insana sanki öz doğmalarının əhatəsində olması təəssüratını yaradırdı. Bütün bunlar isə qürurvericidir. "Ədalət" qəzeti vasitəsi ilə "Naftalan Müalicə və Sağlamlıq Mərkəzi"ndə sağlamlığımızın keşiyində duran bütün işçilərə minnətdarlığımı bildirir və cəsarətlə bildirirəm ki, sağlamlığımızı elə öz Azərbaycanımızda qorumağa dəyər.

Hikmət Xudiyev,

daxili xidmət polkovniki, əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru