adalet.az header logo
  • Bakı 19°C
26 Dekabr 2018 00:40
2882
GÜNDƏM
A- A+

ARTUR ANTUNYES KOİMBRA VƏ YA QISACA ZİKO


O, 1953-cü il martın 3-də Braziliyada doğulub. "Flamenqo" (Braziliya), "Udineze" (İtaliya), "Kasimu Antlers" (Yaponiya) klublarında çıxış edib. Onun vizit kartı cərimə zərbələrini qola çevirmək idi. Həmin zərbələrdən birini 1975-ci ildə ölkə yığmasının heyətində debüt matçı zamanı Uruqvay millisinin qapısından keçirib. Zikonun aldığı zədələr və məşqçilərlə özünün taktiki mövqeyi barədə apardığı mübahisələr 1978-1986-cı illərdə keçirilən dünya çempionatlarında uğursuz çıxış etməsinə səbəb oldu. Lakin 1982-ci ildə İspaniyada o, özünün istedadını parlaq şəkildə nümayiş etdirə bildi.
Ziko 1981-ci ildə "Flamenqo"nun heyətində Libertodares Kubokunun və Tokioda keçirilən Qitələrarası Kubokun final oyununun qalibi olub. Həlledici görüşdə İngiltərənin "Liverpul" klubunu 3:0 hesabı ilə məğlub edən "Flamenqo" böyük uğura imza atdı. Böyük hesablı qələbədə isə Ziko müvəffəqiyyətli hücumların hamısında iştirak etdi. "Liverpul"un müdafiəçiləri onun kəsərli hücümlarının hamısında iştirak etdi. "Liverpul"un müdafiəçiləri onun kəsərli hücümlarının qarşısını almaqda acizdilər. Bir qolun müəllifi Ziko oldu, qalan iki topda isə oyundaşları onun ötürmələrindən bacarıqla istifadə etdilər. O zamanlar Zikonun Yaponiya ilə demək olar "izdivacı" başlandı. Bir müddət Braziliyanın idman naziri işləyən Ziko sonra yenidən Gündoğar ölkəyə qayıdır və "Kasimu Antlers" klubunda oynayır... 1986-cı ildəki dünya birinciliyinin Braziliya-Fransa matçının bir epizodu çoxlarının xatirindədir. Görüşün həlledici anında on bir metrlik cərimə zərbəsini qapıdan keçirə bilməyən Ziko Braziliya yığmasının məğlubiyyətinin əsas səbəbkar hesab edildi. Meksikada baş verən həmin dramatik məqamı televiziya vasitəsiylə izləyən milyonlarla tamaşaçı meydanda nə baş verdiyini anlaya bilmirdi. Sonra Ziko səhvini belə izah etdi:
"Mən yüz faiz əmin idim ki, topu qapıdan keçirə biləcəyəm. Axı o vaxta kimi vurduğum bütün penaltiləri qola çevirə bilmişdim. Braziliyalı azarkeşlər uzun müddət səhvimi mənə bağışlamadılar. O vaxt aldığım zədə üzündən ehtiyatda qaldığım üçün çox sevinirdim. Axı heç kim istəməz ki, çətin məqamda onu fitə bassınlar".
Onun əsl adı Artur Antunyes Koimbradı. Ancaq uşaqlıqdan hamı - anası, atası qardaşları onu Ziko deyə çağırırdılar. Onun böyük qardaşları olan Edu və Antunyesi bütün Braziliya yaxşı tanıyırdı. Onlar "Amerika" klubunda oynayıblar və dəfələrlə ölkə yığmasının formasını da geyiniblər. Məhz onlar balaca Zikoya futbolda ilk addımlar atmağı öyrədiblər. 60-cı illərdə şöhrətin zivəsində olan Edu jurnalistlərin ona verdiyi sualı xatırlamağı çox sevir - fikrinizcə, kim daha yaxşı futbolçudur, siz, yoxsa Antunyes? Cavabında belə demişdi: "Heç birimiz, yaxşısını bir neçə ildən sonra biləcəksiniz. Bu bizim kişik qardaşımız - Ziko olacaq".
Qardaşlarından fərqli olaraq Ziko bütün idmançı həyatını "Flamenqo"nun heyətində keçirib. Bunun əsas səbəbkarı isə ömrü boyu "Flamenqo"ya azarkeşlik edən atası olmuşdur. Zikonun 11 yaşı tamam olan günü ailə yığıncağında atanın, ananın, qardaşların yaxın dostu jurnalist Selşo Qarsinyanın iştirakı ilə qərara alınır ki, yeniyetməni Braziliyada məşhur olan kluba "təhvil" versinlər.
O zamanlar "Flamenqo"nun yeniyetmələr heyəti ilə məşğul olan məşqçi Modesta Bria xeyli müddət Zikonun istedadını şübhə altında saxlayırdı. Çünki 11 yaşlı Ziko çox cılız bədəni ilə 8 yaşlı uşağa oxşayırdı. Onu kluba gətirən Qarsiyanın xahişlərindən sonra Bria jurnalistlə münasibətlərini pozmamaq xatirinə uşağa məşqlərə başlamağa razılıq verdi. Lakin Modesta Bria Zikonu əsas heyətə salmağa tələsmirdi. Nəhayət, günlərin birində məşqçi gənc futbolçunu sınamaq üçün final fitinə 20 dəqiqə qalmış meydana buraxmağa qərar verdi. "Ey, adın da yadımdan çıxıb" - "Ümumiyyətlə, adım Arturdur, hamı məni Ziko çağırır" - deyə, o, cavab verdi. - "Bura bax Ziko, paltarını soyun, cəld meydana çıx" - deyə Bria əmr etdi.
Təzə oyundaşları hələ onu yaxşı tanımadıqları üçün demək olar meydanda gənc futbolçunu görmürdülər. Ziko hiss edirdi ki, onlardan ötürmə ala bilməycək. Lakin on dəqiqədən sonra meydanın mərkəzində top nəhayət ki, onun ayağına düşdü. Sürəti artıraraq bir-birinin ardınca dörd müdafiəçini arxada qoydu. Nəticədə qapıçı ilə təkbətək qalan Ziko elə bir zərbə vurdu ki, qolkiper topun ancaq tora düşdüyünü gördü. Bundan sonra onu saxlamaq mümkün olmadı. Daha bir qolun müəllifi olan Zikonun ötürmələrindən sonra əlavə iki qol da komandanın hesabaına yazıldı. Ziko 18 yaşında olarkən "Falmenqo"nun ən məhsuldar futbolçusu hesab edildi. Artıq onu bütün Braziliya tanıyırdı. Ancaq ölkə yığmasının heyətində o daimi yox, epizodik hallarda çıxış edirdi. Tele Santana milli komandaya baş məşqçi təyin edildikdən sonra o özünü yığmanın tam hüquqlu üzvü saydı. Zikonun sözlərinə görə yeni məşqçi hər bir futbolçunun ürəyinə yol tapa bilmişdi. O deyirdi:
"Monolit komanda yaratmaq başlıca məqsədimiz idi. Kollektiv üzvləri arasında da sıx əlaqə yaranmışdı. Yığmanın əvvəlki məşqçiləri isə futbolçularla elə münasibət yaradırdılar ki, kimsə özünü heyətdə artıq adam kimi hiss edirdi. Elə buna görə də Braziliya yığması Almaniyada keçirilən dünya birinciliyində müvəffəqiyyət qazana bilmədi. 1978-ci ildə Argentinada da buna oxşar vəziyyət yaranmışdı. Mən həmin dünya çempionatında çıxış etməyi çox arzulayırdım. Axı mənə 10 nömrəli köynək verilmişdi. Həmin nömrə ilə bildiyiniz kimi Pele oynayırdı. 1977-ci ildə Braziliyanın ən yaxşı futbolçusu seçildim və mənim simamda Pelenin ən layiqli davamçısını görürdülər. Ancaq Kutinyo məni gah yığmanını tərkibinə salır, gah da heç nə izah etmədən oradan çıxarırdı. Belə bir əsəbi şəraitdə mən tam qüvvə ilə oynaya bilmirdim".
Nəhayət, 1982-ci il gəlib çatdı. İspaniyada keçirilən mundialda Ziko dünya şöhrəti qazandı. Baxmayaraq ki, Braziliya yığması çox gərgin mübarizə şəraitində İtaliya milli komandasna 2:3 hesabı ilə məğlub oldu. Qeyd etmək lazımdır ki, o zaman Tele Santana yüksək səviyyəli komanda yarada bilmədi. Onun heyətində Junyor, Sokrates, Eder və Falkao kimi futbol ulduzları yer almışdılar. Mütəxəssislərin və azərkeşlərin ümumi rəyinə görə məhz Braziliya yığması dünya çempionu olmalıydı, ancaq olmadı. Çünki buna hamıdan çox inanan Braziliya futbolçularının özləriydilər. Arxayınçılığın aqibəti isə həmişə pis olur. Baxmayaraq ki, Braziliya komandasını heç-heçə də qane edirdi.
Müdafiəçilərin buraxdığı səhvlər İtaliya komandasına imkan yaratdı ki, oyunu qələbə ilə başa vursun. Braziliya yığmasının qapısına üç topu vuran Paolo Rossi oldu. İspaniya çempionatından sonra İtaliyanın "Udineze" klubuna keçmək üçün dəvət alan Ziko həmin təklifi sevinclə qarşıladı. Çoxları onun İtaliyaya qazanc məqsdilə gəldiyini deyirdilər. Ziko isə Avropaya gəlmə səbəbini soruşanlara belə deyirdi: "İnanın, "Udineze"yə gəlməmişdən əvvəl də mən maddi cəhətdən imkanlı adam idim. Mən "Roma" klubunda çıxış edən və ona çempionluq qazandıran həmyerlim Falkaodan nümunə götürdüm. Ancaq İtaliyada mənim bəxtim gətirmədi. Birinci mövsüm pis oynamasam da, hiss edirdim ki, məndən daha yaxşı oyun gözləyirdilər. İkinci ili isə əslində heç oynamadım. Dizimdən aldığım zərbə nəticəsində mən bütün mövsüm futboldan təcrid olundum. Keçirdiyim əməliyyat da kömək etmədi. Həkimlər deyirdilər ki, tam sağalmaq üçün vaxt tələb olunur. "Udineze"nin rəhbərləri isə yalnız məni yaşıl meydanda görmək istəyirdilər. Başqa Ziko onlara lazım deyildi. Mən evə, Braziliyaya qayıtmalı oldum".
1986-cı ildə Meksikada keçiriləcək dünya birinciliyi ərəfəsində Ziko daha bir əməliyyat keçirməli oldu. Bununla belə Santana onu millinin tərkibinə daxil etdi. Çempionat ərəfəsində Braziliya yığması yoxlama görüşlərində çox zəif nəticələr göstərirdi. Bir neçə məşqçi dəyişikliyi edildi. Güman edilirdi ki, Braziliya komandası Meksikada uğur qazana bilməyəcək. Futbol konfederasiyasının yeni rəhbərləri təcili Santanaya müraciət etməli oldular. Hazırlığa vaxtım az olduğundan veteranların təcrübəsinə ümid bəsləyən Tele onları yığma komandaya çağırdı.
Hamı ilə birlikdə məşq prosesinə qosulan Ziko başqalarından fərqli olaraq hər gün tibbi müayinədən keçirdi. Onun əsas heyətə daxil edilməsi məlum olduqdan sonra, Dieqo Maradona braziliyalıya təbrik teleqramı göndərdi. Ziko həmin argentinalı ilə cox səmimi münasibətləri var idi. Cempionat başlanmamışdan qabaq Ziko əmin idi ki, nəhənglərin turniri Maradonanın adı ilə bağlı olacaq. O səhv etməmişdi.
1986-cı i ldə Braziliya yığma komandaları arasında ? final matçının taleyini oyundan sonrakı penalti zərbələri həll etdi. Çoxları fransız futbolçuların məğlub olacaqlarını söyləyirdi. Braziliya yığması dörd il əvvəlki komanda ilə müqayisədə heç də zəif deyildi. Güman edilirdi ki, öz qitələrindı oynayan cənubi amerikalılar əvvəlki səhvləri təkrar etməzlər. Ancaq belə düşünənlər üç qat dünya çempionlarının pərəstişkarları idi. Avropa çempionlarının gücünə inananlar isə başqa cür fikirləşirdilər.
Beləliklə, növbəti dəfə futbolsevərlər Amerika-Avropa qarşıdurmasının şahidi oldular. Həmin matç Meksiko çempionatının bəzəyi oldu. Komandanın heyətləri: Braziliya yığması - Karlos, Josimar, Sezar, Edinyo, Branko, Elzo, Junyor, (Silas 91) Sokrates, Alemao, Myüller (Ziko 71), Kareka. Fransa yığması - Bats, Fernandes, Bossi, Battiston, Amoro, Tiqana, Jiress (Ferreri 83), Platini, Tyusso, Roşto (Bellon 99), Stopira. Braziliyalı müdafiəçi Josimar birincilikdə qəribə kəşf hesab edildi. Öz ölkəsində peşəkar futbolçu olmayan adı cəkilən oyunçu Meksikaya gələndə heç kəs onu tanımırdı, vətənə qayıdanda isə artıq məşhurlaşmışdı. Bu qarşılaşmada futbolçuların həm yüksək ifaçılıq məharəti, həm də bağışlanılmaz səhvləri var idi. Məsələn, Ziko hesab 1:1 olanda penalti zərbəsini qola çevirə bilmədi. Anacaq bütün dünyanın futbolsevərləri gözəl oyuna görə, hər iki komandaya minnətdar idi. Əlavə olunmuş vaxtdan sonra da hesab dəyişməz qalırdı. Bundan sonra qapıçıların cəhənnəm əzabı başladı - on bir metrlik zərbələrin vurulması. Əvvəlcə Sokrates səhv etdi, sonra Platini. Bellonun zərbəsi isə əvvəlcə dirəyə tuş gəldi, sonra qapıçının kürəyinə dəyib qapıya yuvarlandı. FİFA-nın qaydalarında belə məqam nəzərə alınmasa da, rumıniyalı hakim İqne topu hesaba aldı. Bu qol çox mübahisələrə səbəb oldu. Məğlub komanda vəziyyətində (3:4) qalan braziliyalı futbolçular etiraz ərizəsi verdilər. Onların həmvətəni olan FİFA prezidenti J.Avelanj da çıxılmaz vəziyyətdə qalmışdı. Doğrudur, o özündə cəsarət taparaq mətbuat konfransında bu sözləri dedi: "Öz üstünlüyünü hesab etmək üçün oyun zamanı bir qol vurulsaydı, indi bir topun mübahisəsi getməzdi. Bəs Sokratesa və Sezara penaltini vurmağa nə mane oldu?".
Pelenin rəyi:
- Bizim yığma komandamız bu cür talei yaşamağa layiq deyildi . Hətta finalda da belə yüksək səviyyəli oyunu görə bilməyəcəyik. Çempionatda buna bərabər ikinci matç olmayacaq.
Tele Santana:
- Dörd il əvvəl İspaniyadakı məğlubiyyətlə müqayisədə bu o qədər də ağrılı deyil. Orada bizim əla komandamız var idi. Ancaq biz o zaman italyanlarla meydanda mübarizə apararkən uduzduq, indi isə sərsəm penalti seriyasında... Mən artıq istefaya çıxmalıyam, daha bəsdir!...
Braziliyalılar çox pis əhval-ruhiyyədə vətənə qayıtdılar.
Futbolçu karyerasını bitirən Ziko məşqçilik fəaliyyətinə başladı. Yaponiyada və Səudiyyə Ərəbistanından sonra İstanbulun "Fənərbaxça" klubunu çalışdırırdı.