adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Dekabr 2018 00:35
3997
GÜNDƏM
A- A+

Azərbaycançılıq əsas məqsəddir


Müstəqillik qazandıqdan sonra demokratik , hüquqi və dünyəvi dövlət olan Azərbaycan Respublikası son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atıb. Dünyadakı mövqelərimiz möhkəmlənir, bizə dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var.
Sevindiricidir ki, Azərbaycana arxalanan dünya azərbaycanlılarına milli, regional, qlobal səviyyədə manevr və fəaliyyət imkanları yüksəlir. İndi təkcə azərbaycanlılar deyil, onların vasitəsilə ölkəmiz haqqında dürüst məlumata malik olan digər millətlərin nümayəndələri, dövlətlərdə və beynəlxalq təşkilatlarda müəyyən məsul vəzifələri icra edən şəxslər də Azərbaycanın maraqlarının müdafiəsində lazımi mövqeyi sərgiləyirlər. Bu işlərdə Diasporalarla iş üzrə Dövlət Komitəsinin böyük rolu var.
Bu gün diaspor fəaliyyətinin daha da təkmilləşdirilməsi, Azərbaycanın xeyrinə lobbiçilik hərəkatının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. İndi dünyanın müxtəlif ölkələrində 500-ə yaxın diaspor qurumu fəaliyyət göstərir. Diaspor təşkilatlarının daha səmərəli fəaliyyətini təmin etmək, yeni keyfiyyət mərhələsinə keçmək baxımından daha çox iş görülməlidir. Daxili və xarici siyasət sahəsində əldə etdiyimiz uğurlar, ölkəmizin dünya miqyasında əldə etdiyi nailiyyətlər, Azərbaycanın haqq səsinin dünyada eşidilməsi, Azərbaycanın mənafelərini müdafiə edən müxtəlif dövlətlərin siyahısının artması onu deməyə əsas verir ki, biz lobililik fəaliyyətini genişləndirməliyik.
Azərbaycan dövlətinin başçısı deyib ki, "səfirliklərlə diaspor təşkilatları arasındakı əməkdaşlıq daha güclü, daha da məqsədyönlü olmalıdır". Ölkə başçısı xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın o ölkələrin daxili siyasətində iştirak etmələrinin vacibliyini diqqətə çatdıraraq deyib ki, "artıq bunun vaxtı gəlib çatıb. Həm ölkəmizin inkişafı, həm diaspor təşkilatlarımızın güclənməsi qarşımızda belə imkanlar açır. Soydaşlarımız- azərbaycanlılar yaşayan ölkələrdə dövlət, hökumət qurumlarında təmsil olunmalıdır. Onların sayı da bəzi hallarda buna imkan verir. Qanunvericilik orqanlarında təmsil olunmalıdırlar. Bunu etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır".
Dünya azərbaycanlılarının yaşadıqları ölkələrin seçkili və yaxud icra strukturlarında təmsil olunmaları soydaşlarımızın hüquqları ilə yanaşı, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Məhz bu halda dünya ölkələrinin parlamentlərində, nəticə etibarilə isə beynəlxalq təşkilatlarda Azərbaycanın işğal olunmuş torpaqları, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları barədə ədalətli qərarların qəbuluna nail olmaq mümkündür.
İdris Şükürlü