adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Dekabr 2018 00:27
17793
ƏDƏBİYYAT
A- A+

ÇANAQQALA SAVAŞI

Fəxrəddin Ziya

(poema)

I

Ey xaqanlar yetirən,
zaman qədər qoca türk.
Dağlarca əzəmətli,
bayraq kimi uca türk.

Əmniyyətdir məramı,
qol qoymaz bir suça türk.
"Cahanda sülh, yurdda sülh",
arzuları haça türk.

Ən böyük istəyidir
xoş ünsiyyət, barışıq.
Neyləsin ki, dörd yanı
iğtişaşlı, qarışıq.

Canından can versə də,
daim yaxın-uzağa.
Səbəb oldu-olmadı,
türk çəkilir sınağa.

Min illərdir atılır
od-alovun içinə,
Amma yenə nicatdır,
min-min qaçqın-köçkünə.

Çünki Tanrı sevgisi
yaşadır öz qanında.
Ona pənah gətirən
dosta dönür yanında.

Zorla qıra bilməmiş
hələ kimsə əzmini.
Tanrı heç göstərməsin
Göy türklərə o günü.
Bəşər onu hər yerdə
belə görmüş binadan.
Türk qadını tədbirli,
Türk kişisi qəhrəman.

Üzündə göyün nuru,
bağrağında hilalı.
Yenilməz güc-qüvvəti,
tükənməz cah-cəlalı.

Zəhmət türkün qayəsi,
hünər türkün meydanı.
Gül-çiçəyə bürüsün,
Qoy türk eli dünyanı.

II

Yerin-göyün atəşiydi
Çanaqqala savaşı.
Cəsurların haqq işiydi
Çanaqqala savaşı.

Ölüm-dirim döyüşüydü
Çanaqqala savaşı.
Son-qələbə vuruşuydu
Çanaqqala savaşı.

III

Yağış kimi tökülürdü
üstümüzə güllələr.
Mərmi səsi göy üzündə
ildırımtək çaxırdı.

Qanımıza susamışdı
qarı düşmən o səhər.
Şəhid qanı bu torpağa
su yerinə axırdı.

Bu torpağın, bu diyarın
hər qarışı bir səngər.
Burda səngər quranların
hər biri bir qəhrəman.

Çanaqqala döyüşünə
ər igidlər səfərbər.
Bu igidlər basılmamış,
yenilməmiş heç zaman.

IV

Son əsgərin hünəri

(və ya Seyyid Onbaşının gerçək hekayəti)

Burda rəqib onmu, yüzmü,
burda düşmən, ah, nə çox?
Ölənlərin, itənlərin,
batanların sayı yox.

Burda daha güc tükənmiş,
gələn ancaq son nəfəs.
Qalan ağır yaralılar,
kömək ummaq boş, əbəs.

Burda bir yarıcan ər var,
ümidləri tükənməz.
İçindəki Vətən eşqi,
hayqırtısı müqəddəs.

Görür ki, bir mərmi vardır
ondan azca aralı.
Dartır onu topa sarı
bu cəngavər yaralı.

Aman, Allah, nə görünür
bu son anda gözünə?
Düşmənini görür ancaq,
fıkir vermir özünə.

Səngərində tək qalıbdı
saysıs düşmən önündə.
Topa doğru iməkləyir,
son mərmisi əlində.

Bədəndə can, damarda qan
qalıbdırsa bir qədər,
son mərmiylə son hədəfı
sarsıdacaq son əsgər.

İnadını, var gücünü
eyləyərək səfərbər,
nəhayət ki, son mərmini
topa salır birtəhər.

Nişan alır, gələn gəmi
bir andaca alışır.
Qarşı tərəf vahimədən
bir-birinə qarışır.

Savaş bitir, rəqib gəmi
geri dönür, gaçmağa.
Onsuz daha heç nə yoxdur
yenə atəş açmağa.

Bununla da yerdə, suda
atışmalar səngiyir.
O gəmiyə gələn kömək
qorxub gəlmir, ləngiyir.
Qazi əsgər qəhrəmantək
öz topuna sarılır.
Uzaqdansa kömək üçün
yeni dəstə görünür.

O dəstədən öndə gedir
türkün uca bayrağı.
Çanaqqala türkün yurdu,
türkün əzəl torpağı.

V

Çanaqqala savaşı
bir orduya dərs imiş.
Böyük Atatürk onu,
gör, nə gözəl vəsf etmiş:

Vətən qurbanlarına
saxlanılmaz yas - demiş.
Qəhrəmansız, şəhidsiz
torpaq qorunmaz - demiş!

Türk qadını onları
yenə də doğar - demiş.
Əgər Türkiyə ölsə,
bir ana Türkiyəni
bir daha doğmaz - demiş!

VI

Sən ey güvənc yerimiz,
amalımız Türkiyə.
Sən ey söykənc yerimiz,
calalımız Tyrkiyə.

Qoy səndən ilham alsın
həmişə türk elləri.
Xarüqələr yaratsın
xalqın qadir əlləri.

Türk əzmli, Türk müdrik,
Türk əyilməz, Türk mətin.
Tarix verər qiymətin
bu sülhsevər millətin.

Qürur duysun gücündən
yurdum, elim, Türkiyə.
Ötkəm dilim Türkiyə,
möhkəm əlim Türkiyə.

Sənə şərqi oxusun,
qoy bu elim, ulusum.
Türk Tanrıya tapınmış,
Tanrı Türkü qorusun!