adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Dekabr 2018 00:14
8206
GÜNDƏM
A- A+

USTA RAMAZANIN DOĞUMU VƏ ÖLÜMÜ

Allahverdi EMİNOV

(əvvəli ötən sayımızda)

Mehdi Hüseyn, şübhəsiz, nə sosialist realizmi çərçivəsindən çıxa bilərdi, nə sosialist əxlaqi çərçivəsində əxlaqi münaqişə axtarardı, amma milli sərvətimizi üzə çıxaran azərbaycanlıları, onlarla birgə çalışan qeyri millətləri qeyri-antoqonist tip nümunəsi kimi təsvir etməyə təşəbbüs göstərmək istəməmişdir. Yazıçı romanın poetikasında şəxsiyyət və cəmiyyət, şəxsiyyət və kollektiv münasibətlərində qeyri-antiqonist ziddiyyətlərin ümumi mənafe baxımında ifadəsinə çalışmışdır. Biz əsərdə əxlaqi normalar və sərvətlərin istehsalı sisteminin milli zəmində həllolma situasiyası ilə qarşılaşırıq.
Usta Ramazanın həyatda şəxsi, romantik sevincləri, ehtirasları arxada qalmışdır, amma o, bu hissləri Vətən oğlanlarının sənətdən, peşədən möhkəm yapışmasında görür və Tahirin simasında o, xoşbəxtliyini tapmışdır. Şəxsi səadət itirilmişdir: iki oğuldan sonra, indi səadət işartısı iradədir, öz yerini boş qoymamaqdadır; öz əməyinin bəhrəsini başqasının simasında görməkdədir. Praqmatik filosof C.Dyui yazırdı: "Xoşbəxtlik müvəffəqiyyətə əsaslanır: müvəffəqiyyət isə məqsədə nail olmaqdan, irəliyə doğru getməkdən, irəliyə doğru hərəkət etməkdən ibarətdir". Tahirin kəndə üz tutmasını eşidən Usta Ramazan sanki xoşbəxtliyilə vidalaşır. Qüdrət İsmayılzadə qocanı pərişan görür, "nə isə ciddi bir fəlakət üz verdiyini güman edib dayanır və sükut içində onun gətirdiyi acı xəbəri gözləməyə başlayır". Həqiqətən, romanı oxuyan oxucu bu epizodda təlaş keçirir. Və Qüdrət soruşur ki, nə üçün qəmginsən? Usta cavabında deyir ki, nə olacaq, Tahir qayıtmayıb. Lalə də, Qüdrət də Usta Ramazan kimi bir ciddi, qaradinməz kişinin bu məlumatına adi xəbər tək baxırlar. Təbii ki, Usta Ramazan Qüdrətdən inciyir də. Adekvat olaraq Lalədən də: "- Cavanların qədrini bilmək gərək, qızım... Mən istəmirəm belə sözləri səndən eşidim. Öyrənməyə can atan uşağın günahı da olsa, biz gərək onun qədrini bilək. Heç bilirsən Tahirdən nə usta yetişərdi?" Əslində Lalə, Qüdrət İsmayılzadələr də bu xəbərdən pərişan olurlar. Bu canlı ədəbi epizod bizə subyektə yanaşmanın iki tipini göstərir: biri sarsılır, Vətənin milli sərvətini üzə çıxaran bir azərbaycanlı gəncin uzaqlaşması acısı, digəri bu "itkinin" elə bir ciddi problem olmadığı nikbinliyi (tam elə də deyil) ilə. İki situasiyanın tipologiyasını təsvir edən M.Hüseyn münaqişəyə yol vermir. Yaşlı nəslin əvəzləyicisi məsələsi - hər iki tərəfi düşündürür. Belə vəziyyət mənə J.Sartrın öz şagirdiylə dialoqunu xatırlatdı: Şagirdi anasının yeganə oğludur, dayağıdır, ümididir; o, anasını evdə qoyub faşistlərlə müharibəyə getməlidirmi, yoxsa anasını tərk eləməsinmi? Bu isə oğulun vətəndaşlıq borcunu pozmasıdır. J.Sartr şagirdinə cavabında deyir ki, bu münaqişəli situasiyanın hər iki həlli əxlaqi baxımından bərabər qiymətə malikdir. Usta Ramazanın yazıçı yozumunda bu məqamda təsviri heç də Sovet ideologiyasının bədii ədəbiyyat qarşısında qoyduğu tələblərdən irəli gəlmirdi. Azərbaycanlı Usta Ramazan elə dayaqlar yaratmaq istəyirdi - özündən sonra neftin çıxarılması yad ölkələrin kadrlarının əlinə keçməsin.
Mehdi Hüseyn milli sərvətimizin çıxarılması missiyasının iştirakçısı və təşviqi olmaqla heç də millətçiliyə yol vermir, ümumiyyətdə bizdə bu mənfi emosiya tarixən olmamışdır. Seçmə, ayırma - fərqləndirmə aparmamışıq. Usta Ramazan o "insan öz işi üçün cavabdehlik" tezisinə tabedir, bir qədər dərinə getsək "hər şey üçün cavabdehdir"in tərəfdarıdır. Ədəbi mövqedən yanaşanda bu bitkin, milli obrazda alternativliyin əxlaqi seçimi konkretdir, amma ədəbi zövq baxımından - yozumundan müxtəlif də omlası istisna deyil. Deyək ki, mən Usta Ramazanın fəaliyyətində, eləcə də Azərbaycan neftinin istehsalını rəsmi idarə edənlərin azərbaycanlılardan ibarət olunduğunu götürəndə ekzistensiallığı qəbul edərdim. Ona görə ki, bu nəzəriyyədə seçmə üçün şəxsi məsuliyyət problemi irəli sürür və həllində birinci şəxsi(ləri) qəbul edir. J.Sartr ekzistensializmin xidmətini onda görür ki: hər bir adamı onun öz ixtiyarına buraxır və bütün məsuliyyəti onun üzərinə atır: "Qəflətən meydana gələn, məni cəlb edən heç bir ictimai hadisə xaricdən gəlmir; əgər mən müharibəyə səfərbərliyə alınmışamsa bu, mənim müharibəmdir, mən bunda günahkaram və buna layiqəm. Ona görə birinci növbədə layiqəm ki, çəkinə bilərdim: ya fərari olardım, ya da intihar edərdim. Bir halda mən buna yol vermədim, deməli, onu seçdim, onun iştirakçısı oldum". Usta Ramazan ən çətin bir peşəni seçib və fədakarcasına çalışır, digər tərəfdən iki oğlunu da cəbhəyə göndərir, halbuki biri getməyə bilərdi. Yuxarıda xatırlatdığım tezisə cavabdehdir. Başqa bir rakursdan isə o, gələcəyi, neftimizin taleyini hər an unutmur.
Biz Usta Ramazanı "Qara daşlar" romanında az hallarda görürük. Artıq neftin dənizdən professional səviyyədə çıxarılması vaxtı yetişmişdir. Lakin məsələlər mürəkkəbləşir: əl-ayağa dolaşanlar, vəzifəsinin yüksəkliyindən sui-istifadə edənlər ifşa olunurlar. Təbiidir, xalqın milli sərvətinə laqeydlik göstərənlər, gənc və orta yaşlı neftçilərin əməyinə dırnaqarası baxanlar öz cəzalarını gözləməlidir. Budur, Mollayev mühakimə olunur (hələlik məhkəməsiz). Tahir də... iclasın iştirakçısıdır. Söz Usta Ramazana verilir. (Bəli, Bakı neftinin müsbət taleyi bu qocadan az asılı olmamışdır). İlk sözünə kövrək ovqatla başlayır: "Mən bu gün-sabah ömrümü sizə bağışlayacağam. Doğrusu, adam qocalanda dünyadan daha da bərk yapışır. İnsanın xasiyyəti belədir. Ancaq onu da deyim ki, mən ölümdən qorxuram. Mən gedəndən sonra yerimdə usta Cəmil qalacaq, usta Səməndər qalacaq, usta Tahir qalacaq, usta..." Maraqlı bir detal: Usta Ramazanın nəinki Bakıda, Azərbaycanda, hətta Tatarstanda, Başqırdıstanda da şagirdləri var imiş... Mehdi Hüseyn sanki Bakı-Azərbaycan neftinin sabahından eyni zamanda nigaranmış, o mənada, milli sərvətlərə yad əllər toxunmasın, azı, azərbaycanlı neftçilərin ruhu buruqlar səltənətində dolaşacaq... Və Usta Ramazanın dilindən Mollayevi "qara daş" adlandırır: - Onlar yolumuzun ağzını kəsib, ayağımıza dolaşırlar, bizi irəli getməyə qoymurlar... Ancaq qəm yemə, oğul. Biz bu daşları da basdalayıb keçəcəyik... Ancaq sözü düzgün demək yaxşıdır. İndiyənətək bir az ehtiyatsızlıq eləmişik, ayağımızın altına baxmamışıq.
Bu çıxış Usta Ramazanların - yaşlı nəslin yeni nəslə ürək sözləridir. Gənc nəslə olan ümidin, inamın, qətiyyətin təntənəsidir. Tükənməz neftimizin bəhrəsini özümüz görməliyik, mənəvi və maddi faydasını özümüz görməliyik və buna heç bir süni maneçilik törədilməməlidir. Xaricilər bizə "dərs" deməməlidir.
Usta Ramazanı biz ömrünü yaşayan obraz olaraq sevirik. O, güman ki, müstəqilliyimizi görmədi, özünün duyduğu kimi: "ömrümü sizə bağışlayacağam" dedi...
Nə yaxşı, ölümünü görmədik. Nə yaxşı belə oldu; əgər mən neftçilərin veteranı Usta Ramazanın ölümü xəbərini eşitsəydim, bir xahişimi gizlətməzdim:
- Usta Ramazanı o yerdə dəfn eləyin, hansı ki, xaricdən gəlmiş neftçilər "neft çıxarırlar" - onların gözü qabağında "zəngin" yerdə dəfn eləməyin: o yerdə ki, qədim mancanaqlar Usta Ramazanın qəbrinə hər dəqiqə baş endirsinlər.
Roman həzin, işartısı güclənəcək bir sonluqla bitir: "Qayıqlar ayna suları yararaq irəlilədikcə, elə bil dəniz geri çəkilir, bu gün də olmasa, sabah onun qoynunda buruqlar səltənəti yaranacağına heç bir şübhə yeri qalmırdı.
Tahirin nəğməsi isə həyat qədər şirin, məhəbbət qədər güclü idi..."