ŞƏHiDLƏR XiYABANI, GÖZLƏMƏ ZALI VƏ MUZEY

AQİL ABBAS
24239 | 2009-02-10 00:25
"Torpaq - uğrunda ölən varsa, Vətəndir!", Nitsşe də deyir ki, mən öləcəm, məni bu torpağa basdıracaqsınız və mənim xətrimə bu torpağı sevəcəksiniz, öz ölümümlə bu torpağı sizə sevdirəcəm. Onlar da torpaq uğrunda şəhid olub torpağı Vətənə çevirdilər. Və bu torpaqda dəfn olunub bu torpağı bizə sevdirdilər. İndi bu Xiyaban bizim üçün çox müqəddəsdi. Çünki burda adi bir torpağı VƏTƏNƏ çevirən oğullarımız, qızlarımız uyuyur.
   
   Mən Şəhidlər Xiyabanı haqqında nəsə yazmaq istəmirəm, fikrim başqadı. Demək olar ki, hər gün buranı ziyarət edirlər. Xaricdən gələnləri demirəm, onlar mənim üçün bir önəm daşımır. Gəlirlər, əklil qoyurlar, sonra da gedib bu oğulları şəhid edənlərin quşlarını götürürlər, nə bilim nə və sair və ilaxır.
   
   Bura bizim övladlarımız gəlir. Beyinləri təmiz, ürəkləri təmiz, hələ heç bir ləkə götürməyən cocuqlar, məktəblilər. Təbii ki, müəllimləri onlara az-çox nə isə izah eləyir. Sözgəlişi, bilmirəm, Şəhidlər Xiyabanında daimi bir bələdçi varmı gələnlərə nə isə izah eləsin?! Hər halda olsa, pis olmaz.
   
   Bəli, müəllimlər şagirdlərə nə isə izah eləyir. Biri var sözlə, biri var gözlə.
   
   Şəhidlər Xiyabanında funikulyorun bir Gözləmə zalı var. Və bu, Gözləmə zalı kimi heç kəsə lazım deyil. Heç orda kimsə kimisə gözləmir. Bir funikulyordu da beş dəqiqəyə gəlir. Beş dəqiqə üçün nə gözləmə? Bundan başqa, elə funikulyorun öz meydançasında istənilən sayda adam istənilən qədər kimisə və ya nəyisə gözləyə bilər. Əslində bu Gözləmə zalı bomboş qalıb orda.
   
   Mən İctimai Televiziya ilə çıxışımda da bu məsələni qaldırdım, hətta mənə dedilər ki, məsələni Parlamentdə qaldır. Amma bu məsələnin Parlamentdə qaldırılmasına ehtiyac yoxdur. Bu məsələni iki və yaxud üç təşkilat həll edə bilər. Yəni bu kimin, hansı təşkilatın balansındadırsa onu Mədəniyyət və Turizm Nazirliyinə bağışlaya da bilər, uzaqbaşı sata da bilər. Bu bir faktdır ki, son illər Mədəniyyət və Turizm Nazirliyi ölkəmizdəki muzeylərin inkişafı üçün (həm maddi-texniki təzhizat baxımından zənginləşdirilməsi, həm də saylarının artırılması, açıq muzeylərin yaradılması və sair və ilaxır) çox böyük əməli fəaliyyət göstərir. Təqdirəlayiqdir. Əgər bu Gözləmə zalı Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilərsə, burda zəngin bir muzey yaratmaq mümkündür.
   
   Şəhidlər Xiyabanı tarixi bir xiyabandır. Burda əsrin əvvəllərində Azərbaycan üçün şəhid olanlar dəfn olunub. Burda Azərbaycan xalqının görkəmli sərkərdəsi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Həzi Aslanov dəfn olunub. Burda Azərbaycanın müstəqilliyi uğrunda əsrin əvvəllərində bizə köməyə gəlmiş şəhid türk qardaşlarımız dəfn olunub. Burda 20 Yanvar şəhidləri dəfn olunub və Qarabağ savaşının qəhrəmanları dəfn olunub. Görün bura nə qədər müqəddəs bir yerdir və nə qədər zəngin bir tarixi var.
   
   Və burda yaradılacaq muzeydə eksponatların dili ilə balalarımıza çox şey öyrədə bilərik. Hətta müəyyən tarix dərslərini balalarımıza həmin yaradılacaq muzeydə keçmək olar və bu dərsin keyfiyyəti hansı səviyyədə olar, bu məlum.
   
   İnanmaq istərdim ki, Mədəniyyət və Turizm Nazirliyi bu məsələyə biganə qalmayacaq. Əlaqədar təşkilatlar da bu işdə nazirliyə öz köməkliyini əsirgəməyəcək.
   
   Bizə Gözləmə zalı vacibdir, yoxsa belə bir qiymətli muzey?!
   
   Sizə elə gəlmirmi ki, yaman çox gözləyirik!
   
   

TƏQVİM / ARXİV