adalet.az header logo
  • Bakı 12°C
25 Dekabr 2018 20:04
13918
DÜNYA
A- A+

Tramp maliyyə nazirini istefaya göndərir

ABŞ prezidenti Donald Tramp maliyyə naziri Stiven Mnuçini istefaya göndərməyə hazırlaşır.

Adalet.az xəbər verir ki, bu barədə "Bloomberg” ABŞ administrasiyasındakı etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Trampın Mnuçini istefaya göndərmək istəyi Amerikanın maliyyə və ticarət bazarında başlıca indekslərin kəskin düşməsi ilə əlaqədardır. Belə ki, ABŞ prezidenti əvvəlcə bu il ərzində uçot faizlərini dörd dəfə artıraraq dolların məzənnəsinin düşməsinə səbəb olan Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauelin vəzifədən uzaqlaşdırılması üçün imkanlar axtarıb. Lakin bunu bacara bilməyəcəyini və belə bir hüquqa sahib olmadığını anladığından, bütün qəzəbini maliyyə nazirinə tuşlayıb.

Lakin ABŞ Maliyyə Nazirliyi yayılan xəbərləri şərh etmək üçün müraciət edən "Bloomberg”ə Ağ Evdən açıqlama almağı tövsiyə edib. Tramp administrasiyası isə hələ ki sorğuya rəsmi cavab verməyib.

Qeyd edək ki, hazırda ABŞ-ın dövlət borcunun artması fonunda Amerika bazarında başlıca indekslərin sabit enişi müşahidə olunur. Məsələn, "Dow Jones” sənaye indeksində 2011-ci ildən etibarən rekord azalma qeydə alınıb. İndekslərin bu cür enişi əsasən, dünya iqtisadiyyatının inkişaf perspektivlərilə bağlı narahatlıq, Federal Ehtiyatlar Sisteminin uçot faizlərini artırması, eləcə də, Çinlə olan ticarət mübahisələri ilə əlaqədardır.