adalet.az header logo
  • Bakı 20°C
25 Dekabr 2018 00:35
42959
LAYİHƏ
A- A+

Poeziyamızın Məmməd-Qayası və Qaya-Məmmədi

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Məmməd Arazın bu dövrdə yazdığı şeirlərini şairin ürək çırpıntıları da adlandırmaq olar. 1992-ci ilin labirintlərində döyünə-döyünə qalan şair yenə üzünü Allaha üz tutur, İç Öğuzu Dış Oğuza asi düşən Dədə Qorqud sayağı: - Hanı dediyim bəy ərənlər, dünya mənim deyənlər? - deyə fəryad qoparır:

Şəhidlərin çoxu mərdlər,
Namərdlər artır, ay Allah!
Nə sənə səsim-harayım,
Nə əlim çatır, ay Allah!

Hanı? - dedim - dünya mənim?
Dünya mənim, qovğa mənim.
Dərya mənim, dalğa mənim...
Öz gəmim batır, ay Allah!

Məmməd Araz cılğı xalq şairi olduğundan xalqını işğal bəlalsından xilas edəcək oğlu xalqının və millətinin içərəsindən axtarmağa başlayır. O inanır ki, qeyrətli ata-ananın qeyrətli oğlu da vardır. Ağlamaqdansa, sızlamaqdansa o qeyrətli oğlu axtarıb tapmaq lazımdır. Heç şübhə ola bilməz ki, "Ata millət, ana millət, ağlama" şeirində "Ata millət, oğul, deyib ağlama" deyərkən Məmməd Araz özünəməxsus xəlqi çağırışı ilə Ulu Öndəri nəzərdə tuturdu:

Bu torpağın son qurbanı mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən ötən güllələrə dən olsam,
Ata millət, oğul, deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama!

Hələ də 1992-ci il olmasına baxmayaraq, "ata millətin, ana millətin oğul deyib" ağladığı oğulun tapıldığına bütün varlığı ilə inanan Məmməd Araz "Bizi Vətən içağırır" şeirində xalqını elliklə mübarizəyə səsləyirvş:

İndi bizim ölümlə
çarpışan çağımızdı.
Ölümün boğazından
yapışan çağımızdı.
Ölümlə tərcümansız
danışan çağımızdı.
Qılınc qap, Vətən oğlu!
Bizi Vətən çağırır!

İçində olduğu zamanın nəbzi ilə nəbzi döyünən şairimizə ağır gələn məqamlar da vardı. Klançılıq, tərəfgirlik, məzhəbçilik burulğanında bir-birinin yaxalarından yapışan, sonra da düşmən qabağında aciz qalıb pərən-pərən düşən kişiciklər şairin ürəyini ağrıdırdı. 2 noyabr 1993-cü ildə yazdığı "Düşmən qabağından qaçan "kişilər" şeiri məhz elə bu ruhdadır:

Başını qorudu boş papağınan,
Pay verdi düşmənə zər tabağınan:
Tökdü namusunu it qabağına
Düşmən qabağından qaçan "kişilər".

Dərədə quzğuna leş olsa yaxşı,
Özü öz başma daş olsa yaxşı,
Mal kimi naxıra qoşulsa yaxşı
Düşmən qabağından qaçan "kişilər".

Qaçır varlığından, varından qaçır,
Qaçır qeyrətindən, arından qaçır.
Oğlundan, qızından, yarından qaçır
Döyüş meydanından qaçan "kişilər".

Bir tərəfdən də BMT-li, ATƏT-li, daha nə bilim NƏ-li dünyanın gözü qabağında (bəlkə də, dəstəyi ilə) torpağının 20 faizi işğala məruz qalan Azərbaycan "problemin sülh yolundan başqa yolu yoxdur" deyənlərin ikiüzlülüyü ucbatından "ermənisayaq atəşkəs"lə üz-üzə qaldı. Məmməd Araz bunun səbəbini "problemin həlli"nə gecikmədə görürdü. Onun 19 iyun 1996-cı il tarixli "Gecikdi" şeiri məhz bu məzmunda idi:

Mən tale-bəxt oyununda naşıyam.
Bu torpağın yumruq boyda daşıyam.
Ünvanıma işıq yükü daşıyan
Xoş xəbərlər, xoş diləklər gecikdi.
Mən tələsdim, gələcəklər gecikdi.

VII
Açıq etiraf edim ki, Məmməd Araz ümumazərbaycan səviyyəsində ən çox sevilən şairlərimizdən biridir. Zövqün və şövqün saflığından doğulan poeziya, hətta, ağrıdan yoğrulsa belə, şirindir. Bizi kövrəldən, ürəyimizin ən incə tellərinə toxunub bizi həzinləşdirən şirinlik Məmməd Araz şeirinin canına hopmuşdur. 1968-ci ildə Molla Pənah Vaqifin 250 illiyi keçirilən ərəfədə Şəhriyarın Bakıya gəlişi gözlənilirdi. Şəhriyarın necə bir coşqu ilə gözlənildiyini "Şəhriyar gəlmədi" şeirində Məmməd Araz belə təsvir edirdi.

Baxışlar asıldı təyyarələrdən,
Ümidlər yollara sərili qaldı.
Bu ağır xəbərdən, bu nəs xəbərdən
Güllər güllüklərdə dərili qaldı,
Şəhriyar gəlmədi...

VƏTƏNə və VƏTƏNin yetirdiyi şəxsiyyətlərə qarşı olan sevgisi Məmməd Arazı 1987-ci ildə yenidən "Qalır hələ" şeirində bu mövzuya qayıtmağa vadar etmişdi:

Dönən döndü, yenən yendi dönməzliyə ...
Doğru yolun nərdivanı qalır hələ.
Bəy deyiləm, söz hökmündə Atabəyəm...
Ər olmaza ər divanım qalır hələ.

Məmməd Araz, əzilsən də əzim-əzim,
Araz boyu meh olmazsan bircə əsim.
Ürəyindən ürəklərə köçüləsi
Nur daşqını, Nuh tufanı qalır hələ.

Azərbaycan birliyinə həm də şəxsiyyətlər birliyi kimi baxan Məmməd Araz Sabirə, Mirzə Cəlilə, Şəhriyara, Bəxtiyara, Cabir Novruza, Musa Yaquba və başqalarına ünvanlanmış şeirlərin müəllifidir. 1968-ci ildə "Şəhriyar gəlmədi" deyib kədərlənən Məmməd Araz 1982-ci ildə hər il keçirilən "Sabir günləri" ərəfəsində "Gəlmədi Rəsul" deyərək artıq dünyasını dəyişmiş şairimizi xatırlayır və kövrəlirdi:

Bu il "Sabir günləri"nə gəlmədi Rəsul...
Hər ocağa bu xəbərin ayazı yetdi.
Avazıdı qara torpaq, qaraldı ağ su...
Zaman bir də çətin doğa o planeti.

Ölçülərə boy verməzdi əyilməzliyi,
Boz, qranit qayalarla duruşu təndi.
Göyərtdiyi ölməzliyin, yenilməzliyin
Əkinçisi Rəsul idi, barı vətəııdi.
Məmməd Araz sevgisi genetik idi: süddən və sümükdən gəlirdi. VƏTƏN-i də, VƏTƏN-də bitən çiçəkləri də bu sevgi ilə tərənnüm edir, düşüncələrimizdəki sahilləri birləşdirir və bütövləşdirirdi. "Azərbaycan deyiləndə ayağa durmağı" qan və can borcu bilən şair bunu "Füzulinin ürəyinə toxunmaq" səviyyəsində " bağışlanmaz günah" hesab edirdi. Məmməd Arazın gözlərinə VƏTƏN-in daşı da , qayası da vətəndaş kimi görünürdü.

Azərbaycan - mayəsi nur , qayəsi nur ki,..
Hər daşından alov dilli ox ola bilər.
"Azərbaycan" deyiləndə ayağa dur ki ,
Füzulinin ürəyinə toxuna bilər.

Məmməd Araz kövrəkliyi və həssaslığı onun məhəbbət lirikasında da özünü göstərir. VƏTƏN sevgisində nə qədər safdırsa, "gülüm" deyib müraciət etdiyi VƏTƏN çiçəyinə sevgisində də bir o qədər safdır. Məmməd Arazın bu qəbildən olan şeirlərindəki həzinlik sinə dolusu nəfəs alıb ürək dolusu təəssüflə köks ötürülməsi məqamında zilə qalxıb bəmə enən musiqi təsiri bağəşlayır.
Səndən mənə bir ömürlük xatirə ...
Məndən sənə nə qalacaq, nə bilim?
Çətin bir də: daş üstə daş bitirəm...
Niyə uçdu bu qalaçiq, nə bilim?

Günlər mənə gün yazmağı unutdu...
Gülüm, günün güllərimi qurutdu.
Bu oyunda kim uduzdu, kim uddu?
Peşimanı kim olacaq, nə bilim?..

Mən Arazam, səsim tutqun Arazdı...
Ha çağırdım, ha yüyürdüm, ha yazdım...
İndi daha qaynar təbim ayazdı...
İsinərmi bir od-ocaq, nə bilim?..

Sevgi qəddar, sevilən ərkəsöyün olanda inadkar ürək və narazı baş arasında qarşıdurma baş verir. Onda "məni unutma", "məni aldatma", "məni atma" əvəzinə "Unut məni, aldat məni, at məni" deyirsən, ürəyinə, beyninə, elə ürəyin və beynin olduğu üçün özün özünə cəza verirsən.

Dilim dinməz, kirpıklərim səs elər,
Necə xoşdu? -Ürəyimi kəs elə!
Qalan ömrə yarım ürək bəs elər...
Unut məni, aldat məni, at məni!

Sən ömrünün atəşində yananda
Kölgəndən də gərəksizdim yanında.
Qiymətli bir itik saxla yadında!
Unut məni, aldat məni, at məni!

Gözdən gözə körpü salmaq nər işdi.
Baxışların meylini tez dəyişdi.
Təzə addım özü təzə döyüşdü...
Aldat məni, unut məni, at məni!

Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasına nə qərq olduq, nə üzdük.
Axır səni düzdə qoydu bu düzlük...
Unut məni, aldat məni, at məni!

Məmməd Araz yaradıcılığı fenomen yaradıcılıqdır. Onun ərki də, əzizləməsi də, əl verib görüşməsi də, əl yelləyib salamatlaşması da şairanədir:
Bəlkə, bu yerlərə bir də gəlmədim,
Duman , salamat qal! Dağ , salamat qal!
Dalımca su səpir yoxsa buludlar?
Leysan , salamat qal , yağ , salamat qal!

Onsuz da leysan yağıb qurtarmalıdır. Leysan üçün yağıb qurtarmaq sondur və salamat qalmamaqdır. M.Araz leysana da yağandan sonra salamat qalmağı elə dərin bir səmimiyyətlə arzulayır ki , leysanın ölümü heç kimin ağlına gəlmir.
Elə bu şeirin ikinci bəndindən görünür ki , şairin çox dərin bir nisgili vardır. Bu nisgil təkcə "çəndə görünməz olan qartal" həsrətindən , "şehli şəməndə saralmış nərgizlər"in xiffətindən ibarət deyil , həm də dumana , çənə bürünən həsrətli ,ilahi baxışlardakı və hündürdən deyilməyən "yaxşı yol" sözündəki kədərdən ibarətdir:

Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey garagöz pəri , arxamca sən də
Boylan , salamat qal , bax , salamat qal!

Nə qədər sevincli və fərəhli , nə qədər ağrılı və acılı olsa da, Məmməd Araz bir ömrün poeziyasını yaşamışdır.
Bu məqamda "Bizim Qobustanın qayalarında Pozulmaz, silinməz bir yazıyam mən" deyən ölməz Famil Mehdini xatırlayıram... Poeziyamızın Məmməd-Qayası və Qaya-Məmmədi VƏTƏN daşlarının və qayalarının "pozulmaz və silinməz yazı"sı kimi yaddaşlarda qalacaq, xatırlanacaq və oxunacaqdır.


Vaqif Aslan
AYB Şəki bölməsinin sədri
ADPU Şəki filialının baş müəllimi

Şəki-Kiş kəndi. 15 dekabr 2018-ci il.
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ