ORXAN FiKRƏTOğLUNA BiR NEçƏ KƏLMƏ

AQİL ABBAS
29834 | 2009-01-20 12:21
"Biri vardı, biri heç yoxuydu". Çox illər bundan əvvəl Orxan Fikrətoğlu bu cümlə ilə tanınmışdı. "Ulduz" jurnalında çox maraqlı bir hekayəsi çıxmışdı və hekayə elə bu cümlə ilə başlayırdı. Və elə ilk hekayəsindən hiss olunurdu ki, ədəbiyyatımıza tamamilə orijinal düşüncəli, hər şeyi hamının görmədiyi kimi görən və öz gördüyünü kor olmuşlara çatdırmağa çalışan bir yazıçı gəlir.
   
   Dostum, deyirsən "biri vardı, biri heç yoxuydu" (əslində sən "biri var idi, biri heç yox idi" yazırsan, sadəcə olaraq mən öz dilimə yatan formada işlədirəm ifadəni), amma deyəsən, heç biri də yoxdu axı! "Heç yox" o qədər çoxdur ki, "bir var"ı da "heç yox"un içinə alıb.
   
   Əlimdə sənin "Vaxt" kitabın var. Burda sənin son illərdə yazdığın hekayələrin, povestlərin, kinossenarilərin çap olunub. Mən tənqidçi deyiləm, yəni bu kitab haqqında nə isə bir tənqidi məqalə yazmaq fikrim də yoxdu. Sadəcə olaraq sənin kitabın haqqında bir-iki söz demək istədim. Çünki qəzetləri izləyirəm, görürəm bizim tənqidçilər bu kitab haqqında susurlar. Görünür, işləri çoxdu, vaxt tapıb oxuya bilməyiblər. Televiziya kanallarını ara müğənnilər və bu ara müğənnilərin məddahları doldurduqları kimi, mətbuatımızı da ara şair və yazıçılar doldurub və tənqidçilərimizin çoxu da bu ara şair və yazıçıların tərifi ilə məşğuldu. Amma inanıram ki, ədəbi tənqidimizin əsl nümayəndələri əvvəl-axır bu kitabı oxuyacaqlar və sözlərini deyəcəklər.
   
   Kitabda bir "Yalan" kinossenarin var. Əslində mən bu filmin özünü görmüşəm və mənə çox təsir edib. Bu hisslər mənə çox tanışdı və bu hissləri yaşamışam. Dəhşətli bir şeydi.
   
   Orxan, qardaşım qəzaya düşüb ölmüşdü. Bakıdan Ağdama aparırdıq. Tərs kimi anam da Bakıda idi. Öndəki maşında qardaşımın nəşi aparılırdı, arxadakı maşında anamla mən, bizdən sonrakı maşınlarda da qohum-əqrəba, dostlar gedirdi. Anam soruşdu ki, Ağdama təcili niyə gedirik, dedim ki, Könülün qılçı qırılıb Ağdama aparırlar ona görə. Dedi qılçı qırılıb Ağdama niyə aparırlar ki, burda həkim yoxdu? Dedim həkimlər baxdılar, gipsə qoydular, atam dedi gətirin Ağdama, biz də aparırıq. Arvadı birtəhər inandırdım ki, heç nə yoxdu. Burdan Ağdama beş-altı saatlıq yoldu. Və mən bu yalanla anamı altı saat xoşbəxt elədim və bəlkə də anamın 50 il həyatında ən böyük xoşbəxtliyi elə o altı saat idi.
   
   Bacımın əri müharibədə şəhid olmuşdu. Bacımı da, qohumlarımı da aldatdım ki, itkin düşüb. Təxminən üç ay belə aldada bildim. Və bu üç ay bacımı və o uşağın ata-anasını xoşbəxt elədim. Amma hər iki hadisədə mən nə çəkdim onu heç Allah da bilmir. Yəni "biri də heç yoxuydu". Ona görə də sənin "Yalan" kinossenarini oxuyanda da, o filminə baxanda da çox təsirləndim. Mənim "Dolu" romanımda da bir yer var, qardaş qardaşının öldüyünü anasından gizlədir, anasını xoşbəxt edir. Və bu xoşbəxt ana (xoşbəxt sözünü qəsdən dırnağa almıram, doğrudan da o ana xoşbəxtdi) şəhid olmuş oğluna qız axtarır. Və səni inandırım ki, bu dəqiqə bəlkə minlərlə şəhid anası bax beləcə xoşbəxtdir, ya oğlunun öldüyünə inanmır, ya da onları aldadıblar.
   
   Hekayələrinin eləsi var ki, dəfələrlə qayıdıb oxumuşam. İstəyirsən inan, istəyirsən inanma, mən Mirzə Cəlilin, Əbdürrəhim bəyin, bir də Əziz Nesinin hekayələrini dəfələrlə oxuyuram. Yəni təxminən az qala əlli ildi bu hekayələri oxuya-oxuya yaşayıram. Və sənin də hekayələrini bir dəfə yox, bir neçə dəfə oxuyuram. Xüsusilə bərk yorulanda yenidən əlimi atıb kitabını götürürəm. Çünki sən də Mirzə Cəlildən, Əbdürrəhim bəydən, Əziz Nesindən su içmisən. Və elə onların davamısan. Məsələn, "Xrestomatik əhvalat" hekayən şedevrdi.
   
   Əslində sənin hekayələrin iki yerə bölünür. Birində həddən artıq sarkazm, birində də həddən artıq ağrı-acı. Və sənin bir yazıçı kimi böyüklüyün ondadır ki, hər ikisində gözəl əsərlər yarada bilmisən. Hekayələrində çox qəribə obrazlar, bənzətmələr var. Əslində bunlar şair deyimidi. Məsələn, "Milad gecəsi" hekayəndə belə bir ifadən var: "Küknarlar yolun qırağında dayanmış bir dəstə eynəkli, dişləri tökülmüş qocaları xatırladırdı". Belə şair deyimləri yazılarında çoxdu, indi bir-bir yazmaq istəmirəm.
   
   Bir şeyi də deyim ki, bu kitabın redaktoru olsaydım bunu iki kitab edərdim. Birində sənin "Xrestomatik əhvalat" kimi hekayələrini toplayardım, birinə də "Milçək, "Çevrilmə", "Ögey" kimi hekayələrini. Birinci kitab Əziz Nesinin "Kor döyüşü", Anarın "Molla Nəsrəddin-66" kitabları kimi səs-küy salacaq bir kitaba çevrilərdi. İkinci kitabın da Kafkanın kitabı kimi bir kitaba. Bəlkə özün bu barədə bir fikirləşəsən.
   
   Orxan, neçə vaxtdı kitabın haqqında nəsə yazmaq istəyirdim, amma fikrimi toparlaya bilmirdim, "dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun". Heç indi də toparlamamışam. Səhər-səhər Şəhidlər Xiyabanının yanından keçirdim, sənin "Yalan" filmin gəldi gözümün önündən keçdi, duyğulandım. Əslində bu yazı 20 Yanvar nömrəsinin yazısı deyil, amma neyləyim ki, bu gün yaza bildim və yazı 20 Yanvar nömrəsinə düşdü. Sənin o müqəddəs "Yalan"ın yazını mənə bu gün yazdırdı.
   
   Kitab 500 tirajla çıxıb. Neyləyək, indi Azərbaycanda 500 oxucu tapmaq qəhrəmanlıqdı. Məsələ ondadı ki, çox güman sən bu 500 kitabın 200-ünü qohum-əqrəbaya, dosta-tanışa və bir də kitab oxumayan dostlarına bağışlamısan. Əsl oxucuya cəmi 300-ü qalır. Ona görə də mən sənin kitabını bir tənqidçi kimi təqdim edə bilmədiyimə görə, yəni kitabın məziyyətlərini, sənin bir yazıçı kimi böyüklüyünü oxuculara çatdıra bilmədiyimə görə belə qərara gəlmişəm ki, bu kitabdakı hekayələrin ayda heç olmasa bir-ikisini qəzetimizin oxucularına çatdırım. Birini artıq çap eləmişəm, sabahkı nömrədə də birini çap edəcəm. Qoy hörmətli oxucu televiziya ekranından bir publisist kimi tanıdığı Orxan Fikrətoğlunun həm də bir yazıçı kimi nə qədər böyük olduğunu görsün.
   
   Üzümü həm də sevdiyim, qələminə hörmət elədiyim tənqidçilərə tuturam - Vaqif Yusifliyə, Nizaməddin Şəmsizadəyə, Cavanşir Yusifliyə, Tehran Əlişanoğluna - xahiş edirəm imkan tapıb bu kitabı oxuyun. Sözünüzü deyin.
   
   Hörmətli oxucu, 22 yanvar nömrəsində Orxan Fikrətoğlunun "Xrestomatik əhvalat" hekayəsini oxuya bilərsiniz.
   
   Orxan, sən də Fikrət əmiyə salam deyərsən.
   
   

TƏQVİM / ARXİV