adalet.az header logo
  • Bakı 17°C
24 Dekabr 2018 15:55
90423
MÜSAHİBƏ
A- A+

“O, mənə ürəyini açandan iki saat sonra şəhid oldu...”- Cərrah qadın...

Rada Abbas Qarabağ savaşında 1500-dən çox əsgəri əməliyyat edərək həyata qaytarıb. Otuz yaşında cəbhəyə yollanan gənc xanım, ömrünün beş ilini Qarabağ müharibəsinə həsr edib. Hal-hazırda "Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri vəzifəsində çalışan Rada xanımla o illəri xatırladıq.

Adalet.az Moderator.az-a istinadən cərrah qadınla müsahibəni təqdim edir:

- Rada xanım, sizi müharibəyə getməyə nə vadar etdi?

- Bu mənim könlümdəki məhəbbət idi, onda orada olmalıyıdım və getdim. 1988-ci ildə Qarabağda hadisələr başlayanda Qafan rayonunda işgəncələrə məruz qalan qadınların bir neçəsini bizim kəndə gətirdilər. Anam onları görəndə infarkt keçirdi. Əmimin bir kiçik oğlu var idi, o, kənd arasında ermənilərin azərbaycanlılara qarşı etdiyi vəhşilikləri eşidib gəlib evdə danışırdı. Onda anam ikinci dəfə də infarkt keçirdi. Mən M.Topçubaşov adına Respublika Eksperimental İnstitutunda cərahiyyə şöbəsində tibb bacısı işləyirdim. Topxana meşəsində qırılan ağaclarımızla bağlı mitinqlər keçirilirdi. Həmişə deyirəm ki, qırılan ağaclara, çinarlara dözməyən bizlər, çinar kimi oğullarımızı şəhid verdik. 1992-ci ilin mart ayında Müdafiə Nazirliyinin göndərişi ilə Ağdama yollandım.


- Bir gənc qız üçün cəbhə bölgəsində işləmək çətin deyil idi ki?

- Biz 20 yanvar hadisələrini yaşayan adamlarıq. O hadisələrdə mən də səhərə qədər insanlarla birlikdə küçələrdən şəhidlərimizin cəsədini daşımışam. Hətta 22 yanvarda yağışın küçələrdən yuduğu şəhid qanlarını da gözümlə görmüşəm. Bundan da başqa döyüş bölgəsində yaralananlar Bakıya bizim xəstəxanaya gətirildiyi üçün hadisələrlə tanış idim. Amma rahatlıqdan qopub o həyata başlamaq təbii ki, çətin idi. Mənim 31 saat əməliyyatda olduğum vaxtlar olub.

- Deyirsiniz ki, 1500-dən çox əsgəri əməliyyat etmisiniz. Onda bizim həkimlərimizin ciddi müdaxiləsi olmasaydı, yəqin ki, daha çox itki verərdik...

- Təbii ki. Hələ o vaxt tibbimiz indiki kimi inkişaf etmiş olsaydı, bizim şəhidlərimiz çox az olardı. Yaralılarımızın əksəriyyəti qanaxmadan şəhid olurdu. Yaralıları "Kamaz” maşınları ilə gətirirdilər.


-Neçə il siz cəbhədə fəaliyyət göstərdiniz?

-Beş il cəbhədə oldum. Onda üç rayonda işləyirdim: Ağdam, Tərtər və Ağdərə rayonunda. Tez-tez tibb məntəqələrinə ezam olunurdum .

- Otuz yaşında bir qız kiminsə həyatını xilas edir. Heç olubmu ki, filmlərdəki kimi həyatını xilas etdiyiniz adam sonradan sizə ürəyini açsın?

- Müharibə çox ağır sözdür. Orda yatdığın vaxtda belə çox gərgin olursan, çünki hər an nəsə baş verə bilər. O gərgilikdən qaçmaq üçün bəlkə də insanlarda sevgiyə meyil daha çox idi. Həm də gənclik idi, döyüşçülərimiz 18-30 yaşlı oğlanlar idi. Təbii ki, ora həm bir döyüş, həm də sevgi dolu insanların meydanı idi. Belə şeylər olurdu. Qaçmaq məcburiyyətində idim. Elə məqamda qarşına çıxıb, "Mənə bir söz de” deyəndə, müharibə qurtarsın bu haqda danışarıq deyirdim.

- Sizə ürəyini açan adam olubmu ki, sonradan şəhid olub?

- Belə hadisələr çox olub. Amma məni ən çox təəssüfləndirən Vüqarın şəhid olması oldu. Onun anası da yox idi. Üç axşam gəldib dedi ki, "Sənə söz demək istəyirəm”. Mən də əməliyyatda olurdum, vaxtım olmurdu. Axır bir gün rastlaşdıq və ürəyini açdı. Dedim ki, sabah bu haqda danışarıq. Söhbətimizdən iki saat sonra Vüqar şəhid oldu. Ermənilər onu ürəyinin üstündən vurmuşdular, sağ əlini ürəyinin üstünə qoyub, ağzı da açıq qalmışdı. Sanki nəsə demək istəyirdi. Ona baxanda dedim ki, Vüqarın elə bil sözü dodaqlarında qalmışdı. Amma yüzlərlə belə sözü dodaqlarında qalan oğlanlarımız şəhid oldu.

- Müharibədən sonra o, döyüşçülərlə əlaqələriniz varmı?

- Əlbəttə. Müharibədə iştirak edən insanların demək olar ki, hamısı ilə əlaqələrimiz var. Mənə elə gəlir ki, müharibə yoldaşına olan hiss, istək heç nə ilə ölçülmür. Bilmirsən qardaşındı, dostundu, nəyindi, amma sənə çox yaxın adam olur. Mənim üçün onlar doğrudan da müqəddəsdir. Son zamanlar müharibə veteranlarımız tez-tez dünyalarını dəyişirlər. Onların hər birini itirdikcə elə bilirəm ki, sarayımdan bir daş düşür.


Mənə bəzən deyirlər ki, niyə müharibəyə getdin? Bu sənə lazım idimi? Deyirəm ki, orda döyüşən oğlanlarımızın bir isti ələ ehtiyacı var idi.

"Onun alnına əlimi qoyanda gözlərini açıb dedi ki...”

Eldəniz adında bir döyüşçümüz var idi, iki ayağını itirmişdi. Onun alnına əlimi qoyanda gözlərini açıb dedi ki, "Qoyma, mən ölüm”. Heç həyatım boyu onun baxışları gözlərimin önündən getmir. O, ölmədi. İki ayağı olmasa da, onunla bizim cəsarətli bir qadınımız ailə qurdu və indi üç övladları var.

"Heç kimin cəsarəti çatmırdı ki, ona bir ayağının olmadığını desin...”

Rafiq adında bir döyüşçümüz var idi, minaya düşdü və ayağının birin itirdi. Ermənilər onda qadağan olunmuş silahlardan istifadə edirdi və ona görə döyüşçülərimiz çox ağır yaralanırdılar. Üç gündən sonra Rafiq komadan ayıldı və vəziyyəti ağır olduğundan onu Bakıya gətirmək mümkün olmadı. Heç kimin cəsarəti çatmırdı ki, ona bir ayağının olmadığını desin. Komandir dedi ki, mən gedib deyərəm. Komandir dedi ki, "Rafiq, bilirsən də bir ayağın yoxdu, minaya düşmüsən”. Dedi ki, "Komandir, axı barmağım ağırıyır”. Həkim dedi ki, o sinir damarlarıdır. Üç dəqiqə susduqdan sonra Rafiq dedi ki, "Canım Azərbaycan, mən sənə canımı qurban vermişdim, sən isə bir ayağımı aldın”. Biz onu sonradan Bakıya yola saldıq. Müzəffər adlı bir oğlan şəhid olandan sonra cibindən sevgi məktubları çıxdı. Çox ağrılı-acılı bir həyat idi. Qardaşlarım da müharibədə idi. Böyük qardaşım Yaşar Füzuli rayonunda polis idi, kiçik qardaşım Vüqar isə bizim hospitalda maşın sürürdü.


- Nə yaxşı bu cür müharibə taleyiniz haqda bir kitab yazmamısınız?

- Türklər qəhrəmanlıqları yaradırlar, amma yazmırlar. Ən pis cəhətlərimdən biri budur ki, yazmamışam. Düşünürəm ki, yazacam. Amma bunu ağrı-acıyla yox, sevgiylə yazacam.

- Otuz beş yaşınızda müharibədən qayıtmısınız. Ailə qurmaqda gecikdiniz. Müharibədə nə qazandınız və nə itirdiniz?

- Müharibədə qalib olsan belə, qazanan tərəf olmur. Həmişə deyirəm ki, dünya dağılsa, bəşəriyyət məhv olsa, müharibə sözündən ağır söz yenə yaranmayacaq. Müharibədə gəncliyimi, sağlamlığımı, vaxtında ailə quracaq həyatımı itirdim. İndi qulaqlarım eşitmir. Səhhətimdə ciddi problemlər var, müalicə olunuram. Nəvəm yaşda olacaq uşaq, indi mənim oğlumdur. Evim də yoxdur. Hər kəs özünə var-dövlər yığanda mən müharibədə idim. Çox şey itirdim, amma müharibədə özümə inam və çoxlu dostlar qazandım.

- Bildiyiniz kimi Qarabağ döyüşlərindən bu günə kimi şəhid veririk. Amma Mübariz İbrahimovun şəhid olmasından sonra gənclərdə bir ruh yüksəkliyi yarandı. Gözlənilməyən bir vaxtda isə Mübariz İbrahimov haqda bir qız durub sərsəm fikirlər səsləndirdi...

- Mübariz İbrahimov sözün həqiqi mənasında elə bir qəhrəmandır ki, hər bir xalq istəyər ki, onun kimi qəhrəmanı olsun. Şəhidimizi də bizlərə qısqananlar var. Bu gün o, tərbiyəsiz, əxlaqı olmayan Nərmin Şahmarzadə ermənilərin alətidir, ya da Azərbaycanda olan erməni qadınlarının övladıdır. Tam əminliyi ilə deyirəm ki, onun qanı qarışıqdır. Onu bu yola bizi qısqananlar təhrik elədi. Yadınızdadır ki, ermənilər Mübarizin meyitinin qollarını məftillə bağlamışdılar. Onlar Mübarizin cansız bədənindən də qorxurdular. Baş verənlər hamısı Azərbaycanın imicinə hesablanan addımlardır.

Vasif Əlihüseyn