adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
24 Dekabr 2018 14:49
13361
ƏDƏBİYYAT
A- A+

Ramiz İsmayıl: Əbülfət Mədətoğlu

Allahın bəndəsi-öz adamıdı,

Şair balasıdır-söz adamıdı,

Dünyanın ən təmiz,düz adamıdı,

Əbülfət Mədətoğlu


Qaçqın adı,Köçkün adı daşıdı,

Varı –Varidatı karandaşıdı,

Haqqın, ədalətin məhək daşıdı,

Əbülfət Mədətoğlu


Yurddan-yurdda köçə-köçə yaşadı,

Daxma-daxma,küçə-küçə yaşadı,

Soruşan olmayıb necə yaşadı,

Əbülfət Mədətoğlu


Gözündə bir dərya nəmi gəzdirib,

Bu qəm dəryasında gəmi üzdürüb,

Dərdə divan tutub,qəmi bezdirib,

Əbülfət Mədətoğlu


Əyilib sınmadı ac qalanda da,

Yolunu azmadı dar dalanda da,

Sevinə bilmədi ev alanda da,

Əbülfət Mədətoğlu


Elin ozan oğlu yurd şairidir,

Bu namərd dünyanın mərd şairidi,

Adı üstündədi:”Dərd şairidi”

Əbülfət Mədətoğlu


Payı,bəxşeyşi ürəkdi dosta,

Şeiri ruzidi ,çörəkdi dosta,

Allahım,ömür ver-gərəkdi dosta,

Əbülfət Mədətoğlu


Şeirim zəifsə məni bağışla,

Özün bər-bəzək vur,özün naxışla

Ramizi tanıdı(n) bircə baxışla,

Əbülfət Mədətoğlu


Ramiz İsmayıl, Xırdalan. ş.