adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Dekabr 2018 16:54
23470
TEXNOLOGİYA
A- A+

“Bakcell” nümayəndələri jurnalistlərin qarşısına çıxdı

Azərbaycanın ilk mobil operatoru olan "Bakcell"in jurnalistlər üçün təşkil etdiyi təlim bu gün yekunlaşıb.

Təlimə 30-dan çox media nümayəndəsi qatılıb.

Təlimin ikinci günündə "Bakcell" şirkətinin Şəbəkə problemlərinin araşdırılması və dəstək xidmətinin rəhbəri Oruc Sadıqov 4G texnologiyası mövzusunda çıxış edib.

O bildirib ki, "Bakcell" ölkədə ən yüksək sürətli mobil internet xidmətini təqdim etməklə yanaşı, müştəri məmnuniyyətini daimi təmin etmək, əhatə dairəsini genişləndirmək və şəbəkə keyfiyyətini artırmaq istiqamətində investisiyalar yatırmaqda davam edir:

"Müştərilərimiz ultra sürətli LTE-A (LTE-Advanced) şəbəkəsi üzərindən 225 Mbps sürəti təcrübə edə bilərlər. Buna şəbəkəni LTE-nin təkmilləşdirilmiş variantı olan "LTE-Advanced" tezlik daşıyıcılarının birləşməsi (Carrier Aggregation) texnologiyası vasitəsilə inkişafına nail olub.

"Bakcell" tezlik daşıyıcıların birləşməsi texnologiyasından istifadə edərək dünya üzrə kateqoriya 6 "LTE-Advanced" xidmətlərini göstərən 73 şəbəkədən (ümumilikdə 422 şəbəkədən) biri olması ilə qürur duyur".

Oruc Sadıqov "LTE-Advanced"ın üstünlükləri haqqında da ətraflı məlumat verib. O, qeyd edib ki, bu xidmət şəbəkə operatorları üçün yüksək şəbəkə ötürücülüyü, aşağı gecikmə göstəricisi, qoş və işlət quruluşu, istismar xərcinin azalması, son istifadəçilər üçün məlumatların sürətli yüklənməsi təkmilləşdirilmiş tətbiqlər və mobil proqramlar xidmətlərindən daha rahat istifadə imkanlar yaradır.

O, 2018-ci il UMTS*LTE**-Advanced texnologiyalarının artımı barəsində danışarkən qeyd edib ki, 2018-ci il ərzində 159 yeni 3G və 700-dən çox yeni 4 G texnologiyali baza stansiya istifadəyə verilib.

Regionlarda LTE şəbəkəsi Bakı-Abşeronla yanaşı 45 region mərkəzində də əhalinin xidmətinə verilib.

Oruc Sadıqov sonda vurğulayıb ki, "Bakcell" 2G, 3G, və 4G mobil telekomunikasiyada liderlik edir və ölkəmizdə keçirilən əhəmiyyətli tədbirlərdə daim dəstək göstərir.

Tədbiri daha sonra müştəri xidmətlərinin idarə edilməsində və rəqəmsal kanallar üzrə bölmə rəhbəri Elşən Soltanov müştəri xidmətlərində rəqəmsallaşdırma mövzusunda davam etdirib.

O bildirib ki, "Bakcell" müştəri məmnuniyyəti üçün prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirib:

"Bunun üçün şirkət müştəriləri gözlətmədən sorğulara operativ şəkildə cavab verir. Biz gələcəkdə virtual köməkçilərin tətbiqi ilə müştəri xidmətlərinə yeniliklər gətirməyi qarşıya məqsəd qoymuşuq. Gələcəkdə daha sürətli və effektiv müştəri xidmətləri, daha geniş məlumat bazasının yaradılması, standart sorğuların həllinin avtomatlaşdırılması, bütün sahələrdə 24/7 xidmət, xərclərin azaldılması, cavablandırılmayan müştəri müraciətlərinin minimuma endirilməsinin tətbiqi bizə üstünlüklər qazandıracaq".

Sonda tədbiri "Rəqəmsal nəsil” mövzusunda "Bakcell"in marketinq kütləvi seqment üzrə rəhbəri Azər Ağasiyev davam etdirib. O bildirib ki, rəqəmsal nəslin nümayəndələri əsasən 2001-ci ildən sonra dünyaya gələn şəxslər hesab olunur. Bölmə rəhbəri ağıllı telefonların inkişafı və rəqəmsal təhsillə bağlı da ətraflı məlumat verib.

A.Ağasiyev bildirib ki, rəqəmsal nəslin nümayəndələri başqa nəslin nümayəndələrindən çox fərqlidir. O, rəqəmsal texnologiyaların insanların işinin asanlaşmasına xidmət etdiyini və üstünlüklərindən də danışıb:

"Dünya üzrə statistikaya əsasən rəqəmsal istifadəçilərin sayına görə ABŞ dünyada birinci yer tutur. Mobil internet istifadəçilərinin sayı 2016-2017-ci illərlə müqayisədə cari ildə iki dəfə artıb".

O qeyd edib ki, "Bakcell" üç istiqamətdə strategiya müəyyənləşdirib:

""Danışığın qədər ödə" tipli tariflərdən "Aylıq abunə" tipli tariflərə keçid, eyni zamanda ümumi bazarın ehtiyyaclarına uyğun fərqli seqmentlərə bölünməsi".

Tədbir jurnalistlərin sualları ətrafında davam etdirilib.