adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Dekabr 2018 22:52
27228
ƏDƏBİYYAT
A- A+

Keçinin Azadlıq nağılı

Qəşəm İsabəyli

1.
Keçi hirslə başını silkələyib, qulaqlarını necə şappıldatdısa, saqqalı süpürgə kimi titrədi:
-Mən bir saat da olsun burda qalmaram! Belə də haqsızlıq olar?! - Çəpişi dalına salıb, örüşdən çıxdı.
Üçyüz metr getməmişdi ki, it yüyürüb kəsdi qabağını:
-Bizi qoyub hara gedirsən, ay Keçi?! - Quyruğunun ucuyla gözlərinin yaşını sildi.
-Ayağım hara, başım da ora.
-Ayağın niyə?
-Biz keçiləri elə günə salıblar, ayğımız başımızdan ağıllı olub.
-Ay Keçi, ayaq - ayaqdı, baş - baş, ayağının dalıyca getmə, qurd-quşa yem olarsan!
-Burda yaşamaqdansa qurd-quşa yem olmaq yaxşıdı! Birdəfəlik canım qurtarar.
-Bəs Çəpiş?!
-Nə Çəpiş?!
-Sonbeşik oğlunu deyirəm - dalına salıb, aparırsan. Sən gününü görüb, dövranını sürmüsən. Yazıqdı Çəpiş bala!
Keçi bir ağız məkkildəyib, Çəpişi yaladı. O dəqiqə Çəpiş soxulub girdi altına - dizlərini yerə atıb, döşünü ağzına alıb, başladı marça-març əmməyə. Bayaq Keçi şıllağa qalxdı, vurub tulladı onu qırağa:
-Qarnın cırılmasın, gündə nə qədər əmmək olar?!
-Ay Keçi! - İt dedi. -Ağlın olsun, sözümə bax, getmə.
-Nə deyirsən de, amma "getmə" demə!
-Niyə?
-Acığa düşmüşəm!
-Acığa düşmüsən? Kimdən?
-Yiyəmizdən.
-Yiyəmizə acıq eləyə bilməzsən?!
-Niyə?
-Çünki o, bizdən ağıllıdı.
-Sənin sözündən belə çıxır ki, biz dəliyik!
-Dəli olmasaq da, ağıllı da deyilik!
-Sübut?
-Ağlımız olsaydı, özümüz öz sahibimiz olardıq - azad yaşayardıq.
-Biz azad deyilik?!
-Azad olmaq üçün birinci sənin evin olmalıdır. İkinci də yeməyin.
-Elə budur azadlıq?
-Bəli!
-Səni sınayırdım, sən azadlığın mənasını bilmirsən! - Keçi dedi.
-Niyə?
-Azad olmaq üçün birinci sənin dilin olmalıdır!
İt qırmızı dilini bir qarış bayıra çıxartdı:
-Bəs bu nədi?!
-Ət parçası!
İt heyrətlə o yan-bu yana baxdı:
-Bu nə danışar, a!
-Ay İt, bu ət parçası onda dil olur ki, deməyə sözü olur. "Deməyə söz" hələ deyilmiş söz deyil, ha. "Azadlığ"ın birinci şərti də ürəyindəki sözü bərkdən deyə bilməyindi. - Keçi siyasi xadim kimi danışdı.
-Bəs sən nə istəyirsən?!
-İstəyirəm ki, bir gün ot yeyəndə, o biri gün arpa yeyim, birisi gün yonca yeyim. Ət yeyə bilirsən hər gün?
-Sümük gəmirirəm.
-Bax, azadlığımız olsa, heç kimdən asılı olmarıq! Odur ki, gedirəm azadlığımı axtarmağa!
-Gedirsən get, amma ayağına arxayın olma! Səni aparıb qurda-quşa yem eləyər.
Keçi məkkildəyə-məkkildəyə Çəpişi də dalına salıb, çoxdan uzaqlaşmışdı.

2.
Ana-bala heç yarım saat getməmişdilər birdən İnək qabaqlarına çıxdı:
-Salam, ay Keçi!
-Salam, salam!
-Çəpiş balanı da götürüb hara gedirsən, inşallah?
-Azadlığımı axtarıram.
İlk dəfə eşitdiyi sözdən İnəyin gözləri bərələ qaldı. Birdən ağlı üstünə qayıtdı:
-Çəpişdən başqa da balan var?
-Nə bala?
-Bəs "Azadlıq" dedin, balanın adı deyil?
Keçi hirslə başını silkələyib, qulaqlarını necə şappıldatdısa, saqqalı süpürgə kimi titrədi:
-İnəksən ki, inək.
-Niyə?
-Bilmirsən "Azadlıq" nədi?!
-Yo-oo-x...
Keçi üzünü Çəpişə çevirdi:
-Gəl gedək, bala!
İnək Keçinin dalıyca bir xeyli baxandan sonra böyürdü:
-Həəəə... Keci bicin biridir, yəqin təzə otlaq tapıb.
3.
Meşəyə çata-çatda Dəvəylə qarşılaşdılar:
-Salam, ay Yekəsaqqal!
-Salam, salam, Əyriboyun!
-Soruşmaq ayıb olmasın, mal-qara indi örüşdən qayıdır, sən bu vaxtı hara gedirsən?!
-Azadlığımı axtarıram.
Dəvə xorrr elədi - başını dik qaldırıb, xeyli vaxt üstdən aşağı Keçiyə baxdı:
-Nə dedin?!
Keçi hirsləndi:
-Karsan?!
-Təkrar elə!
-Gedirəm Azadlığımı axtarmağa. Eşitdin?!
Dəvə başını dala atıb, ağzını açdı:
-He... he... he...
Keçi hirslə ona baxdı:
-Çox gülməlidi?!
-Hansı kənddən gəlirsən?
-Üstüaçıq kənddən.
-Bahooo...
-Nə olub?
-Çox uzaqda axtarırsan Azadlığı.
-Niyə?
-Azadlıq kəndinizin özündədi.
-Elə olsaydı niyə gəzirdilər onu?
-Hələ ki, səndən başqa gəzən yoxdu.
-Nə arxayın danışırsan?!
-Görürəm, dərin bədəninə darlıq eləyir!
Söz Keçinin kefinə dəydi:
-Sənin, mənim?!
-Hələ ki, sənin! - Dəvə güldü. - He... he... he...
-Dam boydasan, hırıldama, sözünü de!
-Bilirsən ki, mən aylarla səfərdə oluram, kəndləri, şəhərləri gəzirəm, insanlarla oturub-dururam. Azadlıq yolunda o qədər qurban gedənlər görmüşəm.
Keçi tərs-tərs ona baxdı:
-Bu sözləri deməkdə, fikrin nədi?
-Sənin yemin deyil Azadlıq, ay Keçi!
- Əyriboyun, sən qocalmısan, ağlın çaşıb!
Dəvə güldü:
-He... he... he ... Get... Boğazına bıçaq qoyulanda, yadına düşərəm.

4.
Gün bata-batda Keçiylə Çəpiş gedib bir marketin qabağına çıxdılar.
-Ay ana, susamışam! - Çəpiş məkkildədi.
Keçi atılıb girdi marketə:
-Salam, xanım qız, su olar sizdə?
-Qazlı, qazsız?
-Qazı neylirik? Biz ot yeyənik! Su lazımdı bizə.
-Ay Keçi, biz göydə uçan qazdan danışmırıq, suyun içinə vurulan havanı deyirik...
-Xanım qız, suyun havası özündə olar. Yaxşı suya da heç nə qatmazlar. İndi yadıma düşür, sizin dediyiniz o qazlı sudan bir dəfə içmişdim, düz bir həftə qara ciyərim ağrıdı. Allah xatirinə, bizə yarım vedrə xalis su verin, xahiş edirəm.
-Pulunuz var?
-Pul?! Nə pul?!
-Bağışlayın, bura xeyriyyə cəmiyyəti deyil, marketdi!
-Mən də bilirəm, marketdi.
Çəpiş yenidən anasının böyrünə dirədi başını. Keçi acıqlandı:
-O yana dur! - Sonra qıza baxdı. - Axı biz yanırıq!
Bu zaman marketin müdiri içəri girdi:
-Salam, ay Keçi!
-Salam, salam!
-Bir qulluq?
-Bu qız bizə su vermir.
-Niyə?
-Pul istəyir.
-Ay Keçi, indi bilirsən havayı nədi?
-Deyərsən, bilərəm.
-Hələ ki, havadı. Eşitdiyimə görə bu yaxınlarda onu da pulnan eləyəcəklər.
-Day denən, kasıb-kusubun canı çıxdı ki!
-Məni siyasətə çəkmə, qoy balalarımın başını dolandırım. Su istəyirsən, pulunu ver, suyunu iç, özün də çıx get.
-Şəxsən biz indiyəcən suyu da havayı içmişik, otu da havayı yemişik!
-İndiyəcən harda?
-Sahibimizin yanında.
-O indiyəcən idi. Onda nağdsız hesabla sahibin ot da verirdi sənə, su da. Amma indi pul lazımdı.
-Bax, pulum yoxdu, ancaq döşlərim dolu süddü! Məni sağın, əvəzində su verin.
-Ağıllı fikirdi! - Müdir sevincək işçisinə baxdı. - Ay qızım, o vedrəni yu, bura gətir.
Keçi dal ayaqlarını araladı. Müdir arxasına keçib, vedrəni qoydu yerə, özü də oturdu taxta qutunun üstündə. Sağ əlinin baş barmağıyla şəhadət barmağını cütləyib, başladı Keçini sağmağa - şırrr... şırrr...
Vedrə yarıdan keçəndə Keçi bir-iki şıllaq atdı.
-Neyləyirsən, südü dağıdarsan?!
-Döşlərim göynədi, qoy bir az da Çəpişə qalsın.
-Qorxma, elə də insafsız deyilik! - Müdir ayağa durdu.- Bala, - satıcı qıza dedi, - apar bu südü ver bizə, bişirsinlər. Özün də arxdan bir vedrə su doldur gətir bunlara.
Bunu eşidəndə Keçi hirslə başını silkələyib, qulaqlarını necə şappıldatdısa, saqqalı süpürgə kimi titrədi:
-Arxdan niyə?!
-Bəs nə? - Müdir soruşdu.
-Marketdən niyə vermirsən? Biz belə danışmamışıq axı!
-Birincisi biz danışmamışıq suyu sənə hardan verəcəm, ikincisi də sən axı qazlı su içə bilmirsən! Bizdə də qazsız su yoxdu.
-Eyb etməz, şəraitə uyğunlaşmağa məcburam.
Qız südü aparıb, su dolu vedrəylə qayıtdı. Keçiylə Çəpiş doyunca içdilər.
-Bəlkə otdan-ələfdən bir şeyin ola?! - Keçi müdirə baxdı.
-Bura ərzaq dükanıdı. Burda adam yeməyi olur.
-Bəs indi biz neyləyək?!
-Ot tapa bilərəm. Satmağa bir şeyin qalıb?
Keçi bir az fikirləşəndən sonra başını silkələyib, qulaqlarını şappıldatdı:
-Yaxşı qəzilim var, istəyirsən əlinlə yoxla.
-Qonşumu, çağırım, gəlsin, danışaq.
Bir azdan qonşu gəlib Keçini qırxıb, qəzili apardı. Sonra da iki bağ yonca gətirib qoydu onların qabağına. Keçiylə Çəpiş yeyib doyan kimi yenidən özlərini verdilər marketə.
-Bu, pendir mənə tanış gəlir? - Keçi saqqalını qabağa uzatdı.
-Düz tapmısan, keçi pendiridi.
-Neçəyədi?
-Bir kiloqramı 20 manata.
-Bəs arpa?
-Kiloqramı 30 qəpikdi.
-Yoncanın bir bağı?
-Kənddən gəlmirsən?
-Kənddən gəlirəm.
-Yoncanı kənddə satırlar axı.
-Ot tayası vardı sahibimin, amma yonca bağlarının üstünə qiymət qoymamışdı.
-Bir bağ yonca indi 3 manatadır.
-Bəs bizim südümüzü neçəyə satırsınız?
-Litri 6 manata. Sən nə qədər süd verirsən günə?
-3 litr.
-Bahooo... lap axar bulaqsan ki!
-Cinsəm, dədə-babalarım Avropadan gəlib.
-Camaat Avropaya gedir, sən bura niyə gəlmisən, ay bədbəxt, bura Şərqdi ey?!
-Əvvəlcə babalarımı İsveçdən gətirib Türkiyədə məskunlaşdırıblar. Artıb çoxalandan sonra başlayıblar bizi o yan-bu yana satmağa. Məşhur Sənan keçiləri deyilən bizik!
-Kənddən niyə çıxmısınız?
-Azadlığımı axtarıram.
Müdir eşitdiyi sözə mat qaldı:
-Nə dedin?!
-Azadlığımı axtarıram.
-Deyirəm axı!
-Nəyi deyirsən?
-Sən niyə azadlığını axtarırsan.
-Niyə?
-Axı avropalısan, azadlıq sənin qanındadı. Amma ehtiyatlı ol. Saqqalını qırxıb eləməsinlər.
-Saqqalım kiinin nəyinə lazımdı?
-Bir kəsi hörmətdən salmaq üçün hərdən saqqal da işə yarayır! Əzizim, bura Şərqdi, ey! Min cür cəza tədbiri var, ehtiyatlı ol!
Keçi başını yellədi. Müdir dilini dinc qoymadı:
-Soruşmaq ayıb olmasın, azadlıq nəyinə lazımdır?
-Necə nəyimə lazımdı?! Bax, təkcə südümdən bir günə 18 manat pul götürür sahibim. 2 manat da xərcləmir mənə. Üstəlik də hər altı aydan bir ən azı iki çəpiş doğuram. Bilirsən də doğmaq nə deməkdi?! Bu səndən ötrü keser kəsiyi deyil, ey. Nə doğan insan bilir ki, doğur, nə doğulan uşaq bilir ki, doğulur. Ona görə də uşaqlarınız dərman-davasız böyüyə bilmir. Yanından yel ötən kimi düşür xəstəxanaya. Biz doğanda çığırtımız Allahın yanına çıxır. Siz insanlar üç dəfə doğandan sonra nəsil artırmaqdan qalırsınız. Amma biz çənəmiz yerə dəyənəcən doğuruq. Bir dəfə sahibimə dedim, zəhmətim böyükdü, məni yaxşı saxla. Saxlaya bilmirsənsə burax, gedim azadlığımın dalıyca. Gülüb, adımı qoydu "Azadlıq aşiqi". Bu da bərk kefimə dəydi. Mən də Çəpişi götürüb, örüşdən çıxdım.
Müdir Keçinin başını sığalladı:
-Yaxşı eləmisən!
-Nəyi yaxşı eləmişəm?
-Sənin axtardığın azadlıq burdadı.
-Nə danışırsan?!
-And olsun saqqalına, düz deyirəm!
-Gedək.
-Qoy zəng eləyim, maşın gəlsin.
Keçi sevincindən başladı oxuyub-oynamağa:

-Azadlıq! Azadlıq!
Xoş gördük səni!
Al görüm, qoynuna
Çölü, çəməni!
Sevindir, sevindir,
Sevindir məni!
Xoş gördük, Azadlıq,
Xoş gördük səni!

Çox keçmədi bir yük maşını gəlib onların qarşısında dayandı. Qapıları qoşa açıldı - hər tərəfindən bir cavan düşdü.
-Tanış olun - Azadlıq aşiqi - Keçi! - Marketin sahibi ciddi danışdı.
Cavanların dodağı qaçdı.
Müidr Keçiylə Çəpişi onlara satıb, pulunu qoydu cibinə.
-Hə, Keçi, buyur, indən belə sizin sahibiniz olacaq bu cavanlar.
-Sahib?! - Keçinin sözü ağzında qaldı - ana-bala əl-qolunu bağlayıb, atdılar maşının yük yerinə.
5.
Düz iki ay Keçiylə Çəpişi nə örüşə apardılar, nə də həyət-bacaya buraxdılar. Amma qarşılarından arpa-saman əskik olmadı. Hərdən Keçinin ürəyinə qorxulu fikirlər gəlirdi: "Təzə sahibimiz, deyəsən bizi kəsməyə görə belə bəs-ləyir.".
Ana-bala yağlanıb kökəlsə də, gün işığına həsrət qalmışdılar. Odur ki, bərk darıxırdılar. Axır ki, Çəpiş dilə gəldi:
-Ay ana, sən deyən Azadlıq bu imiş?!
Keçi istər-istəməz cavab verməli oldu:
-Bəli, bala!
-Nə pis şeymiş Azadlıq, ay ana!
Keçi təsdiq eləməkdən başqa söz tapmadı:
-Bəli, bala.
Bir səhər də yenicə yeyib oturmuşdular təzə sahibiylə bir nəfər girdi içəri.
-Əvvəlcə hansını aparaq? -Təzə sahibi soruşdu.
-Əvvəl Çəpişi kəssək, çığır-bağırtısını eşidib ana keçinin ətinin dadı qaçar, yeməli olmaz.
-Özün bilən yaxşıdır.
Qəssab Keçini hop götürdü. Qapıdan çıxanda Çəpiş irəli atıldı:
-Ay ana, məni qoyub, hara gedirsən?
-Dəvə düz deyirmiş, ay bala. Azadlıq uğrunda qurban gedirəm!
-Bəs deyirdin azadlıqdayıq!
-Yalan deyirdim, oğul, bağışla məni!
-Bəs... - Çəpişin sözü ağzında qaldı. Başından basıb, qapını üzünə bağladılar.
Keçini gətirib yıxdılar göy otluğa. Təzə sahibi ayaqlarından yapışıb yerə sıxdı. Qəssab bıçağın ağzını barmağıyla yoxladı. Sol əliylə yapışdı Keçinin başından, basdı arxaya. Bıçağı boğazına qoyanda qaça-qaça iki nəfər girdi həyətə:
-A kişi, əl saxla! Əl saxla! - Marketin müdüri ilə bir nəfər aldı onların üstünü.
- Keçinin əsl sahibi bu kişidi. - Marketin müdiri yanındakı adamı göstərdi.
-Bəs mənim pulum?! - Təzə sahib dedi.
-Çəpiş hanı? - Keçinin yiyəsi həyəcanla soruşdu.

***
Bir azdan Keçiylə Çəpiş maşının yük yerində oturub, yollara baxırdılar.
-Gedən kimi Dəvəni tapıb, onun ağzından öpəcəm? - Keçi fikirli-fikirli dedi.
-Niyə, ay ana?
-Yazıq düz deyirmiş, azadlıq kəndimizin özündəymiş. Sadəcə onu almaq lazımmış. - Sonra da başladı asta-asta oxumağa:

-Azadlıq! Azadlıq!
Xoş gördük səni!
Al görüm, qoynuna
Çölü, çəməni!
Sevindir, cevindir,
Sevindir məni!
Xoş gördük, Azdlıq,
Xoş gördük, səni!