adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Dekabr 2018 22:39
22413
ƏDƏBİYYAT
A- A+

SÖZƏ ÜRƏK DOSTU, CAN SİRDAŞI DEYƏN ŞAİR

ASİM YADİGAR - 65

İBRAHİM YUSİFOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
prezident mükafatçısı, "Şərur" Ədəbi
Birliyinin rəhbəri

1971-ci ilin payız günləri idi. Onda bizim üçün dünyanın ən gözəl çağlarıydi, onda tələbə idik. Toplaşardıq Naxçıvan şəhərindəki Hüseyn Uavid adına kinoteatrın həyətindəki bağa(indiki "Gənclik" mərkəzində): Rafiq Babayev, İnqilab Orxan, Asim Yadigar, Zeyqəm Vüqarg bir də mən. Şeir oxuyardıq, oxunanlara fikir söyləyər, münasibət bildirərdik.
Bizdən fərqli olaraq, öz şeirlərini əzbərdən söyləyirdi Asim Yadigar. Hamı diqqətlə dinləyirdi onu, yeri gələndə iradlar da bildirilirdi -- razılaşırdı da, razılaşmırdı da. İnsafən, şerləri daha çox səmimi, yaddaqalan, qəlboxşayan, qəlbəyatan idi. Onda "yada düşəndə ürəyin tellərini sızladan" tələbəlik həyatını yaşayırdıq, onda bizim 16-17 yaşımız var idig Bu gün isə Asim artıq ömrünün altmış beşinci pilləsindədir.
Bu müddətdə Asim şeirdən-şeirə, kitabdan-kitaba püxtələşmiş, yeniləşmiş, şeiri-sənəti həmişə uca tutan şairlərdən olmuşdur. Özünün də etiraf etdiyi kimi: "Mən sözlə oynayıram. O, sözlə ki, dünən vardı, bu gün var, sabah da olacaq. Dünəndən bu günə yol gələn, bu gündən sabaha yol başlayan söz mənim üçün canlı bir varlıqdır. Dərdimi onunla bölüşə bilirəmsə, onu deyib qurtarandan sonra bir azacıq rahat nəfəs ala bilirəmsə -- sözə ürək dostu, can sirdaşı deməyim, bəs nə deyim? Mən sözün quluyam, ona bəndəlik etmək mənim üçün xoşdur".
Sözə "ürək dostu, can sirdaşı" deyən Asim Yadigar 5 yanvar 1954-cü ildə Şərur rayonunun Püsyan kəndində anadan olmuş və həmin kənddəki orta məktəbi bitirmişdir. Hələ şagird ikən ədəbiyyata olan marağını tanınmış şair, əmisi Əliyar Yusiflidən aldığı məsləhətlər daha da artırmışdır. Elə bu həvəslə də orta təhsilini başa vurduqdan sonra sənədlərini Naxçıvan Dövlət Pedaqoci İnstitutunun (indiki Naxçıvan Dövlət Universitetinin) filologiya fakültəsinə vermiş və orada əyani təhsil almışdır.
Ali məktəb illərində Naxçıvanda "gur yanan" poeziya tonqalının istisində Asim Yadigar da "qızınmış", bu gün Azərbaycan elmində və ədəbiyyatında özünəlayiq yerlər tutmuş İsa Həbibbəyli, Akif İmanlı, Elman Həbib, Əbülfəz Muxtaroğlu, Vaqif Məmmədov, Muxtar Qasımzadə kimi istedadlı şair və yazıçılarla birgə ədəbi dərnəklərdə, ədəbi məclislərdə iştirak etmiş, şeirlər oxumuşdur.
Naxçıvan Dövlət Pedaqoci İnstitutunu bitirdikdən sonra 7 il Şərur rayonunun (indiki Kəngərli rayonunun) Qıvraq kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən Asim Yadigar şagirdlərinə dilimizin və ədəbiyyatımızın zənginliklərini öyrətməklə yanaşı, bədii yaradıcılıq sahəsində də uğurlar qazanmışdır. Şeirləri mətbuatda, müxtəlif toplu və almanaxlarda çap olunmuş, radio və televiziyada səslənmişdir. Onun yaradıcılığı haqqında Xalq yazıçısı Hüseyn İbrahimov, ədəbiyyatşünas alim Yavuz Axundlu, şairlərdən Hüseyn Razi, Əliyar Yusifli, Kəmalə Ağayeva və başqaları xoş sözlər demişlər.Azərbaycan milli Milli Elimlər Akademiyası Nizami adına Ədəbiyyat İnistitutu tərəfindən 2016-cı ildə nəşr olunmuş "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" iki cilidliyinin birinci cilidində akademik İsa Həbibbəylinin "Vətəndaşlıq mövqeyi,plyus lirizim-Asim Yadigar" adlı məqaləsində Asimin çox şaxəli yaradıcılliğı geniş təhlil olunmuş və yüksək qiymət verilmişdir. Asim Yadigar 1982-ci ildən 1989-cu ilə kimi Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan bölməsində məsləhətçi, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Komitəsində "Ədəbi-bədii proqramlar" baş redaksiyasının baş redaktoru vəzifələrində çalışmışdır. 2007-ci ilin yanvar ayından isə Naxçıvan Yazıçılar Birliyinin sədridir.
O, televiziyada işlədiyi illərdə qədim yurd yerlərimizdə yaşayan nənələrimizin, babalarımızın söz boğçasından topladığı şifahi xalq ədəbiyyatı nümunələrini bugünkü nəslə çatdırmışdır. Azərbaycan Yazıçılar Birliyi üzvlərinin, neçə-neçə istedadlı məktəblinin, tələbənin ilk şeirlərinin dinləyicisi olmuş, onlara "Uğurlu yol" yazmış, kitablarını redaktə etmişdir.
Şair dostumuzun yaradıcılıq yollarında ilk uğuru 1988-ci ildə "Yazıçı" nəşriyyatında çap olunan "Zirvə yolu" kitabıdır. Bu kitabdan sonra Asim "Unut bu sevdanı", "Oğul dağı", "Hər şeyin sonu var", "Midiyanın süqutu", "Kalba Musa çeşməsi", "Bir ömrün nəğməsi", "Seçilmiş əsərləri"nin birinci cildi kimi şeir və poemalar kitablarını oxucularına ərmağan etmişdir. Azərbaycan müstəqillik qazandıqdan, üzümüzə dost və qardaş qapıları açıldıqdan sonra Asim Yadigarın şeirləri, şeirlərindən ibarət kitabları İran İslam Respublikasında, Türkiyə Uümhuriyyətində də çap olunur və sevilə-sevilə oxunur.

Hər şeydən nəfsimi qorumuşam mən,
Ocağam, közümü qorumuşam mən,
Adımı, özümü qorumuşam mən,
Mən böyük adamam, atam balası...

-deyən şair qəlbini söz yükündən azad etmək istəsə də, "sözlü gözlərini" və "közlü sözlərini" özündən uzaqlaşdıra bilmir, ən çətin anında da öz oxucusu ilə baş-başa qalır, onunla dərdləşir, həmsöhbət olur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan dünyaya Günəş kimi doğacaq" müdrik kəlamını öz şeirinə epiqraf seçən A. Yadigar sabaha inamla, dahi rəhbərə tükənməz məhəbbətlə yazır:

Dalğalanır Bayrağım, köksümə sığmır ürək,
Qəlbim toy libasında, bu toyu çaldıran var.
Öz-özünə qalxmayıb, ucalmayıb o Bayraq,
O Bayrağı bayraqtək ucaldan, qaldıran var.

"Azərbaycan Bayrağı", "Bir bayraq altında...", "Fəxri Xiyabanda düşüncələr", "Hücum əmri ver mənə" kimi şeirlərində ulu rəhbərimiz Heydər Əliyevə, Azərbaycan xalqının dövlət atributlarına, Vətənə, onun hər qarış torpağına böyük səmimiyyət duyulur. Yaşadıqları şanlı və işıqlı ömürlərini xalqının xoş sabahına həsr etmiş şəxsiyyətlər haqqında yazdığı şeirlər də oxucular tərəfindən səmimi qarşılanıb. Bu mənada akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr edilmiş "İşıq seli", görkəmli dövlət xadimi və həkim Əziz Əliyevə yazılmış "İşıq ömrü yaşayanlar", Hüseyn Uavidə həsr etdiyi "Ulu Uavid", sevimli müəllimi, tarixi romanlarımızın tədqiqatçısı, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü Yavuz Axundluya yazdığı "Əlimdədir hələ qələm" şeirləri oxucular tərəfindən layiqli qiymətini almışdır.
"Gəldi,ulu Heydərin İlham dühası gəldi" şeiri isə hamımızın sevimli şeiri olubdu.

Naxcıvan hər sınaxdan çıxıb üzü ağ mətin,
Düşmən görüb bu yurdun cəsarətin qeyrətin,
Bu məğrur zəhmət sevər,əyilməyən millətin,
İmzaların içində adı,imzası gəldi,

Gəldi,ulu Heydərin İlhan duhası gəldi."Bələk" şeirində Asim Yadigarın mövzu tapımı çox qəribə və hər birimizə tanışdır. Uşaq doğulduğu gündən bələyə bükülür və həmin bələyin içində əldən-ələ gəzir. Bu bələkdə uşağa layla deyilir, ruhu, duyğusu elə bu bələkdə də uyuyur. Şeirin sonunda şairin üsyankar səsini eşidirik:

Yırtıla, dağıla bələklər gərək,
Bələk də qandaldı, sözün doğrusu.
Azadlığım yoxdur, dincliyim yoxdur,
Çıxmazsa canımdan bələk qorxusu.

Asim Yadigarın "Dərdimiz torpağı, daşı yandırır", "Azadlıq deyə-deyə partladı dodaqlarım, hərrac bazarlarına qoyuldu torpaqlarım" kimi misraları oxucuda Vətənə sevgi, məhəbbət hissləri aşılayır. Şərur rayonunun Püsyan kənd sakini, torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş Fərhad Mirzəyevin və Əsgər Əsgərovun xatirəsinə həsr etdiyi "Naməlum əsgər", "Qara kağız" şeirlərdə canını Vətən yolunda qurban vermiş igidlərin qəhrəmanlıqları əks olunur.
Hər birimizdə olduğu kimi, istedadlı qələm sahibi Asim Yadigarın da qəlbinin dərinliklərində bir qəm, bir nisgil, bir həsrət yaşayıbdır. Odlar Yurdu Azərbaycanımızı qılınc kimi ortadan bölən, tikanlı məftillərlə çarmıxa çəkilən Araz çayının üzərindən keçmək, parçalanmış Vətənin qoynunu dolaşmaq, qədim mədəniyyətimizi və abidələrimizi özündə qoruyub-saxlayan tacımız və vüqarımız Təbriz şəhərini görmək və qoynunda dolaşmaq şair üçün uzun illər əlçatmaz arzu olubdur. Nəhayət, Araz çayının üstündən adlayıb Uənubi Azərbaycana qovuşmağı şair ömrünün ən unudulmaz, ən çılğın, ən təbli günü hesab edir. "Təbrizim", "Zəncanım", "Tut ağacları", "Türkmənçaya gedən yol", "Açıq məktub", "Ərk qalası", "Mən dinə bilmirəm", "Bu yol Təbriz yoludur" kimi şeirlərin doğum tarixi Arazdan keçilən gündən başlayır.
Şairin "A Məmməd Araz" şeirində Xalq şairinə böyük sevgi, yaradıcılığına məhəbbət hissləri tərənnüm olunmuşdur:

Ürəyimi göynədir həsrət yenə, dərd yenə,
Zamanın sillələri dəydi yaman sərt mənə,
Qayalaşıb, daşlaşıb yaşamaq öyrət mənə,
"Dərdimi dənə döndər, üyüt, A Məmməd Araz".

Doğma torpaqlarımıza edilən qəsdlər, qardaş-bacılarımızın öz el-obalarından qaçqın və köçkün düşmələri, müqəddəs yerlərimizin düşmən tapdağında inildəməsi, bəzi Vətən "qəhrəmanları"nın yad havalara oynamaları Asim Yadigar yaradıcılığına giley hopturmuş, kövrəklik ələmiş, ümidsizlik toxumu səpmişdir. "Yox!", "Eşitmir", "Qaçır", "Səni" kimi şeirlərində biz bunu daha aydın görürük.
Asim Yadigar nədən yazırsa-yazsın, şeirlərinin mayasını saf və ülvi məhəbbət təşkil edir. "Hər şeyin sonu var həyatda, gülüm, əbədi deyil ki, gülüş də, qəm də" desə də, onun məhəbbəti tükənməzdi, sonsuzdu. "Sən varsan, gözəldi gözümdə dünya" şeirinin mövzusu "Bir bulaq suyunun gözündən duru" olan məhəbbətdir. Bu xarakterli şeirlər iki yerə ayrılır.
"Ölən sevgimə ağı", "Ölən məhəbbət", "Ağla bu sevgiyə", "Unut bu sevdanı", "Susdu telefonun" şeirlərində məhəbbətin intizarı, keçmiş sevginin iztirablar törədəcəyi söylənilir və nə qədər ağır osa da, "Unut bu sevdanı, başına dönüm" qənaətinə gəlinir:

Təpədən dırnağa əzabam, qəməm,
Qoyma gözlərinin yaşına dönüm.
Mən sənə səadət verə bilmərəm,
Unut bu sevdanı, başına dönüm.

"Sən varsan", "Bahar sevgi fəslidir", "Səni mənim qədər...", "Qoşa ömür", "Yazdım adımızı", "Gözlərin", "Sənə ehtiyacım var", "Qurbanın olum" kimi şeirlərində isə məhəbbətin qəlb oxşaması, bir ömrün qoşalaşması, sevginin müqəddəsliyi, eşqin təmizliyi Asim Yadigar qələminə xas xüsusiyyətlərlə tərənnüm olunur. Asim Yadigarın rəngarəng yaradıcılığında gülüzlü, duzlu-məzəli, sözlü balaların da şeir payı vardır. Şairin İmaməddin Nəsimiyə, Xurşudbanu Natəvana ithaf edilmiş "Təxnis"ləri də oxucu diqqətini cəlb edir.
Doğrusu, Asim Yadigarın şeirlərində mən uzunluq vahidini müşahidə etməmişdim. Onun cəmi dörd misradan olan 27 müxtəlif mövzulu şeirlərini oxuyanda isə Asimin az sözlə daha geniş mənalar ifadə etdiyinə bir daha əmin oldum.
Şairin müxtəlif illərdə, ayrı-ayrı kitablarında 10 poeması nəşr olunmuşdur. Bu poemaların hər biri ayrı-ayrı mövzuları əhatə edir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, "Tərəqqi" medallı , əməkdar mədəniyyət işçisi istedadlı şair Asim Yadigarın 65 yaşı tamam olur. Özünün yazdığı kimi, çiçək zərifliyini, çiçək kövrəkliyini bayraq kimi başı üzərinə qaldırıb, könül varı ilə -- şeirləri ilə bundan sonra da hələ neçə-neçə kitabları ilə görüşümüzə gələcəkdir. Hər bir şeiri könlümüzü ovudacaq, hər bir misrası, hər bir bəndi dodaqlarımızda səslənəcəkdir. Belə bir şairin oxucusu olduğumuz üçün özümüzü xoşbəxt sayacağıq.


SÖZÜM ÇİÇƏKLƏYİB

Şərur mahalında gəldin dünyaya,
Həyatda ilk izin bu yerlərdədi.
Sığmadın günlərə, sığmadın aya,
Ömrünün hər anı şeirlərdədi.

Döndü xatirəyə məktəb illəri,
Qovuşdun sevimli tələbəliklə.
Dindi ürəyinin kövrək telləri,
Ötüşdü günlərin qələbəliklə.

Sən sözlə oynadın, bəşəri sözlə,
Sözə ürək dostu, sirdaş söylədin.
Közlü sözlərinlə, sözlü gözünlə,
Köksünü nəfsindən uzaq eylədin.

Talenin aramsız zərbələrindən,
Qapın döyəcləndi yağış, doluyla.
Qorxmayıb zamanın hərbələrindən,
Yol etdin zirvəyə "Zirvə yolu"yla.

Yay kimi gərildin, körün alışdın,
Sözə, söz deməyə dəyişdi yönün.
Yeni kitabında sözlə barışdın,
"Unut bu sevdanı...", başına dönüm.

Qanınla yazdığın "Torpaq davası",
Əsgərtək döyüşdü acgöz yağıyla.
Şəhid atasının şəhid balası,
Qayıtdı evinə "Oğul dağı"yla.

"Hər şeyin sonu var" -- son qoydun qəmə,
Arazdan adlayıb Təbrizə getdin.
Gözlərin sevincdən bələndi nəmə,
Ulu Şəhriyarı ziyarət etdin.

Çiçək kimi kövrək, zərif şeirlər,
Sənin sərvətindi, sənin varındı.
Bunu mən demirəm, bunu deyirlər,
Əldən-ələ gəzən kitablarındı.

Sözüm çiçəkləyib bu qış günündə,
Hələ ətir saçan arzularım var:
Bəndəsi olduğun sözün önündə,
Həmişə uca ol, Asim Yadigar!