adalet.az header logo
  • Bakı 18°C
21 Dekabr 2018 22:37
18704
ƏDƏBİYYAT
A- A+

Rəşid Faxralı

Dünənki yerişim özümün olar...


Ürək-damar cərrahı, ünlü uzman
Anar Əmraha
...hərdən qar ələyib, yel əsdirirsə,
Qara əllərinə xınalar yaxıb
ölümü ömrə tələsdirirsə,
Dünyanın gözünə kül ələyərəm,
Dünyanı gözündən güllələyərəm.
Gərək biləydi ki, nədi suçu, nə,
Gərək biləydi ki, nədi günahı.
Bəşər ürəyinə qəsd eləməzdi,
Əgər tanısaydı Anar Əmrahı.
İllər ötüb-keçir...
İllərdən bəri
Vətənə gərəyin keşikçisidi.
Bilənlər bilir ki, özü - Vətənin,
Ürəyi ürəklər keşikçisidi.
Göyün gözlərinin heyrəti olur,
İnsafsız dünyaya heyrət olanlar.
Ömrü öz yerində, kövrək ürəyi
Ölümün yoluna sərhəd olanlar.
Simurqtək yetirər çəkilən aha,
Vətənə, millətə gərəkdir deyə.
Mən ürək deyərdim Anar Əmraha,
Ömürlər yaşadan ürəkdir deyə!
Qıymaz ki, bir ürək düşə zülümə,
Qoymaz ki, ağrıdan ürək sına da.
Ölüm hökmü verib neçə ölümə,
Görsə mat qalardı İbn Sina da.
İşıqlı ömrünün nuru düşəydi
Sevgi işığıtək kaş ürəklərə!
Bəşərilik yolu göstərəcəkdir
Sırası sıxlaşan daş ürəklərə!
Səngər dolaşardım...
Yorduğum yollar
Ayağım altından sürüşür indi.
Dünya yerişimdə kölgələnərdi,
Şümşad yerişimə Gün düşür indi...
Soyuqdan üşüyür yanar ürəyim;
Elə istərdim ki, hər ağrı-acı
Qüdrətin önündə gərək baş əyə!
Yanar ürəklərin yan-yörəsinə
güzarım-gərdişim özümün olar.
Böyük Qələbəyə uğur üstəyəm,
Dünənki yerişim özümün olar,
Uzman Anar Əmrah, sən varsan deyə!..