adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Dekabr 2018 22:35
14770
ƏDƏBİYYAT
A- A+

Bir aktyorun teatrı və ya SƏNƏTKARLIQ məktəbi

T.Əliyeva: "Ağalar Bayramov bədii qiraət ustası kimi, hansı janrda şeir səsləndirirsə,
o janrın qəhrəmanına, şeirin döyünən ürəyinə çevrilə bilir"

Təsəvvür edin ki, siz körpə bir uşaqsınız. Anasız-atasız nənə qoynuna sığınıb, böyümək istəyirsiniz, qoca, ağ saçlı nənənin ətəyindən yapışıb, yaşamaq istəyirsiniz. Atalı-analı uşaqlara baxıb, gecələr gizlin ağlayır, gündüzlər isə hər kəsin gözünə məğrur, dik baxırsınız.
Siz tez-tez ətrafınızda körpə uşaqlara qarşı yad insanların quru, yad, soyuq münasibətlərini görürsünüz, lakin buna əhəmiyyət vermədən yanından keçirsiniz. Həzrəti Əli (ə.s) yetim başını sığallamağı müsəlmanlara dəfələrlə xatırladıb. Gələcəkdə kim olacağını bilmədiyin körpəyə, yuxarıdan aşağı baxmamalısan, xüsusilə o uşaq yetim ola...
Bu yazımızın qəhrəmanı isə, yetimçiliklə, min bir əzab-əziyyətlə böyüyən, böyüdükcə azərbaycanlıların qəlbində ucalan, öz sənəti ilə zirvələri aşan, ustad, sənətkar, misilsiz insan, qürurlu, məğrur insan AĞALAR BAYRAMOVDUR.
Bəli, Ağalar Bayramovun da uşaqkən böyüyəndə kim olacağını heç kim bilə bilməzdi. Yetimçiliklə həyatda birini tapıb, birini tapmayan Ağalar Bayramov və onun sənət yolu çox keşməkeşlidir. Yazını da böyük ustadın doğum gününə hədiyyə edərək başlayıram. Sənətkar, İNSANLIĞINIZA və sənətkarlığınızla YÜKSƏK zirvələri aşmanıza rəğmən yenə İNSAN olaraq qaldığınıza görə, Sizə sonsuz minnətdarlığımı bildirirəm.
Ağalar Bayramovu yaxından tanıyan biri kimi deyil, bir teatrşünas kimi onun həyat və yaradıcılığından danışmaq istəyirəm. Bu günədək haqqında yazılmış saysız-hesabsız məqalələrdən və səhnədəki, efirlərdəki ecazkar səsi ilə söylədiyi, insan ruhunu yerindən oynadan şeirləri ilə hər kəs Ağalar Bayramovun kim olduğunu gözəl bilir. Eyni zamanda sənətkarın mütəmadi olaraq efirlərdə çıxışı, bədii qiraəti ilə ölkəmizi xaricdə layiqincə təmsil etməsi, hər kəsə bəllidir. Ağalar Bayramov tədbirlərdə, bayramlarda, xüsusi günlərdə el şənliklərində özünəməxsus, məlahətli səsi ilə qəlbləri oxşamağın mahir ustasıdır. Xalq şairi Fikrət Qoca demişkən: "Ağalar Bayramov sanki söylədiyi şeirlərin müəllifidir. Heç kəs başqasının şeirini bu cür içdən gələn bir coşqu ilə söyləyə bilməz". Bəli, xalq şairinin fikirlərini təsdiqləyərək söyləmək istəyirəm ki, elə bir məclis ola bilməz, orada Ağalar bəy şeir söyləyə, insanlar da laqeyd qala. Bu, mümkün olan bir hal deyil.
Ağalar Bayramov həm aktyor, həm də gənc aktyorlara dərs keçən peşəkar pedaqoqdur. Ağalar Bayramov bədii qiraət ustasıdır, eyni zamanda bədii qiraətilə qəlbləri oxşayan sənətkardır. Ağalar Bayramov böyük qəlb sahibidir və bu qəlb səsləndirdiyi şeirlərdə, elə şeirlərin özü kimi həzin, kövrək, yavaş-yavaş döyünür. Ağalar Bayramovun şeirlərində nəfəs var, bu nəfəs Ağalar Bayramovun ürəyindən insanların qəlbinə axır. Bu, Ağalar Bayramova məxsus sənətdir.
Bu sənətdə Ağalar Bayramovun özünəməxsus imzası var. Onu səhnədə görən hər kəs etiraf edə bilər ki, həqiqətən Allah Təala ona məxsusi bir istedad verib. Hər kəsə nəsib olmayan istedadı ilə Ağalar Bayramov qəlbləri oxşayır, öz qabiliyyəti ilə şeirə rəng qatır. Hətta adi, səthi şeirlər belə onun ifasında canlanır, əmələ gəlir, şeirə dönür. Sənətkarın yaradıcılıq yolu, səsləndirdiyi şeirlər kimi həzin, axıcı, ürəkoxşayandır.
Ağalar Bayramov həm bədii qiraətçidir, həm də aktyor. Tək aktyorun teatrı! Bu, onun özünəməxsus bir teatrdır. Təəssüflər olsun ki, Ağalar Bayramov Bədii qiraət teatrını yaratmayıb. Ümid edirəm ki, bir gün sənətkar özünün teatrını da yaradacaq. Çünki, onun saysız-hesabsız tələbələri və sevənləri var. İnanıram ki, Ağalar Bayramov bir gün teatr yaratsa, kifayət qədər tamaşaçısı və sevənləri ətrafına toplanacaq.
Ağalar Bayramovda, el məsəlində deyildiyi kimi, şeytan tükü var. Məhz bu səbəbdən hər kəsin qəlbində tez bir zamanda özünə yer tapa bilir. Maraqlıdır ki, körpə uşaqların da Ağalar müəllimi çox sevdiyinin şahidi olmuşam. Ağalar Bayramov uşaqla uşaq, böyüklə böyükdür. Öz nəvələrindən danışarkən isə Ağalar Bayramovun gözlərində ayrı bir aləm canlanır. Gözlərindəki sevinc Ağalar Bayramovun qəlbindən gözlərinə axan sevincin işartısıdır.
Ağalar Bayramov düzgün, dəqiq, dürüst, olduqca həssas insandır. Qarşısındakı insandan da eyni münasibəti gözləyən Ağalar Bayramov, sözü üzə deyən, mərd kişilərdəndir. Aktyorun ətrafında saysız-hesabsız dostları var. Onu təkcə Azərbaycanda deyil, xaricdə də sevib, yaradıcılığını izləyirlər. Bəlkə də Ağaları Ağalar Bayramov kimi tanıdan, milyonlara sevdirən, onun xarakterindəki kişilikdir! İnsanın xarakterindəki müsbət keyfiyyətlərin çoxluğu mühüm amildir. Ağalar Bayramovda bu cür xarakterin olması, onu sənətkarlıq zirvəsinə gətirib çıxardıb. Ağalar bəy sözün birbaşa mənasında əsl insandır. Hər kəsin dadına yetən, ehtiyacı olana əl tutan, ağlayanla ağlayıb, gülənlə gülən bir xeyirxahdır, Ağalar bəy.
Ağalar bəy hər il Xocalı faciəsində və digər matəm günlərində səhnədə sadəcə şeir səsləndirmir, şeirlə birgə sanki ağı deyib ağlayır, ifası ilə ölənlərin ruhuna su səpir. İnsanın şeirlə doğulub, şeirlə ölməsi məhz Ağalar Bayramovun bədii qiraətində özünü göstərir. Bədii qiraət ustası hansı janrda şeir səsləndirirsə, o janrın qəhrəmanına, şeirin döyünən ürəyinə çevrilir. Şeir Ağalar müəllimin yaradıcılığında başqa bir şəkil alır, yenidən doğulur... O, hər il Qanlı yanvarda, Xocalının il dönümündə şeirləri o qədər yanqılı, o qədər kövrək səsləndirir ki, həm özü ağlayır, həm də zaldakıları ağladır.
Ağalar Bayramov yaradıcılığına heyran olan bir neçə şair sənətkara şeir həsr edib. Araz Arabaçının Ağalar Bayramova həsr etdiyi şeirdən bir parçaya nəzər salaq:

Nəyi, harda itirdik,
Hamıya agah bilir.
Bu səsdə nə yanğı var,
"Şur" bilir, "Segah" bilir.
Hər əzabı pir sayır,
Hər ağrını şah bilir.
Bu səsin bizə qəsdi,
Nədisə, Allah bilir...
Bu səsdə nə yoxdu ki....

Sahib Abdullayevin Ağalara Bayramova yazdığı şeirdə də sənətkarın sənətinə böyük dəyər verilir.

Səsində nisgil var, ah var, aman var,
Məni azdıracaq çən var, duman var.
Ölüb dirilməyə vallah, güman var,
Səsin məni yurda haraylar, qağa.

Həqiqətən də Ağalar Bayramovun səsindəki məlahət, vüqar insanların qəlbini tez bir zamanda ovsunlayır.
Ağalar bəy xaraktercə həm də yumşaq adamdır, olduqca kövrək və sadədir. Öz tələbələrinə Ağalar müəllim sənətkar, müəllim kimi deyil, sadə bir insan kimi yanaşır, onların bu sənətdə inkişaf etmələrindən ötrü əlindən gələni əsirgəmir. Getdiyi tədbirlərə, bayramlara tələbələrini də aparıb, hər kəslə öz yetirmələrini tanış edir.
Ağalar Bayramov çörək qədri, dost qədri biləndir. Dostu arxadan vurmaz, yalan danışmaz. Ona görə də respublikanın tanınmış simalarının, görkəmli şəxslərinin bir çoxu Ağalar Bayramovla yaxından dostluq edirlər. Onlar bilirlər ki, Ağalar Bayramov etibar ediləsi insandır. Bu günkü gündə məhz belə insanlar, sözün həqiqi mənasında çox azdır.
Ağalar Bayramova sual verirəm:
- Elə bil anadan sənətkar doğulmusunuz. Bu, faktdır. Amma nə vaxtsa, başqa bir sənətlə məşğul olmaq ürəyinizdən keçməyib ki? Axı siz bu qabiliyyətlə, istedadla hansı sənəti seçsəydiniz, mütləq ona can verib, yüksəklərə ucaldardınız.
A,Bayramov::
-Bundan sonra yüz canım olsaydı belə, yenə də Sənətkarlığı, Bədii qiraəti seçərdim.
-Ağalar müəllim! Nə üçün məhz Bədii qiraət?
-Çünki mən şeirlərlə nəfəs alıram, şeirlərlə ilhamlanıb, şeirlərdə yaşayıram.
Qarşıdakı ad gününü ürəkdən təbrik edərək, bütün Ağalar Bayramovu sevənlərin adından deyirik: Elə söylədiyin və milyonların qəlblərini fəth edən şeirlərinlə ilhamlanıb, həmişə sənətin ən yüksək zirvəsində pərvaz edəsən, Ağalar müəllim!

Tamilla Əliyeva,
teatrşünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univrsitetinin "Səhnə danışığı" kafedrasının əməkdaşı