adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Qara Qarayevin "Yol"u

ETİBAR CƏBRAYILOĞLU
35029 | 2018-12-21 22:16
Dahi bəstəkarın yubileyi ilə bağlı keçirilən tədbirlərə yekun vuruldu

Yola salmağa hazırlaşdığımız 2018-ci il bir çox əlamətdar yubileylərlə yadda qaldı. Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi dahilərdən biri, SSRİ Xalq artisti, Lenin və dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik, görkəmli bəstəkar-pedaqoq və ictimai xadim Qara Qarayevin 100 illiyi də son günlərini yaşadığımız bu ilə təsadüf elədi.

Keçilən yol

Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda, dövrünün tanınmış həkimlərindən sayılan Əbülfəz Fərəc oğlunun və Sona xanım İsgəndər bəy qızının ailəsində doğulub. Atası Əbülfəz həkim Abşeronun Fatmayı kəndindən, anası Sona xanım Axundova isə Şamaxıdan paytaxta köçüblər.
Ailənin ilk övladı Qara 1926-ci ildə Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbinə qəbul edilib. 4 il sonra isə onu musiqi texnikumuna istedadlı pedaqoq, professor Georgi Şaroyevin fortepiano sinifinə götürüblər. 1935-ci ildə gənc Qara Qarayevin həyatında önəmli hadisə baş verir, o, Dövlət Konservatoriyasında təhsil almaq hüququ qazanır, üstəlik tələbəlik illərində ona dahi Üzeyir Hacıbəylidən və tanınmış pedaqoq Leopold Rudolfdan dərs almaq xoşbəxtliyi nəsib olub. Üzeyir bəyin ən ümidverici tələbələrindən sayılan Qara Əbülfəz oğlu 1938-ci ildə Moskvanın məşhur sənətkarları qarşısında öz bacarığını göstərib və böyük musiqi məbədinə-P.İ. Çaykovski adına Dövlət Konservatoriyasının bəstəkarlıq sinifinə qəbul edilib, əvvəlcə professor A. Aleksandrovdan, sonra isə dahi D. Şostakoviçdən dərs alıb. 
Tələbəlik illərindən özünü istedadlı bəstəkar kimi sübut edə bilib. Məsləkdaşı və dostu, böyük bəstəkarımız Cövdət Hacıyevlə 1945-ci ildə birgə yazdıqları "Vətən" operası sovet məkanında mühüm sənət hadisəsi kimi qarşılanıb. Təsadüfi deyil ki, bir il sonra "Vətən"in hər iki gənc müəllifi SSRİ Dövlət mükafatına layiq görülüb.
1952-ci ildə müəllifinə böyük şöhrət gətirən "Yeddi Gözəl" baletini tamamlayıb. Həmin il noyabrın 6-da "Yeddi gözəl"in premyerası əsl sənət bayramı kimi qeyd olunub. "Yeddi Gözəl" indiyə qədər ABŞ-ın, Rusiyanın, İsveçin nüfuzlu teatrlarının səhnəsində uğurla səhnəyə qoyulub.
Böyük bəstəkar Azərbaycan Akademik Milli Dram Teatrında səhnəyə qoyulan Şekspirin "Antoni və Kleopatra" tamaşasına musiqi yazıb. Görkəmli rejissor Tofiq Kazımovun 1964-cü ildə hazırladığı bu səhnə əsəri Dövlət Mükafatı alıb və tamaşanın böyük uğurundan bəstəkar Qara Qarayevə də pay düşüb.
1967-ci ildə isə Qara Qarayev "İldırımlı yollarla" baletinə görə Lenin mükafatına layiq görülüb.
Dahi bəstəkar sovet dövrünün bu nüfuzlu mükafatını qazan nadir azərbaycanlılardandır.

Baxılan "Yol"

Öz ecazkar musiqisilə dünyanı heyrətləndirən Qara Qarayevin bu il 100 yaşı tamam olur. Ölkə başçısı İlham Əliyev dahi bəstəkarın anadan olmasının 100 iliyinin keçirilməsi ilə bağlı ötən il oktyabrın 17-də Sərəncam imzalayıb, həmin sənədə uyğun olaraq. müxtəlif tədbirlər keçirilir. Bir neçə ay öncə Mədəniyyət Nazirliyinin xətti ilə bəstəkarın Bakıda ev-muzeyi açılıb. Nizami 47 ünvanında yerləşən ev-muzeyi Qara Əbülfəz oğlunun həyat və yaradıcılığını özündə əks etdirən 300-dən çox nadir material toplanıb. Ziyarətçilər rəsmi sənədlər, əlyazmalar, konsert və tamaşa afişaları, foto şəkillər, eləcə də bəstəkarın şəxsi əşyaları ilə tanış olurlar.
Dahi bəstəkarın 100 illik yubileyi Azərbaycandan uzaqlarda da təntənə ilə qeyd olunur. Bu ilin fevralından başlayaraq Türkiyə, Rusiya, Amerika, Fransa, Belçika, Avstriya, Almaniya, Böyük Britaniya, İsrail, Polşa, Macarıstan, Gürcüstan və Ukraynada Qara Qarayevə həsr edilən yubiley gecələri, konsert və digər tədbirlər keçirilib. Çox sevindirici haldır ki, TURKSOY kimi nüfuzlu beynəlxalq təşkilat 2018-ci ili "Qara Qarayev İli" elan edib. Bununla bağlı türkdilli dövlətlərdə silsilə tədbirlər düzənlənib.
Bu günlərdə Qara Qarayevin yubiley tədbirlərinə yekun vurulub. "Nizami" Kino Mərkəzində bununla bağlı keçirilən mərasimdə həm də böyük bəstəkar-pedaqoqun həyatından bəhs edən "Qara Qarayev. Yol" sənədli filminin təqdimatı keçirilib. Filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə Rusiyanın "DİVİ" teleşirkəti lentə alıb. Ssenari müəllifi Nina Simirnova, operatoru Dmitri Novoselov, icraçı prodüseri Dmirti Dulovdu.
"Qara Qarayev. Yol" ilk dəfə bir neçə ay öncə Rusiyanın "Mədəniyyət" kanalında nümayiş etdirilib və böyük maraqla qarşılanıb.

TƏQVİM / ARXİV