Əbülfət MƏDƏTOĞLU: Acı xəbər

ƏBÜLFƏT MƏDƏTOĞLU
51150 | 2018-12-22 11:11
Səhərin gözü açılar-açılmaz eşitdim bu xəbəri... Bir anlıq susub durdum. Heç nə deyə bilmədim. Doğrudu, onun xəstə olduğunu bilirdim... telefonla əlaqə saxlamışdım. Özünəməxsus səsiylə, özünəməxsus kövrəkliyiylə həmişəki kimi "sağ ol Əbülfət, təşəkkür edirəm, səndən çox razıyam. Zəhmətimi, haqqımı heç vaxt itirməmisən, xoş sorağına sevinmişəm. Ona görə bu vəziyyətimdə gəlib məni görməyini istəmirəm. Qoy yadında elə əvvəlki kimi qalım!" - dedi.

Kövrəldim... İndi də kövrəlmişəm - həm sözünə baxıb görüşünə getmədiyimə görə... həm də onun haqqa qovuşmasına görə... Deyirlər ölüm haqdı və heç kim də ondan sığortalanmayıbdı. Doğulan bəndə bir gün də ona "OL!" deyənin hökmüylə dünyasını dəyişir. Amma bu dünya dəyişmək hadisəsi həmişə ağrılı olub.

Xüsusilə həyatda, cəmiyyətdə haqq-sayı olan, izi olan adamların köç etməsi baxımından.
Mən şəxsən cəmiyyətə faydalı olan, insanlara müsbət nəsə verən adamların itkisini, cismani yoxluğunu heç cür sinirə bilimirəm, barışmıram bu qərarla. Amma neyləyim ki, mən bu qərarları dəyişmək gücündə deyiləm...  

Onunla ilk görüşüm 1973-cü ildə olub. Orta məktəbin 6-cı sinfində oxuyurdum. Rəhmətlik qohumum Xasay Zülfüqarov bir gün məni özüylə "Araz" qəzetinin redaksiyasına apardı. Redaktorun qapısını döyüb içəri keçdi, sonra məni dəvət etdilər. Orta boylu, üz-gözündən təbəssüm tökülən "Araz" qəzetinin redaktoru gözləmədiyim halda yerindən qalxıb mənə əl uzatdı və Xasay müəllimə üzünü çevirib ərklə:

- Şair bu cavan oğlandı" - dedi.
Beləcə, başladı tanışlığımız. Və elə həmin ilin sentyabr ayında "Araz" qəzetində ilk şeirim çap olundu.
Onda bir daha haqqında xoş sözlər eşitdiyim, yazı-pozu adamlarına sayqəyla yanaşan Məcnun Namazəliyevi tanıdım. Onun sözə, qələmə, mətbuata sevgisinin şahidi oldum. İllər keçdi və günlərin bir günü Məcnun Namazəliyevin qapısını artıq özüm döydüm. Və o da əvvəlki təbəssümlə kollektivi toplayıb məni təqdim etdi. Bildirdi ki, Əbülfət bu gündən "Araz" qəzetinin müxbiridir.
1988-ci ildə Xankəndinə işləməyə gedəndə onun necə kövrəldiyini də unuda bilmirəm. Hər dəfə həmin o qan ocağından Füzuliyə qayıdanda məni ilk dəfə görürmüş kimi bağrına basırdı, sağ-salamat qayıtdığıma sevinirdi.

Və oturub üzbəüz Qarabağda baş verən hadisələrdən danışırdıq. Hər dəfə də deyirdi ki, sən o namərdlərin içindən gəlirsən. Baş verənləri daha yaxından görürsən. Nə olacaq bu işlərin axırı?
Bəli, həyatımın ən böyük mükafatlarından biri olan "Əməkdar jurnalist" adını alanda ilk zəng vurduğum Məcnun müəllim oldu. Əlimi ürəyimin üstünə qoyub Allaha and içirəm ki, xəbərdən və ilk ona zəng vurmağımdan elə kövrəldi ki, hələ də unuda bilmirəm. Bircə kəlmə dedi:

- Yolunu gözləyirəm, bu tərəflərə gəl, səni bağrıma basıb təbrik edəcəm.
Elə də oldu. İkimiz üzbəüz oturduq... Horadizdə, Bayraq meydanı yaxınlığındakı istirahət güşəsində... Sözünə də belə başladı:

- Özüm istədim ki, ikimiz oturaq, dost kimi, müəllim-tələb kimi, həmkar kimi... Bu istəyimdən narazı deyilsən ki? Bəlkə kimlərinsə olması da ürəyindən keçir, cəkinmə, de.
Mən bu səmimiyyətin qarşısında "var ol, Ustad! Sizinlə üzbəüz oturmaq mənim üçün çox böyük şərəfdi" - dedi.

İndi xatirələri yada salmaqla mən heç də Məcnun müəllimlə olan münasibətlərimizi diqqətə çatdırmaq istəmirəm.

Birincisi ona görə ki, onunla bağlı deməyə, yazmağa o qədər xatirələrim var ki... İkincisi, Məcnun Namazəliyev mənim üçün son dərəcə maraqlı bir jurnalist, gözəl də redaktor idi.
O, qəzetin bütün səhifələrini bir baxışla görür, ən xırda nöqsanını belə gözdən qaçırmırdı. Allah onu qəzetçi yaratmışdı, qəzet üçün dünyaya gətirmişdi. Müstəqillik illərimizin jurnalistikasıyla bağlı etdiyimiz söhbətlər heç vaxt yadımdan çıxmaz. Onun jurnalistikada baş verənlərə təəssüf hissini unuda bilmərəm.

O, əyalətdə yaşayırdı. Amma jurnalistikanın içərisində idi... Hər gün mətbuatı izləyirdi. Füzuliyə, sonra isə Horadizə gələn jurnalistlərdən, qəzetlərdən xəbərdar idi. Kimin nəyə xidmət etdiyini gözəl bilirdi. Ona görə də jurnalistikaya, mətbuata üz qarası gətirənlərə acıyırdı, jurnalistikanı, sözü, qələmi urvatdan salanlara acıyırdı!..

Bəli, indi barəsində xatirə yazıram. Daha doğrusu, onun dünyasını dəyişməsiylə bağlı eşitdiyim xəbərə münasibətimi ifadə etməyə çalışıram.

TƏQVİM / ARXİV