adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Dekabr 2018 10:52
29913
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU – 60

"Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan poetik ruhundadır, buna görə də, onun əsərlərinin poetik ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır” (Belinski V.Q.)

Əbülfət Mədətoğlu bir fikir və qələm əhli kimi əlində qələm, ağ kağızla üzbəsurat qalan vaxtdan insanlığın məsumiyyəti – günahsız olmağı, saflığı, paklığı, mənən təmizliyi uğrunda qələm çalıb, fəaliyyət göstəribdir. Əbülfətin ədəbi yaradıcılığı çoxşaxəlidir – şairdir, jurnalistdir, publisistdir, esseistdir, jurnalist-tədqiqatçıdır... Lakin o bütün parametrlərdə ruhunun dərinliklərinə sığınaraq qələmə əl atıb, sözü müqəddəs hesab edərək meharab qarşısında dayanırmış kimi sözə müqəddəs yanaşıb, "ədəbi-bədii” sözlə dualar pıçıldayıbdır... Onun sözləri oxucunun gözünü qamaşdırmır, mirvari dənələri kimi işım-işım işıldayaraq, cümlələrdən süzülən şəffaflığı ilə duruluğunu qoruyub saxlayır, daxilə, iç dünyaya süzülür...

Əbülfətin poeziyası romantik çalarlarla süslənmiş reallıqdan, həyat həqiqətindən yoğrulmuş poeziyadır. Onu oxuduqca Ulu Şəhriyarın bir ifadəsi yadıma düşür, hadisələr "sinemaya” dönüb gözüm önündə canlanır... Onu oxuyanda sanki film izləyirsən, hər şey gözlərinin qarşısından keçir, elə bil hadisələri, hissləri, duyğuları (bunlar da maddiləşir) ekran qarşısında oturub izləyirsən... Çünki onun poeziyası – şeirləri görümlüdür, duyumludur...


Əbülfətin yaradıcılığı ilə təmasda olanda Qarabağın lacivərd vadilərinə düşürsən, tarixinə toxunur, kültürünə boylanırsan... Araz qırağından, Xudafərindən tutmuş Qırxqıza, Murova, Keytiyə, Salvartıya, Dəlidağa, Gəlin qayasına əlin çatmadığına görə yanıb-yaxılırsan, dodaqların dərddən çatlayıb qanayır, sanki, ayağın Pəri çınqılının daşlarına dəyib əzilir... Dağlarına qalxır, yaylağında gəzir, çayında üzürsən... Onun şeirlərini oxuduqca adama elə gəlir ki, gözünün önündə cərəyan edən bu hadisələrin iştirakçısısan və ya bu obrazlardan biri, yaxud lirik qəhrəman elə özünsən...

Əbülfət özünü yazır, özünü yaza-yaza eləcə də bizim hamımızı yazır... Əbülfət həyatından bəhs edir, gizli dünyasını, duyğularını, uşaqlığının bir hissəsini, gəncliyinin ehtiraslarını, ahıllığının düşüncələrini bizlərlə bölüşür, insan duyğularının ucsuz-bucaqsız çəmənzarlığında gəşt edir, məğrur, məsum, saf, gözəl, özünə güvənən, heç kimdən sözünü əsirgəməyən, güclü, hər işdən baş açmağı bacaran, azərbaycanlı xislətli lirik qəhrəmana şevrilir... Elə bilirəm ki, Əbülfət Mədətoğlunun bir qələm əhli kimi 60 illik ömrünün zəfəri də budur!..

Mənə elə gəlir ki, Əbülfət bir insan kimi də, bir şair kimi də qəlbən ətrafına, mühitinə, elinə-obasına, yurduna-yuvasına vurğun adamdır. Onun məhəbbəti bambaşqadır, böyük məhəbbətdir... Bu sevginin aşkar ünvanını o, şeirlərində gizlədir, amma bu sevginin şeir adlanan ehramında yaşayır... Onun şeirinin istehzası da, avazı da, ağrısı da, əzabı da, sevinci də, qayğısı da, ehtirası da bu sevgiyə bağlıdır... Laqeydlik tamamilə, kökündən ona yaddır... Laqeyd adamın bu cür həssaslıqla yoğrulmuş yaradıcılığı olmazdı...

Ən çətin mənəvi aşırımları aşan, öz müqəddəs, saf, məsum istəklərinin, duyğularının, arzularının arxasınca gedən şair-publisist, 60 yaşının dolaylarından boylanan Əbülfət Mədətoğlunun yaradıcılıq, vətəndaşlıq əzmi oxucusunu qanadlandırır. Onun oxucusu kimin nə xoşbəxt edəcəyini, bağlı qalmış ürəyin açarının harada, kimdə olduğunun səmtini tapır, küt beyinli, düşünmək bacarığını itirmiş , biganəlik girdabındakı insanların kütlə təsəvvüründən uzaqlaşır, yaxşının ardınca qoşur... Ən gözəl mənəviyyat və əxlaq libasını geyinib, yaxşılığın əlindən tutaraq arxasına baxmadan Yaxşılığın iqliminə - qitəsinə doğru gedir. Onun poeziyasında zərrə qədər pafos yoxdur, təlaşdan uzaq həlim, isti, duyğulu lirizm Səkili bulağın şirin, Zəm-zəm suyuna dönüb təşnələrə ruh-can verir...


Əbülfət Mədətoğlunun məsuliyyət ruhlu, vətandaşlıq döyüntülü yaradıcılığı ilə tanış olduqca görürsən ki, onun üçün ən böyük mövzu insandır, parçalanmış Vətəndir, düşmən yesiri olan torpaqlarımızdır!.. Təbii odur ki, Əbülfət insanın düşüncələrini, istəklərini, xoşbəxtliyini, sevincini, kədərini hər şeydən üstün sayır, insanları suçlamır, yarğılamır. Sosial dünyanın basqısının, misgin mühafizəkarlığın insandan aşağı olduğunu gözlər önünə gətirir! Onun poeziyasının estetikası da, ab-havasınındakı fərqliliyi və fərdiliyi də ilk öncə diqqəti çəkən amillərdəndir.

Bunlar poetik keyfiyyət kimi qarşılıqlı vəhdətdə, nəfəs-nəfəsə yaşayırlar... Onun poeziyası həm estetik zövq verir, həm də yeni duyğu, yeni ovqat, bunlarla bahəm yeni fikir yaradır... Həm gündəlik qayğıları, həm ictimai-sosial bəlaları yada salır, həm də bunlardan qurtulmaq hissini də yaratmağa müvəffəq olur... Ən başlıcası, emosional poeziya ilə rasional poeziyanın sintezində oxucusuna aktiv, eləcə də pozitiv, potensial enerji ötürə bilir, fərqli əhval atmosferi yaradır, az qala yaralara məlhəmə dönür...

XXX XXX XXX

Əbülfət Mədətoğlu yaradıcılığının məqsəd və ideyasının məğzi, bizcə onun milli, azərbaycançılıqla çuğlaşan türkçülük qayəsinin ardıcıllığında, xalqın mədəni irsinin müxtəlif sahələrini, bütövlükdə həyat tərzini təcəssüm etdirmək istəyindədir və bizə elə gəlir ki, o, bu istəyinə öz yaradıcılıq imkanları siferasında nail ola bilir...

Yaxşı cəhətin mühüm olanı budur ki, Əbülfət Mədətoğlunun poeziyası heyrətləndirir, güc verir, cəsarət yaradır, sosial boyunduruqdan çıxmağın heç vaxt gec olmadığını, arzuladığın həyatı yaşamaq üçün heç kimin əngəl yarada bilməyəcəyini, Azərbaycan adlanan məmləkətin bütövləşəcəyinə inamı aksiomaya çevirir!..

Maraqlı cəhətlərdən biridə budur ki, Əbülfət ənənəvi mövzulara yeni gözlə baxa bilir, mühit və onun statik qanunlarına, yaşam qaydalarına rəğmən, müxalif olaraq bunların novator estetik yozumunu tapır, təzə bədii ifadə vasitələri ilə süsləyə bilir ki, bu da onun təkrarsız fərdi üslubunu səciyyələndirir... Başqa sözlə, Əbülfət Mədətoğlu Allahdan gələn qığılcımı sözün-şeirin alovuna çevirmək cəhdində bulunur... Zəngin poetik material, min illik genlərimizi, yaddaşımızı oyatmağa qabil söz qığlcımları ilə idarə olunan ifadə və ibarələr bir qədər də, yandırıcı səviyyədə təsirli olur.

Əslində, Əbülfət Mədətoğlunun illər boyu yaradıcılıq fəaliyyətində sənət fədakarlığının bariz nümunəsini görürük... Belə bir ömrü yaşamaq sadə məsələ deyil, illərlə zəhmət çəkərək, sənətin incəliklərini öyrənərək mümkün olur və bu zəhmətə yalnız əsl sənətsevərlər qatlaşa bilərlər...

Əziz qələm dostumuz, tanınmış şair, tədqiqatçı-jurnalist, publisist Əbülfət Mədətoğluna 60 yaşından da sonra 70-də də, 90-da da yeni-yeni sənət fədakarlığı və uğurları arzulayırıq!!!


Bir də onu bilirəm ki, Əbülfət bəy uzun illərdir ki, fasiləsiz olaraq "Ədalət” qəzetində lazımlı və nəcib bir işlə - jurnalist işi ilə məşğul olur!.. Amma, nə olur-olsun. Əbülfət Mədətoğlu ədəbiyyat məkanının adamıdır... Müasir ədəbi prosesi səciyyələndirən şəxsiyyətdir... Mən onda hədsiz impulsiv və emosional, ədəbi gəncliyimizin əksəriyyətinə xas bir enerji müşahidə edirəm... "Ədalət” qəzetinin elə bir sayı yoxdur ki, imzalı-imzasız onun qələminin təndirindən çıxan sözün bərəkətini görməyəsən... Bu "bərəkət” onun sözə sevgisindən və yüksək səmimiyyətindən, nikbin ovqatından mayalanır... Onun, demək olar ki, hər şeirinin sonunda həyatsevər bir intonasiya səslənir... Əbülfətin əksər şeirləri mahiyyətcə, bu mürəkkəb, anlaşılmaz dünyada əsil insan axtarmağa həsr olunub... O, hər şeydən əvvəl İNSANIN – ÖZÜNÜN ruh halını, hiss və həyəcanlarını əks edir, insanın əzab və sınaq dolu həyat yollarından bəhs edir...

XXX XXX XXX

Əbülfətin şeirləri həyatın əsasını təşkil edən real məhəbbətin himnidir. Lirik qəhrəmanın dilindən bu himn paradoksal səslənsə də, sən bu paradoksallığın yaratdığı poetik fəlsəfəni daxilən qəbul edir və bütün bunlara öz həyat fəlsəfən kimi şərik olursan...

Bir mühüm cəhəti də qeyd edim, Əbülfət Mədətoğlu öz ədəbi "eqo”su olan ədibdir. O, bir çox hallarda eksiztensial çıxılmazlıqdan, həməsrinin bulunduğu dərin stressli, gərgin emosional və psixoloji durumdan xilas yolu axtarır. Mühitin sıxıntıları, insanın düşdüyü xaotik situasiya və daxili təlatümlər düyünündən xilas yollarını arayır, axtarır... Uğurlu səmt, xilasedici kəmər tapmayanda dərdə, qəmə qərq olur... Bunu, patetikadan kənar, ənənədən bəhrələnən, amma tamamilə yeni lirizmlə ortaya qoyur...


Yeri gəlmişkən, Əbülfətin lirik qəhrəmanı düşdüyü situasiyalarda təkcə kədərlənib ağrımır, özünə əzab vermir, o həm də özünü fövqəlməqamda görməyi, lazımlılıq missiyası daşıdığını dərk məqamında dayanır və hər iki psixoloji halda o, işıqlı və mərhəmətlidir...

Onun təsvir etdiyi, inandığı İNSAN ehkamdan uzaqdır, illuziyalarla yaşamır və onun xarakteri dərin məna və məzmuna, təbiətin bəxş etdiyi sağlam düşüncəyə, doğru mühakimə qabiliyyətinə malikdir... Onun orjinal poetik təhkiyə ilə təsvir etdiyi obraz həzz üçün yaşamır, zövqə daha çox meyllidir... Olsa-olsa onun poetik qəhrəmanı mükəmməlliyin xiffətini çəkir, ətrafında kamillik və mükəmməllik yoxsulluğu onu qəmləndirir...

Poetik yaradıcılığının istər ideya-məzmun, istərsə də bədii forma axtarışları imkan verir ki, Əbülfət Mədətoğlu bir Azərbaycan ziyalısı kimi ədəbi camedəki yerini bilsin və cəmiyyət qarşısında daşıdığı tarixi məsuliyyətini tərəddüdsüz, dərindən-dərin dərk etsin... Və bu cəhətdən onun öz fenomenologiyası var...

Bir şair-ziyalı kimi Əbülfət Mədətoğlu Azərbaycanın müstəqilliyini, bu müstəqilliyin get-gedə daha da möhkəmlənməsini, ölkənin əzmlə addımladığı demokratik inkişaf yolunu tərənnüm etdiyi kimi, müstəqilliyimizi, inkişafımızı gözü götürməyənləri də qınayır... Dünyaya gəldiyi diyarın – Qarabağın qeyri-adi gözəlliyindən, eşq-məhəbbət hisslərinin müqəddəsliyindən, dostluğa sədaqətdən, insanın mənəvi qüdrətindən yazanda da Əbülfət həmişə səmimidir. Və bu səmimiyyət onun şeirlərindəki poetexnoloji mükəməlliklə ehtiva olmasına imkan verir.


Heç şübhəsiz, poeziyada ənənəvi janrların "dil"i ilə həsbi-hal etmək zahirən adama asan gəlir, ancaq mahiyyətə varanda görürsən ki, bunun da öz çətinliyi var. Ənənəvi və ya klassik janra müraciət tələb edir ki, mövcud poetexnoloji imkanlar sadəcə təkrarlanmasın, həm də yeni əhval-ruhiyyə ifadə etsin, yeni söz deyilsin. Əbülfət Mədətoğlunun klassik şeir formalarında qələmə aldığı əsərlər üçün səciyyəvi əlamətdir ki, müəllif ümumən, "köhnə" janrı öz düşüncələrinin, ovqatının "dil"ində danışdıra bilir, orjinal bədii nümunələr yaradır.

XXX XXX XXX

Faktların dili ilə tanıtım lövhəsi – arayış: Əliyev Əbülfət Mədət oğlu- şair, yazıçı-publisist. 1959-cu il yanvarın 1-də Dağlıq Qarabağın Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra bir müddət fəhlə (1976-1980), "Təşviqatçı" jurnalında korrektor işləmişdir (1980-1981). Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır (1981-1986). Eyni zamanda jurnalist sənətkarlığı kursunu bitirmişdir (1982-1984).

"Araz" qəzetində şöbə müdiri (1986-1988), "Qarabağ" qəzetində (1988-1990) və "Azərbaycan ordusu" qəzetində (1990-1992) müxbir vəzifələrində işləmişdir. Hazırda "Ədalət" qəzetinin baş redaktor müavinidir (1992-ci ildən). Azərbaycan Respublikası Prezidentinin 21.07.2010-cu il tarixli Sərəncamı ilə Əliyev Əbülfət Mədət oğlunaAzərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə"Əməkdar Jurnalist”fəxri adı verilmişdir.

Bədii yaradıcılığa orta məktəb illərindən başlamışdır. İlk mətbu şeri "Kəndim" "Araz" Füzuli rayon qəzetində çap olunmuşdur. Bundan sonra "Azərbaycan", "Ulduz", "Təşviqatçı" jurnallarında, "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Azərbaycan pioneri" qəzetlərində vaxtaşırı çıxış etmişdir. "Səməni nəğməsi", "Nilufər çiçəyi", "Dərdini danışan adam", "Nişanə", "Ehtiyacın elçi daşı", "Döymək istədiyim qapılar", "Allah, məni unutma", "Ürəyimdəki sənsən","Yanan məktub”,"Ağacların şarkısını yapraklar okuyor","Hərgörüşbirümiddir", "Sevgipıçıltıları", "Yananməktublar", "Mənimkimisevəbilsən", "Gözləyənimvar", "Ürəyim sənlə danışır" şeir kitablarıvə"Qəhrəmanİbad", "Zəhmlipolkovnik", "Üfüqdəgörünənadam"sənədlipovestləri və digər kitabları işıq üzü görüb. Türkiyədə - Ankarada, İstanbulda kitabları nəşr olunub... Yazdığı şeirlərə tanınmış bəstəkarRazim Paşayevmusiqilər bəstələyib...


Onun poeziyası vaxtaşırı diqqətdə olub. Görkəmli, tanınmış qələm dostları, tənqidçilər, oxucular onu yaradıcılığı haqqında samballı məqalələr yazıblar, qiymətli fikirlər söyləyiblər. Bəxtiyar Vahabzadə, Nizami Cəfərov, Rüstəm Kamal, Nizami Tağısoy, Vaqif Yusiflinin, eləcə də, Aqil Abbas, Ramiz Rövşən, Tofiq Abdin, Seyran Səxavət, Vaqif Bəhmənli, Qərib Mehdi, Barat Vüsal, Bahar Bərdəlin, Flora Xəlilzadənin və digərlərinin fikirlərinə söykənib bu qənaəti dilə gətirirəm və ədəbi camedə onun qayim-qədim bir missiyanın daşıyıcısı kimi xətir-hörməti, dəyər verilən məqamı var...

XXX XXX XXX

Beləliklə, bu arayışı ümumiləşdirsək, görərik ki, Əbülfət Mədətoğlu keçən əsrin 80-ci illər ədəbi nəslinə mənsubdur.70-ci illərdə ali təhsil alıb, ara-sıra şeirlər yazsa da dövrü mətbuatda ilk şeiri 1981-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub. İlk kitabı isə 1989-cu ildə "Yazıçı" nəşriyyatında işıq üzü görüb. Müstəqillik illəri dövründə isə "özünü təstiq” və "özünü dərk” mərhələsini fəth edərək, poeziya məkanında öz ləyaqətli yaradıcılıq imkanları ilə qərarlaşıb, ədəbi camemizdə öz yurd-yuvasını qurubdur...

Bu faktlardan da göründüyü kimi, Əbülfət Mədətoğlu maraqlı bir ömürlüyə və yardıcılıq yoluna malikdir...

İllərin ələyində
Əridi getdi ömür.
Bir ağrı bələyində -
Kiridi, getdi ömür!

Əli ələ yetməmiş,
Üzündən su getməmiş,
Uşaqlığı bitməmiş -
Yeridi, getdi ömür!

Yar dilin öyrənəndə
Özünə öyrədəndə,
Sevgisin göyərdəndə -
Çürüdü getdi ömür!

Haradasa oxumuşdum ki, insanda nələr həyəcan yaradır? Və bu sualın təxminən cavabı belə idi ki, həyəcan anlayışı özündə müxtəlif mənaları ehtiva edə bilər. Məsələn, həyatın mənasını bilməmək həyəcanı, anlaşılmamaq, başa düşülməmək həyəcanı, istedadlı olub-olmadığını müəyyən edə bilməmək həyəcanı, düzgün seçim etmək, doğru qərar vermək həyəcanı, yadlaşma, unudulma, uğur qazana bilməmə həyəcanı, sevincin, kədərin doğurduğu həyəcan və ən dəhşətlisi ölüm həyəcanı... Bütün bu həyəcanlar daim, yaşadığımız, nəfəs aldığımız, düşündüyümüz hər an bizi təqib edir. Biz özümüz öz təqibimizə məruz qalırıq və poeziya bu həyəcanlar silsiləsini izləyərək bizləri ovundurur. Əbülfətin poeziyası, əslində, insan yaşantılarının – həyəcanlarının poetik ifadəsinin silsiləsidir…

Nə kəndim var, nə evim
Hansı qapını döyüm?!
Neçə günlük qonağam-
Nə bilim, necə deyim?!


Dərt içimdə çayırdı
Dörd yanıma yayıldı...
Günlər ömür sayıldı-
Ağ yuyum, qara geyim!..


Dilimdə Vətən şüar
Dar olubdu, dünyam dar!
Bir loxma şor-çörək var-
Durum, zəhəri yeyim...

Əbülfət "Mən çıxıb gedəcəm” (2015) essesində yazır: "Bütün yazı boyu müxtəlif yanaşmalara söykənib ifadə etməyə çalışdığım fikrin əsas qayəsi insanın arzu olunan və yaxud olunmayan durumudu. Bu da səbəbsiz deyil. Təbii ki, mən bütün səbəbləri öncə hər kəsin özündə, öz əxlaqında, davranışında, həyat tərzində, dünyaya baxışında, xüsusilə adamlara münasibətində görüb, anlayıb, dəyərləndirməyə çalışmışam. Mən istəmişəm ki, özüm özümü olduğum kimi təqdim etməklə qarşı tərəfin münasibətini qazana bilim, nəyə layiqəmsə onu alım.”


O, bu istəyinə nail olur və bu istəyinə nail olmaq üçün Əbülfət orjinal obrazlar, ifadələr tapır, folklor motivlərindən bəhrələnir və ona yeni məna çaları verir. Elə misal gətirdiyimiz essesində yaradıcılığının bu mahiyyətini belə etiraf edir: "Mən zaman-zaman yazılarımın əksəriyyətində xalqdan gələn deyimlərə, inanclara, hətta atalar sözlərinə belə çox böyük önəm vermişəm. Onlardan yerində istifadəyə məqamında yararlanmağa çalışmışam və bunu da özümə mən bir mənəvi, əxlaqi bir borc saymışam, həm də bu mənim üçün bir stimul olubdu. Bilmirəm, bu qənaətimdə nə qədər haqlıyam, amma bildiyim bir məqam var ki, o da yazdıqlarımın hamısını nöqtə-vergülünə qədər ürəyimdən qidalanmasıdı. Yəni mən ürəyimin dediklərini yazmışam. Elə indi də onları yazıram...” Əbülfət sözdən şeir pətəyinə bal, ürəyini kirkirə edib dərd dənindən fikir çəkir:

Gülüb sevinmə, dedin ki,
Arıyam, şirə çəkirəm.
Bilmədin ki, ürəyimdə
Hər gün kirkirə çəkirəm!

Təkcə bircə şeirindəki bir poetik detala diqqət yetirək... Məlum məsələdir ki, yaylığı günə sərərlər, günü isə harasa sərmək olmaz. Amma bu ifadəni Əbülfət Günəş mənasında yox, yaşadığımız gün mənasında işlədir, hər iki mənanın qovuşuğundan "Günü hədər yaşadıq” ifadəsini "Günü sərib hədərə” təkin orjinal ifadə-obraz yaradır, "Qədərə boyun əymək” fikri də inancımızdan gəlir, sonra nağıllrımızda olan "Yeddi qardaşın bir bacısı” olmaq xoşbəxtliyini "kədər”i ipək tülünə bürüyərək "Əbülfəti yaşatmaq əlacı” olan sevginin "yeddi qardaş (yeddi təbəqə) kədərə bir bacı olan sevgisinin bitdiyini – qurtardığını sözün bədii-poetik məqamında belə təqdim edir:

Günü sərib hədərə
Boyun əydi qədərə...
Yeddi qardaş kədərə -
Bir bacı - sevgi bitdi...

Ümumiyyətlə, Əbülfət Mədətoğlunun bu ahıl yaşa qədəm qoyduğu illərdə belə, bir gənclik eşqi, ehtirası ilə, heç bir ərgənin yaşaya bilmədiyi sevgi, məhəbbət hisslərini, duyğularını orjinal, təp-təzə, olduqca təsirli, oxucusunu həyəcanlandıran poetik fakta çevirməsi heyrətlə bərabər, xüsusi rəğbət doğurur. O sanki, XXI əsrdə sevginin, məhəbbətin yeni ladda, yeni müstəvidə məna çələngini yaradır, onun fəlsəfəsini açır, sanki, müasir gənclərə sirayət etdirmək istəyir ki, əsil məhəbbət budur və sevirsənsə belə sev, belə sevin, belə əzab çək, kədərdən cild-cild "Ümid” kitabı yarat, məhəbbətdən yaranan kədəri "qana düşsən də” müqəddəs kədər kimi yaşa:

Sən bütün ümidlərin
Qapısın kilidlədin.
Qopmuş vərəqlərini
Topladın, cilidlədin -
kədərin...

...Bu sevginin hər anı
Məni aldı qoynuna.
Yerdə qoyma bu qanı
Sən onu yıx boynuna -
kədərin...
XXX XXX XXX
Əbülfəti "Sevgi planetinin şairi” adlandırıblar (Barat Vüsal). Əbülfətin məhəbbət lirikası təsirlidir, yeni ovqatdadır, Füzuli babasının məhəbbət lirikasının XXI əsrdə yeni janrda, yeni təşbeh və bənzətmələrdə yeni təzahürüdür. (Deyəsən, "yeni” sözünü çox işlətdim və bu mənlik olmadı...).

Əbülfətin bu janrda yazdığı şeirlərin heç birindən yan keçmək olmur, hansına göz yetirirsən, hansına əl uzadırsan səni ovsunlayır... İstəyirsən iki misra, bir bənd misal gətirəsən, bu da mümkün olmur, gərək şeiri bütöv gətirəsən, bu da məqaləyə sığmır...

Əbülfətin məhəbbət elçisi ürəyi olduğu kimi ("Halım, günüm ortadadı, Gün verəydin, gün görəydim. ...Ürəyim ki, elçin olub, Özgə kimi göndərəydim?!) mən də onun məhəbbət lirikasının oxuculara elçiliyini edirəm, yaxşısı budur, özünüz oxuyun... Onun poeziyasının pərdəsini qaldırıb, özü dediyi kimi, ruhunun gözünə baxın:

Pərdəsin qaldırıb cismin
Ruhunun gözünə baxdım...
Kirpiyində damla idim -
Yanağın aşağı axdım...

Oxucular, əsasən də gənclər Əbülfətin "Cəzayam sevdiyim qıza” (2017) şeirlər kitabını oxusalar, güman edirəm ki, mənə haqq qazandırarlar... Necə ki, bu kitab barəsində məqalə yazan, tanınmış yazıçı-jurnalist Flora Xəlilzadənin bu fikirlərinə mən haqq qazandırıram və Əbülfətin şeirlərini oxuyanda təxminən, yox, eləcə eyni hissləri mən də keçirirəm: "Həmişəki kimi şair qardaşım məni yenə kövrəldə-kövrəldə heyrətləndirdi. Onsuz da bilirdim ki, Əbülfətin şeirləri yenə ruhumu titrədəcək. Nə gizlədim, Əbülfətin şeirlərini sakit ürəklə oxuduğum yadıma gəlmir. Onun şeirlərində həmişə ruhumun çırpıntısını eşitmişəm.” Bəli, Əbülfətin şeirləri eləcə, öz yazdığı bu bənddəki obraz kimidir, təmiz, məsum və "yaxasını yel belə açmayan” bakirə:

Hələ mürgülüdü bu qız,
Hələ yuxusu qaçmayıb.
Hələ kirpiyi şehlidi,
Meh də yaxasın açmayıb.

Onun bir şox şeirləri, elə məhəbbət mövzulu, təbiət mövzulu şeirləri də, ictimai məzmun kəsb edir, şairin poetik üzüntülərinə çevrilir, yaşadığı acıların, müşahidə etdiyi haqsızlıqların əzabını daşıyır:

Yoruldum ürəyimin

Qarşısında durmaqdan.

And içib sağ əlimi–

Mən üzümə vurmaqdan.

Yoruldum bağışlanıb

Güzəştlərdən sınmaqdan...

Yoruldum sevilməyib–

İçimdə qırılmaqdan!

Yoruldum arzuları

Özümlə daşımaqdan...

Puç olan xəyal yüklü–

Həyatı yaşamaqdan.

Əbülfət həyata, dünyaya, insanlara, mühitə, ətrafına, ürəyindəki "ismi pünhana” sevgi şairidir, məhəbbət şairidir. Düşündürən saf duyğular şairidir. Mərhum xalq şairi Zəlimxan Yaqub onun şeirlərinin bu cəhətini belə mənalandırmışdı: "Uca tanrı sevgini insanlara dünyanı dərk etmək üçün göndərib, göndərib ki, insan həmişə diri və duru, pak və təmiz, zərif və həssas olmağı, öz gəlişiylə dünyanı gözəlləşdirməyi bacarsın. "Min Əbülfət qəlpələnsin ki, bir məhəbbət var ola bilsin.” Yer üstə möhkəm dayanmaq üçün də, göy üzünün qapısını açmaq üçün də insana-xüsusən də şairə böyük sevgi gərəkdi.”

Əbülfət Mədətoğlu böyük sevginin qədrini bilən, onu yaşayan, onu müqəddəsləşdirən real, həyatdan nəşvü-nüma tapan sevginin, məhəbbətin poetik tərcümanıdır. Əbülfət müasir dövrün məhəbbətinin Məcnun qəhrəmanıdır – Məcnunudur və bunu onun məhəbbət lirikası da, özü də təsdiq edir:

Özümü Məcnun bildim, –
Bitməyən dərdə dözümdə…
Bir şair gözümdə öldü –
Bir sevən isə özümdə!..

Birdən də Şeyx Sənan tipinə dönür:

Batıb aha, günaha,
Əlin açıb Allaha…
Dinindən dönüb daha –
Bax, keşişdi ürəyim.

Əbülfət "Ürəyim sevgi kitabı”dır - deyir… Həqiqətən də bu belədir!! Məhəbbət, istək, vurğunluq, səmimiyyət onun şəxsiyyətinin və poeziyasının canıdır, qanıdır, "içindəki səsdir”, "aldığı nəfəsdir”, "sabaha həvəsi”dir:

İçimdəki səsdi O,
Aldığım nəfəsdi O…
Sabaha həvəsdi O –
Ruhumda, canımdadı…


Əbülfət Mədətoğlu "Zaman yükü”(2018) – esse-məqaləsində yazır: "Hər zamanın öz yükü var. Bu yük zamanın boynunda olmur... ovcunda olmur.. Heç onun harda yerləşdiyini, harda əyləşdiyini də bilmək mümkün deyil. Bircə o bəllidir ki, zaman öz yükünü bizlərə yükləyir. Və biz də bu zamanın içərisində olduğumuzdan o yükü daşıyıb aparmaq zorundayıq nəfəsimiz çatan yerə qədər...” Əbülfət də, zamanın – poeziyanın yükünü bir Sizif inadkarlığı ilə çiynində, yəni ki, qələmində daşıyan, ələm üstünə cəsarətlə gedən şairdir:

Mən çırpıb tökürəm fikir yükümü

Kağız üzərinə, qələm üstünə...

Hər gün də gedirəm gözüyümülü -

Fərqinə varmadan ələm üstünə!..

XXX XXX XXX

Əbülfətin şeirləri, dediyimiz kimi, assosiativ lirikadır, yəni hər bir oxucusunda uyğun ruh, əhval, yozum oyadan lirikadır… Oxucuya da, tənqidçiyə də fikri-hissi improvizə imkanları açan lirikadır… O SÖZƏ səcdə edir, SÖZÜ Tanrı məqamında görür:

Gedim sözün dalınca
Nökər kimi, şah kimi.
Səcdəsində dayanım,
Sözün də Allah kimi!

Və yaxud, SÖZün əbədiyyət funksiyasını İmadəddin Nəsimi babası sayağı, o ritmdə, o avazda belə dərk edir:

... İçimdə söz, sözdə mənəm,

"OL", oldan əvvəlki sözdənəm,

Söz ölməsə mən ölmərəm,

Gəldim sözlə sağ qalmağa.

Elə bu keyfiyyətinə görə Əbülfət Mədətoğlunun son mərhələ poeziyası həmişə oxucu diqqətində olur və Əbülfət bir çox qeyriləri kimi, düşünürəm ki, oxucu qıtlığı çəkmir, oxucuların kumirinə çevrilən sənət adamıdır…

Dan yeri ləng sökülür

Mən necə görüm səni...

Günəş yatanda Ay ol -

Mən gecə görüm səni...

Məsələn, bu bəndin (təkcə bu bənddəmi?!) min-bir oxucusunda min bir yozum, min bir çözüm, duyğu, hiss yarana bilər… Və yəqin ki, yaxşı şeirin magik yükü, enerjisi də buradadır… Poetik sözün sonsuz, sərhədsiz yozumunun, çözümünün sirri də buradadır… Əbülfət üçün poeziya, şeir Tanrı pıçıltılarıdır: