NAZiM HiKMƏT, QAYITMA, TUTACAQLAR!

AQİL ABBAS
24595 | 2009-01-14 00:38
Sağ olsun Türkiyə hökuməti, axır ki, şəhidlərin çiyninə qalxaraq yüksələn və yüksəldikcə də Türkiyəni özü ilə çiyinlərində yüksəldən Nazim Hikməti "bağışladı". Amma Allahdan başqa heç kəs bilə bilməz ki, Nazim Hikmət Türkiyəni bağışlayıb, yoxsa yox?! İndi hətta ölümün adil olmadığını, bir şahla fəqiri eyni həşəmətlə vurmadığını deyən şairin nəşini Türkiyəyə gətirməyi planlaşdırırlar.
   
   İndi Türkiyədə 37-ci ildi. Tuthatutdu. Az qala məmləkətdə nə qədər sayılan kişi var, hamısını tutub yığırlar vaxtilə Nazim Hikmət kimi bir kişini (türkiyəli qardaşlarımızın nəzərinə - "kişi" sözünü osmanlıcadakı kimi anlamayın, bizim türkcədə anlayın) basdırdıqları yerə, yəni həbsxanalara. Sən filan vaxtı filan sözü demisən, filankəsə salam vermisən, filankəslə telefonla danışmısan, bərkdən asqırmısan, hökumətin əleyhinə danışmısan və sair və ilaxır, it gəldi örkən apardı. Özü də bu kişilərin 90 faizi ömrünü ASALA və PKK ilə mübarizəyə sərf eləyib, Türkiyəni bölünməkdən qoruyub, bölücülərdən qoruyub, terrordan qoruyub. PKK terrorçuları ilə mübarizədə zəiflik göstərən hökumət ilğımlarla böyük bir mübarizəyə başlayıb. Və ən maraqlısı budur ki, Türkiyənin böyük elm adamlarını və məşhur jurnalistləri də həbs edib yığırlar ağzıbirə.
   
   Qəribə bir iş. Deyək ki, Azərbaycanda bir jurnalist həbs olunanda Avropada Qross-mros qalmır, hamısı at ilxısı, köpək sürüsü tökülürlər Azərbaycana. Amerikada vay-şivən qoparırlar ki, Azərbaycanda azad söz boğulur. Amma Türkiyədə ona yaxın dünyanın tanıdığı jurnalisti (hələ alimləri demirəm) tuturlar, nə Amerikada reaksiya var, nə Avropada. Çox sadədi, güman ki, bu sifariş ABŞ-dan və Avropadan gəlib, ona görə.
   
   Nə isə. Türkiyə hökuməti özü bilər kimi tutur, kimi buraxır, kimlə dingildəşir, kimlə cikkildəşir. Təbii ki, biz qardaş ölkənin iç işlərinə qarışmırıq. Yeri gəlmişkən, bizim bəzi qəzetlər vurhavur Azərbaycanı da bu olaya qarışdırmağa çalışırlar. Məqsədləri başa düşülən deyil. Vəli Kiçiyə və ya hansısa bir generala salam vermək, hansısa bir tədbirdə onunla bir yerdə iştirak eləmək o demək deyil ki, sən də hansısa işlərə bulaşmısan. Amma bizim qəzetlər Azərbaycanı bu işlərə bulaşdırmağa çalışırlar. Bəlkə bu da Avropadan gələn bir sifarişdi?!
   
   Mənim yazımın başqa məqsədi var: Nazim Hikməti çox sevirəm. Və mənə elə gəlir ki, XX əsrdə dünyada Nazim Hikmətdən böyük şair yoxdu. Və fəxr eləyirəm ki, Nazim Hikmət də bizim millətin oğludu. Ruslar Dosto-yevskiylə, ingilislər Şekspirlə, almanlar Nitsşeylə fəxr elədiyi kimi mən də Nazimlə fəxr eləyirəm. Və bu kişi bütün ömrü boyu əzab və işgəncələr içində yaşayıb, ağrı-acılar içində yaşayıb. Öləndən sonra bir az rahat nəfəs alıb. İndi qorxuram qayıda Türkiyəyə, yenidən məmləkəti onun infarktına çevrilə və yenidən əzab və işgəncələr...
   
   Nazim Hikmət, qayıtma, arkadaş! Qayıdan kimi səni tutacaqlar. Sənin hələ məmləkətinə qayıtmağa çox var. Sən məmləkətə onda qayıdarsan ki, o məmləkət sənin olar, o məmləkət türklərin olar. O məmləkət hələ sənin deyil. Hələ ABŞ-ındı!
   
   Qayıtma, arkadaş! And olsun infarktına, qayıdan kimi səni tutacaqlar!
   
   

TƏQVİM / ARXİV